Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Putinin səhvi barədə: “Heç bir lider “mən səhv etdim” demir"
Ərdoğan Putinin səhvi barədə: “Heç bir lider “mən səhv etdim” demir"

Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyası üçün getdiyi Nyu Yorkda ABŞ-ın aparıcı televiziya kanallarından olan PBS-ə danışan Ərdoğan bir çox mövzuda açıqlamalar verib. PBS internet saytında da yayımlanan çıxışın mətnində Ərdoğanın açıqlamalarını tərcüməçisi vasitəsilə verdiyi, Ərdoğanın isə xarici siyasət, dünya gündəmi və Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr etdiyi bildirilib.

Bizimyol.info xəbər verir ki, “Rusiya -Ukrayna müharibəsində hansı tərəf üstündür” sualına prezident Ərdoğan, “Bir lider olaraq “Rusiya daha təsirli, yoxsa Ukrayna daha təsirli axtarışında deyiləm. Bizim yeganə arzumuz bu müharibənin sülh yolu ilə bitməsidir. Bu mənim həm cənab Putinə, həm də cənab Zelenskiyə xahişim və tövsiyəm olub. İnsanların ölümü ilə bitən müharibənin qalibi yoxdur”,- deyə cavab verib.

Türkiyə Prezidenti Ərdoğan bir neçə həftə əvvəl “Taxıl dəhlizi müqaviləsində aldandıq. Taxılları inkişaf etmiş ölkələrə göndərirlər, yoxsul və inkişaf etməmiş ölkələrə göndərmirlər”,- deyə o, Rusiya prezidenti Putinin bəyanatlarını dəstəkləyib.

Ərdoğan, “oradan 2 milyon tonu keçən və 3 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edildi. Təbii ki, burada yeganə istəyim məhsulu inkişaf etmiş ölkələrə deyil, inkişaf etməmiş və ya yoxsul ölkələrə göndərməkdir”,- deyə bildirib.

“Rusiya-Ukrayna müharibəsini necə tez bitirmək olar” sualına Ərdoğan Rusiyanın münasibətinin burada çox önəmli olduğunu bildirib.

Özbəkistanda Rusiya prezidenti Vladimir Putinlə geniş görüşlər keçirdiyini xatırladan Ərdoğan “anladım ki, əslində bu işi tez bir zamanda bitirməyə çalışırlar. Bu gedişlə bağlı problem böyükdür”,- deyib.

Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün burada alınan yerlərin geri qaytarılmasının böyük əhəmiyyət daşıdığını bildirən Ərdoğan “istənilən və gözlənilən budur. Bununla bağlı cənab Quterreşin və bizim atdığımız addımlar var. Bu addımlarla gözlədiyimiz nəticələri təmin etmək işimizi həqiqətən asanlaşdırar”,- deyə əlavə edib.

2014-cü ildən bəri Rusiya prezidenti Putindən Krımı sahiblərinə verməsini istədiklərini açıqlayan Ərdoğan “əgər bu addımı atsanız, bizi də, Ukraynanı da, Krım tatarlarını da rahatlaşdırarsınız dedik. Amma təəssüf ki, o vaxtdan bəri orada heç bir addım atılmayıb”,-deyib.

"Sizcə, Putin Ukrayna xalqının özünü müdafiə etmək iradəsini lazımi səviyyədə qiymətləndirməyərək səhv hesabladığını bilirmi?" sualına cavab olaraq Ərdoğan deyib: “Heç bir lider “mən səhv etdim” demir. Bunu görməlisən. Təbii ki, bunları söyləyərkən eyni şeyi Ukrayna üçün də nəzərə almaq lazımdır. Təbii ki, liderlər tutduqları yoldan geri qayıtmaqda çətinlik çəkən insanlardır. Hazırda təkcə Polşada 3 milyondan çox ukraynalı qaçqın var. Avropanın bir çox ölkələrinə, hətta bizə də gələn ukraynalı mühacirlər var. Bütün bunları nəzərə alsaq, hazırda Ukraynanı 5 milyona yaxın immiqrant tərk edib. Təbii ki, bir lider üçün bu işə arxalanmaq, yəni 35-36 milyon əhalisi olan Ukraynadan bu qədər insanın getməsi asan məsələ deyil. Bunu izah etmək lider üçün asan deyil. Lakin liderlər buna asanlıqla peşman olmurlar”,- deyə cavab verib.

"Görəsən, BMT-nin araşdırması zamanı bu vəhşiliklərin Rusiya əsgərləri tərəfindən törədildiyi sübuta yetirilərsə, Putin məsuliyyət daşımalıdırmı?" sualına Ərdoğan deyib: “Belə bir vəziyyət yaranan kimi Putin bununla bağlı lazımi mövqeyini ortaya qoyacaq. Odur ki, indiki məqamda Putini tamam başqa bir insan kimi görmək doğru olmazdı. Çünki birinci dərəcədə öz ölkəsinin mənafeyini müdafiə edən və onun uğrunda mübarizə aparan lider mövqeyindədir.

Hazırda bu iki ölkənin müharibəsində cənab Putin və cənab Zelenski ilə ətraflı danışıqlar aparırıq. Eyni şəkildə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi də cənab Putin və cənab Zelenski ilə görüşlərini davam etdirir. Bu nə deməkdir? Nəticə əldə etmək istəyiriksə, bir liderin tərəfində olmaqla deyil, hər iki liderlə danışıqlar apararaq nəticəyə gəlməyə çalışmalıyıq. Amma görmək lazımdır ki, təkcə Ukrayna tərəfində deyil, Rusiya tərəfində də çoxlu sayda insan ölür”.

Verilişin aparıcısının “Ancaq Rusiya işğal etdi” şərhinə Ərdoğan “bu, ayrı bir məsələdir. Təbii ki, bunlar hələ bu müharibə başlamazdan əvvəl baş vermiş və müharibə ilə birlikdə daha da inkişaf etmişdi. Son zamanlar bir qədər geriləmə var. Amma dediyim kimi, xüsusilə Birləşmiş Millətlər Təşkilatının öz üzərinə düşən vəzifəni tez yerinə yetirməsi, nəticəsini izah etməsi lazımdır. Bu nəticəyə əsaslanaraq, münasibətimizi tam şəkildə ortaya qoymalıyıq. Ona görə də, məsələn, biz indi girov böhranını həll etməyə çalışırıq, addımlar atırıq və müəyyən nöqtəyə gəlmişik. Digər tərəfdən, biz taxıl dəhlizi ilə bağlı addımları buna əsaslanaraq atdıq. Biz orada müəyyən bir nəticəyə gəlmişik. Beləliklə, “birini tamamilə atın, digərini kənara qoyun” deyə bir şey yoxdur”.

“Sizin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətiniz var. Bu təşkilatda Rusiya, Çin, İran var. Bu, NATO-dan çox fərqli dəyərlərə və məqsədlərə malik bir təşkilatdır. Ölkənizin şərqin, yoxsa qərbin bir hissəsi olmasını istəyirsiniz?” sualına cavab olaraq Ərdoğan Avropa Birliyinə reaksiya verib.

“Çox açıq deməliyəm ki, biz dünyanın bir parçasıyıq; nə şərq, nə qərb... Bizim üçün coğrafi baxımdan ölkəmizin böyük bir hissəsi şərqə aiddir. Qərb hissəsi isə ayrıdır. Amma Avropa Birliyi 52 ildir bizi süründürür. Təəssüf ki, 52 ildir ki, Avropa Birliyi bizi üzv qəbul etmir. Avropa Bizrliyində bizim vəziyyətdə olan ikinci ölkə yoxdur. Hələ də dayanmağa davam edirlər. Halbuki biz NATO ölkəsiyik. Biz NATO ölkəsi olsaq da, hətta NATO ölkələri bizi Avropa Birliyi prosesində ləngidir. NATO daxilində verdiyimiz dəstəklə ilk beşliyə daxil olan ölkəyik. Bizim NATO-da belə bir mövqeyimiz var”,- deyə o, bildirib.

“Sizcə Türkiyə-ABŞ münasibətləri indi necədir?”  sualına Prezident Ərdoğan belə cavab verib: “İdeal vəziyyətdə olduğunu deyə bilmərəm. Çünki hazırda Amerika ilə xarici ticarət həcmimiz bu səviyyədə olmamalıdır. Tramp dövründə müəyyən etdiyimiz bir rəqəm var idi. Amma təəssüf ki, hazırda çox geridəyik.

Biz müdafiə sənayesini yaxşı bir yerə köçürməliyik. Məsələn, bizim F-16 məsələmiz var. F-16-nı sizdən almışıq, qalanları da gəlməlidir. Ancaq iki dost ölkənin siyasi yanaşma ilə qərar verməsi və yenə də F-16 məsələsi ilə bağlı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi çox yanlışdır. Nəhayət, cənab Bayden mənə bunu həll edəcəyini vəd etdi. Bilirəm ki, Bayden hazırda buna müsbət baxır. Hətta respublikaçılarla da danışıqlarımız olub və onlar buna müsbət baxacaqlarını bildiriblər”, - deyə o bildirib.

“Türkiyə olaraq İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə həmişəlik mane olmaq niyyətiniz varmı?” sualına Ərdoğan “Bunu bir dəfə görmək lazımdır, burada, xüsusilə İsveç, az qala terrorun inkubatorudur” deyib.

"İsveç və Finlandiya sizin istədiyinizi etməsələr, siz onların NATO-ya üzvlüyünə mane olmaq fikrindəsinizmi?" sualına Ərdoğan suala “NATO üzvlərindən hər hansı birinin bu məsələ ilə bağlı mənfi cavabı onsuz da bu girişə mane olur” sözləri ilə cavab verib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »