Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya hərbçiləri içəndə bir-birinə hücum çəkirdi”
“Rusiya hərbçiləri içəndə bir-birinə hücum çəkirdi”

Ukraynanın Balakleya şəhəri sentyabrın 8-də işğaldan azad olunub. Burada həyat yavaş-yavaş axarına düşür. Amma şəhər sakinləri altı aylıq işğal dövrünün travmalarını unutmayıb. Belorus jurnalistlərlə danışan Yelena adlı qadın çox dəhşətin şahidi olduğunu deyib.

Bizimyol.info xəbər verir ki, 56 yaşlı Balakleya sakini gördüklərini qələmə alıb, qeydlər aparıb. Ukraynalı qadın nadir hallarda evdə işıq olduğunu, televizora baxdıqlarını yazıb. Yeganə radio dalğasında həmişə təbliğat mətni səsləndirilirmiş. Sakinləri rusiyalı hərbçilərdən qorxmamağa, kömək üçün yaxınlaşmağa çağırırlarmış.

Yelenanın dediyinə görə, adətən, küçəyə günün birinci yarısında çıxırmış. O, mümkün qədər tez hərəkət etməyə çalışırmış. Ukraynca danışanlar şübhəli şəxs sayılırmış. Buna görə rusca danışmağa çalışıblar.

Şəhərin müxtəlif yerlərində postlar qurulubmuş. Sakinlər orada mütləq pasport göstərməliymiş. Yelenanı daha çox Buryatiyadan gələn hərbçilər qorxuya salırmış.

Kişilər küçədə az görünməyə çalışırmış. Çünki rusiyalı hərbçilər hər şeyə ilişə bilərdilər. Qolundakı döymə Ukrayna dövlətçiliyinin rəmzi olarsa, həmin şəxsin yoxa çıxması təbii görünürdü.

Yelena etiraf edir ki, şəhərdə Kreml qoşunları ilə əməkdaşlıq edənlər az olmayıb. Xüsusilə yaşlılar Rusiya propaqandasına uduzurmuş. İşğalın ilk günlərində Rusiya əleyhinə nəsə paylaşanları internet ünvanları ilə tapırlarmış. Həmin şəxslərin başına torba keçirərək polis bölməsinin zirzəmisinə aparırlarmış. Oradan saxlanılanların işgəncələrə görə qışqırığını qonşular aydın eşidirmiş.

“Buryatiyadan gələn hərbçilər hər şeyi oğurlayırdılar. Hətta mikrodalğalı sobaları, elektrik çaydanları. Evlərə girib vay-fay tələb edirdilər ki, yaxınlarına zəng vursunlar. Bir atı doğramışdılar.

İçəndən sonra bir-birinin üstünə hücum çəkirdilər. Vəziyyə ağırlaşanda biz qonşunun bağ evinə köçdük. Oradan şəhər administrasiyasından asılmış Rusiya bayrağı görünürdü. Mən bizim bayrağın geri qayıdacağını səbirsizliklə gözləyirdim”.

Balakleya sakini bildirir ki, bəzən 10 gün ardıcıl işıq olmurmuş. Su yoxa çıxanda vəziyyət lap ağırlaşıb. İnsanlar yuyunmağa, duş almağa su tapmırmış. İşğalın lap əvvəlində çörək qəhətə çəkilib. Quru qarğıdalı tapanda sevinirlərmiş.

“Rusiyalı hərbçilər kəndlərdə donuzları öldürüb, ətin kilosunu camaata 80 qrivendən satırdılar. Kimin bostanı vardısa, həyatda qala bilirdi. Avqustda şəhərdə rus pulları görünməyə başladı. Atam pensiyasını rublla aldı. Tez xərclədik, bu pulların evdə qalmasını istəmirdik”.

Ukrayna silahlı qüvvələri yaxınlaşdıqca rusiyalı hərbçilər təşvişə düşüb. Onlar zirzəmilərdə gizlənməyə, mülki geyimdə gəzməyə başlayıb. Ukraynalı döyüşçülər Balakleya küçələrində görünəndə hamı onları qucaqlayıb ağlayırmış. Döyüşçülərdən biri beləcə də deyib: “Biz həmişəlik gəlmişik”.

Balakleya sakinləri evlərinə qayıdır. Yelena müharibənin hələ bitmədiyini anlayır. Amma indi özünü xeyli azad hiss edir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »