Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan mətbuatı Afinanın "Türkiyə planı"nı açıqlayıb
Yunanıstan mətbuatı Afinanın "Türkiyə planı"nı açıqlayıb

Yunanıstan cəbhəsindən gələn açıqlamalarla bir müddətdir kki, Ankara-Afina xəttində gərginlik artır. Dünya BMT-nin Nyu Yorkda keçiriləcək Zirvə Toplantısını gözləyərkən, Yunanıstan mətbuatından diqqətçəkən bir xəbər gəlib.

Bizimyol.info xəbər verir ki, Yunanıstanın CNN telekanalı hökumət başçısı Kiriakos Mitsotakisin “Türkiyə planı”nı qalmaqallı başlıq ilə oxucularına açıqlayıb.

Türkiyənin cəhdlərini “təxribat” kimi qiymətləndirən xəbər portalı “Afinanın qonşusu ilə münasibətlərində yaranan yeni böhranla mübarizə aparmaq üçün iki istiqamətli bir yanaşma mənimsədiyini” iddia edib.

Xəbərdə Afinanın Nyu Yorkda izləyəcəyi taktika bu ifadələrlə oxucuya çatdırılıb: “Yunanıstan hökuməti bu gün Nyu Yorkda Türkiyə təxribatı ilə bağlı məlumat kampaniyasına başlasa da, Mitsotakis və Dendias Türkiyənin getdikcə yüksələn ritorikasına diplomatik cavab verməyə hazırlaşır”.

“CNN Yunanıstan” “Mitsotakis bir tərəfdən Türkiyə siyasətçilərinin döyüş hayqırtılarını və anekdot ifadələrini cavabsız qoymadı, digər tərəfdən də məsələni hər fürsətdə beynəlxalq arenaya çıxardı”, - deyə yazıb.

Xəbərdə Miçotakisin Türkiyə Prezidenti Ərdoğandan sonra ümumi qurultayda çıxış edəcəyi və bunun Yunanıstan baş nazirinə cavab hüququ verəcəyini vurğulanıb.

Xatırladaq ki, Yunanıstanın baş naziri Mitsotakisin ABŞ-da verdiyi bəyanatdan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib.

Mitsotakis ad çəkmədən Türkiyəyə toxunaraq “Yunanıstan qonşularına dostluq əlini uzadır. Bununla belə, suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərində dərhal dayandırılmalı olan uçuşlara dözməyəcəyik. Sizdən, Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alsınlar”,- deyə bildirib.

Mitsotakis bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.

Bundan əlavə, Yunanıstanın baş nazirinin “Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir çox çəkdiyi və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam” sözləri ayaqda alqışlanıb.

Mitsotakis Avropa Xalq Partiyasının 27-ci Konqresi çərçivəsində Rotterdamda keçirilən paneldə də Türkiyə əleyhinə açıqlamalar verib.

Yunanıstan mətbuatının yazdığına görə Mitsotakis Türkiyəyə toxunaraq “Gərginlik dövründə yaşayırıq, tarixdə revizionizmin yeni versiyasına, itirilmiş imperiyalarla bağlı fantaziyalara və beynəlxalq hüquqa uyğun gəlməyən güc nümayişinə dözə bilmərik. Biz suveren hüquqlarımızın pozulmasına razı olmayacağıq. Hazırda NATO-nun cənub-şərq cinahında bizə lazım olan son şey gərginlikdir”,- deyib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »