Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şəhidin Uca Allah yanında bizim üçün dərkedilməz dərəcələri var"
"Şəhidin Uca Allah yanında bizim üçün dərkedilməz dərəcələri var"

Şəhidlik zirvəsi. Bu elə bir zirvədir ki... Uca, ilahi, günahsız və məsum bir zirvə. Vətənimizin bu ağır günlərində Şəhidlik zirvəsinin İslam dinində yeri haqqında yazmaq istədim. İstədim ki, az da olsa, şəhid analarının ürəyinə su çiləyə bilim. Çünki övlad itirmək ağır dərddir. Amma kiçik bir təsəlli, kiçik bir ümid və ya onun yerinin fərqli olması insanda az olsa yaşamağa güc yaradır. Şəhid anaları bu yazı sizin üçündür...

“Şəhidin Uca Allah yanında çox böyük və bizim şüurumuz tərəfindən dərkedilməz sonsuz dərəcələri var. Buna görə də şəhidlər haqqında nə qədər yazılar yazılsa, onların barəsində nə qədər nitq və xütbələr söylənilsə, yenə də o uca məqamı tərif etməkdə qələm və dil aciz olar”.

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev danışıb. O, qeyd edir ki, şəhid sözünün leksik mənası “hazır olan” deməkdir. Bu mənanı ona görə daşıyır ki, şəhidlər heç vaxt yox olmurlar hər an hazırdırlar, ölməyib diridirlər, unudulmayıb yaddaşlara həkk olunublar. Bildiyimiz kimi, Uca Allahın adlarından biri “əş-Şəhid”dir. Mənası Allah-Təalanın elmindən heç bir şeyin gizli qalmaması, yaxud da o Uca Rəbbin hər yerdə hazır olmasıdır. Allah-Təalanın şəhidlərə Öz mübarək adını verməsi onların necə əlçatmaz məqama sahib olmalarını göstərir.

İbrahim Quliyev İbrahim Quliyev

“Qurani-Kərimdə şəhidlərin məqamını tanıtmaq üçün “əl-Bəqərə” surəsinin 154-cü ayəsində belə buyurulur: “Allah yolunda öldürülənlərə “ölülər”­ deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz”. Digər bir ayədə - “Ali-İmran” surəsinin 169-cu ayəsində şəhidlərin axirət dünyasındakı məqamları haqqında daha da geniş məlumat verərək buyurmuşdur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”.

Şəhidliyin dərəcəsi haqqında Həzrət Peyğəmbərin və Əhli-beyt imamlarının mübarək kalamlarında çoxsaylı xəbər vardır. Allahın Rəsulu hədislərinin birində “Şəhidin Uca allahın yanında altı məqamı vardır: Qanı yerə düşməmiş günahları bağışlanar, Cənnətdə ona məqam verilər, ona iman paltarı geyindirilər, Cənnət huriləri ilə evləndirilər, qəbir əzabını görməz, qiyamət gününün qorxusundan amanda olar. Elə ki, Qiyamət günü oldu, onun başına yaqutdan vüqar tacı qoular. Bu tac dünya və orada olanlardan daha xeyirlidir”, - deyə buyurur. O, digər bir hədisində isə şəhidlərin şəhadət zamanı aldıqları zövqü bir daha almalarını və mələklərin onları necə xoşüzlə qarşılamalarını yenidən görmək üçün bir də dünyaya qayıtmaq istədiklərini və dəfələrlə şəhadət şərbətini içmək eşqində olduqlarını bildirərək buyurmuşdur: “Elə bir şəhid yoxdur ki, şəhid olub Cənnətə girərkən yenidən dünyaya qayıtmaq istəməsin. Onun üçün dünyada şəhid olmaqdan üstün heç nə yoxdur. Şəhid dünyaya qayıtmaq və on dəfə qətlə yetirilməsini istəyər ki, Uca Allahın kəramətindən bəhrələnsin” - deyə ilahiyyatçı qeyd edib. Onun sözlərinə görə, İmam Əli öz mübarək kəlamlarının birində şəhidlik dərəcəsinin hər kəsə nəsib olmadığını, onu yalnız dua və razı-niyaz vasitəsi ilə əldə etməyin mümkünlüyünü, o dərəcəyə yalnız xoşbəxt insanların çata biləcəklərini dilə gətirərək buyurub: “Allah-Təaladan şəhidlərin məqamını, xoşbəxt insanlarla yaşamağı və peyğəmbərlərlə yanaşı olmağı diləyirik”.

“Yuxarıda qeyd etdiyimiz bu və ya digər ayə və hədislər onu göstərir ki, şəhidlərin Uca Allah yanında saysız-hesabsız yüksək dərəcələri vardır. Şəhidlər Allah-Təalanın yanında ən əziz bəndələrdən olduqlarından ruhları bədəndən çıxar-çıxmaz bütün günahları bağışlanar, dərhal Cənnətə daxil edilər axirət dünyasının qorxulu işlərindən amanda olarlar. Həmçinin İmam Əlinin hədisi onu göstərir ki, hər bir insan özünə dua edərkən şəhidlik dərəcəsinə yüksəlməsini də Uca Allahdan umsun və diləsin. Çünki bu məqam Allah-Təalanın yanında son dərəcə ali bir məqamdır. Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyir, bizim də bu yolun davamçılarından olmağımızı istəyirik! Uca Allah bütün qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət etsin! Amin!” - deyə İbrahim Quliyev fikirlərini yekunlaşdırıb. Bəli şəhidlər ölmür, yox olmur. Bəlkə toxunub, hiss edə bilmirsiniz, amma əmin olun, övladınızın yeri Allah qarşısında yüksək zirvədədir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »