Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Limonlu suyun möcüzəvi təsirləri
Limonlu suyun möcüzəvi təsirləri

C vitamini ilə zəngin olan limon, səhərlər acqarına istehlak edildikdə orqanizm tamamilə yenilənir. Eyni zamanda orqanizmin xəstəliklərə qarşı müqavimətini artıran ilıq limonlu su gün ərzində yağların yandırılmasını sürətləndirir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan dietoloq Aynurə Məmmədova qeyd edir ki, son illərdə artan virus xəstəliklərinin qarşısını almaq üçün orqanizm C vitamini ilə zəngin olan limon kimi qidalara ehtiyac duyur. Qrip və soyuqdəymə kimi xəstəliklərə faydalı olan ilıq limonlu suyun faydaları da saysız-hesabsızdır. Mütəxəssis, ilıq limonlu suyun təsirindən faydalanmaq üçün səhərlər ac qarına içməyi tövsiyə edir. Onun sözlərinə görə, ilıq limonlu su maddələr mübadiləsini sürətləndirir.

“Xroniki xəstəlikləri olan insanlar sahənin mütəxəssisləri ilə məsləhətləşərək qəbul edə bilərlər. Limonlu ilıq su gün ərzində qəbul edilən qidalardan bədəndə yağ yığılmasının qarşısını alır. Səhər acqarına istehlak edildiyi zaman mədə turşusunu qoruyur, həzmsizlik və şişkinliyin qarşısını alır. Bədənin ehtiyac duyduğu C vitaminini bir anda təmin etmiş olur. İmmunitet sistemindəki zülalların sayını artıraraq virus və bakteriyalara qarşı maneə yaradır. Bədənin istilik balansını qoruyur. Qanda iltihabın yığılmasının qarşısını alır. Bağırsaqları yumşaldır və qəbizliyin qarşısını alır. Yuxarı tənəffüs yollarının xəstəliklərində tez-tez görülən boğaz ağrısı və bəlğəm yığılmasının qarşısını alır”,- deyən dietoloq qeyd edir ki, ilıq limonlu su ağızda olan infeksiyaları azaldır. Diş ətinin strukturunu gücləndirir. Xüsusilə, acqarına qəbul edildiyi üçün bədəndəki ödəmi sidiklə çıxarır.

Mütəxəssis bildirir ki, ilıq limonlu suyun hazırlanması üçün yarım stəkan qaynadılmış suya bir təzə sıxılmış limonun suyunu tökmək lazımdır: “Səhər acqarına bir az isti qarışığı istehlak edin. Boğaz ağrısı üçün yarım çay qaşığı duz əlavə edib qarışdırın. Bu üsul, bəlğəmi də aradan qaldırır”.

Dietoloq həmçinin qeyd edib ki, hər səhər limonlu su içmək dərinin kollagen istehsalını artıraraq qırışların qarşısını alır.

Limonlu su ilə qarqara, boğaz infeksiyalarına yaxşı gəlir. Hər gün bir xörək qaşığı limon suyu astma xəstələri üçün çox faydalıdır. Detoks effekti yaradan limonlu su, orqanizmi hər cəhətdən yeniləyir. Yaşınızdan daha gənc görünmək, bağırsaq problemlərinin qarşısını almaq və toksinlərdən xilas olmaq üçün limonlu su istehlak etməlisiniz. Limon suyu həm də maddələr mübadiləsini sürətləndirir.

“Yüksək təzyiq probleminiz varsa, limonlu su içmə proqramı hazırlaya bilərsiniz. Limonlu su qan təzyiqini aşağı salmağa kömək edir”,- deyə dietoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »