Sentyabrın 12-dən 13-nə keçən gecə Qarabağ döyüşlərində şəhid olmuş Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun rüşvət haqda dediklərilə bağlı prokurorluq araşdırmalara başlayıb. Söhbət mərhum qardaşından “Komando” xüsusi briqadasına qəbul olunmaq üçün 6000 manat rüşvət alınması, onun bu pulu verə bilmək üçün bankdan kredit götürməsi haqda dediklərindən gedir.
Şəhid Səbuhi Əhmədovdan rüşvət alınması haqda qardaşı sentyabrın 14-də onun dəfni günü danışmışdı. Sentyabrın 15-də gecə saatlarında isə Sənan Əhmədovun üzr videosu yayılıb. Həmin görüntülərdə Sənan Əhmədov gözlərini qarşısındakı masaya dikərək, qardaşından rüşvət alınması haqda bundan əvvəl dediklərini təkzib edib.
Şəhidin qardaşının təkzib verməyə məcbur edilməsi, bunun videosunun çəkilib yayılması sosial şəbəkələrdə kəskin narazılığa səbəb olub. Məsələ burasındadır ki, üzr videosu yayılmamışdan əvvəl həmin videonun çəkildiyi otaqda Sənan Əhmədovun jurnalist Eynulla Fətullayevlə birgə fotosu yayılıb. Bu üzdən sosial media istifadəçiləri sözügedən üzr videosuna görə həm də Fətullayevi ittiham ediblər.
Eynulla Fətullayev isə məsələ ilə bağlı sosial media hesabında açıqlama verərək bildirib ki, həmin videonun ona aidiyyəti yoxdur. O bildirib ki, şəhidin qardaşıyla Müdafiə Nazirliyinin binasında görüşüb. Görüntülərdəki otaq da Müdafiə Nazirliyinin binasında yerləşir. Eynulla Fətullayev onu da əlavə edib ki, sözügedən video Almaniyada yaşayan bloger Həbib Müntəzirin sosial media hesabından yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirilib ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə (qardaşından 6 min manat rüşvət alınması) bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma gedir.
“Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda (təkzib) göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - prokurorluqdan bildirilib.
Aytən, Bizimyol.info