Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırovun qeyri-rəsmi arvadlarına da sanksiya tətbiq olunub
Kadırovun qeyri-rəsmi arvadlarına da sanksiya tətbiq olunub

Ramzan Kadırov müharibə dövründə Rusiya Prezidenti Vladimir Putinin ən çox güvəndiyi adamlardan birinə çevrilib. Çeçenistan rəhbəri ordunun maliyyələşdirilməsi üçün respublika resurslarından böyük vəsait ayırır. Orada xüsusi döyüşçü dəstələri formalaşdırılaraq Ukraynaya göndərilir. Kadırovun öz ritorikası da axıra qədər Putinin yanında dayanmaq perspektivindən danışır.

Bizimyol.info xəbər verir ki, ABŞ bütün bunları nəzərə alaraq Çeçenistan rəhbərinə və onun yaxınlarına sanksiya tətbiq edib. Onun həyat yoldaşı Mədninin, qızları Ayşat, Karina və Tabarikin adları siyahıda yer alıb. Maraqlıdır ki, ABŞ Kadırovun qeyri-rəsmi arvadlarını da diqqətdən qaçırmayıb. Respublika rəhbərinin ikinci, üçüncü həyat yoldaşı kimi saxladığı Fatimə Xazuyeva və Əminət Əhmədovaya da sanksiya tətbiq edilib. Bundan başqa, Kadırovun əmisi oğlu, mülki və ərazi münasibətləri naziri Turpala-Əli İbrahimov da “qara siyahı”ya düşüb.

ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir: “Kadırova bağlı çeçen bölmələri rus qoşunlarının vəhşiliklər törətdiyi və evləri dağıtdığı Buçada fəaliyyət göstərirdi. Kadırov qarışıq döyüş sənətləri klubları vasitəsilə Rusiya hərbi əməliyyatlarında iştirak etmək üçün [insanları> cəlb edir ki, bu da ona və bölmələrinə Ukraynada fəaliyyətini davam etdirməyə imkan verir”.

Kadırov ABŞ-ın yeni sanksiyalarını belə şərh edib: “Ştatlarda gözəl bilirlər ki, mənim Qərbdə nə mülküm, nə də hesablarım var. Amma onlar israrla mənim adımı sanksiya siyahısına salırlar. Niyəsə mənim ailə üzvlərimi də ora əlavə ediblər. Yenicə yetkinlik yaşına çatmış qızımın da adını yazıblar. Amerikalılar, gəlin bütün uşaqlarımın adını ora salaq. Beş yaşlı əkizlər Həsən və Hüseynin də”.

Rusiyanın maliyyə sisteminin təmsilçiləri siyahıdan kənarda qalmayıb. “Mir” ödəmə sisteminin rəhbəri Vladimir Komlev, Milli hesab depozitarisyasının rəhbəri Viktor Jidkov, Əmanətlərin Sığortası Agentliyinin direktoru Andrey Melnikov da qara xəbər alıb. Siyahıda prezidentin köməkçisi Maksim Oreşkinin də adını görmək mümkündür.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »