Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İzyumdan qaçan Rusiya ordusu çox vacib sənədləri unudub
İzyumdan qaçan Rusiya ordusu çox vacib sənədləri unudub

Ukrayna silahlı qüvvələri Rusiya ordusunu qovmaqda davam edir. Xarkov vilayəti, demək olar, işğaldan tam azad olunub. Ukrayna Prezidenti Volodimir Zelenski İzyumda olub, əhəmiyyətli mesajlar verib. İşğaldan azad edilmiş torpaqlara əhali qaytarılmağa başlanılıb. Hətta yaşlı sakinlərin təqaüdləri paylanılır.

Bizimyol.info xəbər verir ki, İzyumdan qaçan rusiyalı hərbçilər çox vacib sənədləri unudublar. Ukrayna Baş Prokuroru ofisinin departament rəhbəri Yuri Belousov Kreml qoşunlarının tez-tələsik şəhəri tərk etməyə görə belə səhvə yol verdiyini bildirib. Sənədlərdə Rusiya ordusunun İzyumda həyata keçirdiyi hərbi cinayətlər əksini tapıb. Bundan başqa, ayrı-ayrı adların, telefon nömrələrinin, ünvanların yer aldığı sənədlər var.

Yuri Belousov bildirib ki, indi Ukrayna Baş Prokuroru ofisi İzyumda kimlərin cinayət törətdiyini dəqiq bilir. Onun sözlərinə görə, hələlik şəhərin bütün inzibati binalarına baxış keçirə bilməyiblər. Yeni sənədlərin tapılması da mümkündür.

Rusiyalılar İzyumda kompüterlər də unudublar. Həmin cihazlarda bir çox materiallar diqqət çəkir.

İzyum Xarkov vilayətinin ərazisinə görə üçüncü şəhəridir. Yaşayış məntəqəsi Xarkov mərkəzindən 138 kilometr məsafədə yerləşir. Şəhərin adının “üzüm” sözündən yarandığı güman edilir. Başqa versiyalar da var, amma bu variant daha ağlabatan görünür. Çünki orta əsrlərdə şəhərdə türk xalqlarının yaşadığı bildirilir.

İzyum İkinci Dünya Müharibəsində böyük zərər görmüşdü. 1943-cü ildə şəhərin küçələrində şiddətli döyüşlər getmişdü. İzyumun 6480 sakini İkinci Dünya Müharibəsində həlak olub.

Rusiya ordusu Xarkov vilayətindəki yaşayış məntəqəsini aprelin 1-də işğal etmişdi. Kreml qoşunlarının buranı tam dağıtdığını demək olar. Ukrayna silahlı qüvvələri sentyabrın 11-də şəhəri işğaldan azad edib.

Rusiya ordusu İzyumda xeyli hərbi texnikanı qoyub getmək məcburiyyətində qalıb. Ümumiyyətlə, Kreml qoşunları Xarkov vilayətində böyük itki verib. Burada Rusiya ordusunun azı 100 tankı sıradan çıxarılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »