Ermənistan Milli Assambleyasının tribunasından “Ermənistan” müxalifət fraksiyasından olan deputat Qeqam Manukyan hakimiyyət dəyişikliyini ölkədə vəziyyəti yaxşılaşdırmağın yeganə yolu adlandırıb.
Bizimyol.info xəbər verir ki, o, hakim “Mülki müqavilə” fraksiyasını ölkədəki real vəziyyəti dəyərləndirməyə çağırıb.
"Mən bura on minlərlə soydaşımızın sözlərini, müraciətini, xahişini sizə çatdırmaq üçün gəlmişəm. O adamlar ki, bir neçə saat ərzində kortəbii olaraq Milli Məclisin binasına gəliblər. Bu adamları heç kim göndərməyib”,- deyə Manukyan bildirib.
Manukyan deputatları bütün siyasi, partiya qurultaylarını atmağa və baş verənlərə diqqət etməyə çağırıb: "Hakimiyyətin və siyasətin tam çöküşü bu dağıntıya gətirib çıxardı. İnsanlar çarəsiz halda çıxış yolu axtarır. Bunu hər addımda xidməti maşınlardan düşsəniz, görə bilərsiniz. Anlayın ki, biz ölüm ayağındayıq.

Dünən Stepanakertdə (Xankəndidə - red.) eyni vaxtda toplaşan minlərlə insan özlərini xəyanətə uğramış, türklərin qarşısında özlərini tənha hiss etdilər, çünki eşitdilər ki, Milli Məclisin tribunasından onlardan başqa heç kim danışmır”.
Deputat xatırladıb ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan “sənəd imzalayarsa, insanlar onu qınayıb, satqın adlandıra bilərlər” bəyanatı verib.
Ermənistan mediasının məlumatına görə, daha sonra Manukyanın çıxışı hökumətyönlü parlamentarilərin qəzəbli qışqırıqları ilə kəsilib.
"Dünən on minlərlə insanın burada olması sübut etdi ki, xalq partlayış ərəfəsindədir. Onlar gözləyirdilər. Siz gəlmədiniz, amma vaxt var, hələ gec deyil. Nəhayət, anlayın ki, vəziyyət kritikdir və onu həll etməyin yeganə yolu yeni hökumət və yeni baş nazirdir.
Bu, çox ciddi məqamdır. Nikol Paşinyanı xilas etməyin vaxtı deyil, vətəni xilas etməyin vaxtıdır”,- deyə o, çıxışına əlavə edib.
Məlumatda bildirilir ki, Manukyanın çıxışından sonra zaldakıların qışqırıqları davam edib, vəziyyət daha da gərginləşib.
Xatırladaq ki, İrəvanda çərşənbə günü axşam saatlarında hökumət və parlament binaları yaxınlığında hakimiyyətin istefası tələbi ilə mitinqlər başlayıb. Etirazçılar hakimiyyətin siyasəti ilə razılaşmadıqlarını bildiriblər. Bununla belə, aksiya iştirakmılarının sayı o qədər də çox olmayıb. Müşahidəçilərin bildirdiyinə görə aksiyada 4-5 min nəfər iştirak edib.
Leyla, Bizimyol.info