Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəngəzur dəhlizi ilə bağlı proses kifayət qədər irəli gedib" - İskəndəryan
"Zəngəzur dəhlizi ilə bağlı proses kifayət qədər irəli gedib" - İskəndəryan

Ötən gün hakim fraksiyadan olan deputat, sabiq səhiyyə naziri Armen Torosyan Ermənistan cəmiyyətində müzakirə obyektinə çevrilən bəyanatla çıxış edib. O, bəyan edib ki, “Dağlıq Qarabağ”ın müstəqilliyini tanıtmaq şansı heç vaxt olmayıb və yoxdur, ona görə də Azərbaycanla münasibətləri korlamağa davam etməyə dəyməz.

Bizimyol.info xəbər verir ki, “Novosti-Armeniya” agentliyi verilən açıqlamaların incəliklərini açmaq üçün Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryana müraciət edib.

Həmin müsahibəni təqdim edirik:

– Doğurdanmı “Dağlıq Qarabağ”ın tanınması şansı heç vaxt olmayıb? Danışıqlar prosesində Ermənistan həmişə bu istiqamətdə işlədiyini bəyan edib, indi isə hakimiyyət nümayəndəsi bəyan edir ki, biz 30 ildir özümüzü aldatmaqla məşğuluq.

- Hakimiyyət təmsilçiləri təmsil etdikləri siyasi qüvvənin mövqeyindən asılı olaraq bəyanatlar verirlər. Burada hansı şansların olub-olmadığına dair tarixi araşdırmadan söhbət getmir. Bu, kifayət qədər mürəkkəb mövzudur, çoxlu nüanslar, çox fərqli baxış nöqtələri, necə baş verdiyinə dair fərqli baxışlar və s. var. Amma cənab Torosyanın dedikləri onun tarixçi olması və bu işi öyrənməsi ilə bağlı deyil. Məsələ ondadır ki, o, öz siyasi qüvvəsinin mövqeyini ifadə edir. Bunda yeni heç nə yoxdur. İndi “Mülki müqavilə” Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesində iştirak edir. Daha doğrusu, partiya yox, hakimiyyət, dövlət. Proses var və hakimiyyətin nümayəndəsi bu prosesə dəstək verməlidir.

- Bu o deməkdirmi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması çərçivəsində Ermənistan tərəfi “Dağlıq Qarabağ”ı qorumaq öhdəliklərindən imtina edir və faktiki olaraq “Dağlıq Qarabağ”ın Azərbaycanın bir hissəsi olacağını tanıyır?

- Fakt budur ki, sülh müqaviləsinin hazırlanması prosesi hələ başlamayıb. Tutaq ki, kommunikasiya baxımından azərbaycanlıların “Zəngəzur dəhlizi”, Ermənistan tərəfinin isə “Sünikdən keçən yol” adlandırdıqları yer – orada proses kifayət qədər irəli gedib, bəzi texniki məsələlər müzakirə olunur. Sülh müqaviləsinə əsasən, faktiki olaraq proses hələ başlamayıb, hələ ki, heç bir razılaşma yoxdur.

Azərbaycanın nə istədiyi bəllidir. O, “Dağlıq Qarabağ”la birlikdə ərazi bütövlüyünün tanınmasını istəyir. Necə olacaq, olacaqmı, nə qədər davam edəcək, hansı detallar olacaq - bu çox ciddi mövzudur.

Torosyan hesab edir ki, Azərbaycanla sülh müqaviləsi olmalıdır, əks halda müharibə olacaq, qətllər davam edəcək. Bu, ümumiyyətlə, hakimiyyətin az-çox rəsmi mövqeyidir. Orada isə reallıqda nə baş verəcəyi bəlli deyil. Mənə elə gəlir ki, qısa zaman kəsimində perspektivdə sülh müqaviləsi imzalanmayacaq. O qədər ziddiyyətlər var ki, onları qısa müddətdə bir şəkildə açmaq mümkün deyil.

- Özü də bu prosesə qarışmadığını etiraf edən bir şəxsin belə açıqlamalar verməsi sizə qəribə görünmür? Bu, Azərbaycan tərəfinə mesaj deyilmi ki, Ermənistan tərəfi bu məsələlərdə güzəştə getməyə hazırdır?

- Azərbaycan tərəfi hər zaman belə mesajlar alır. Ermənistanda siyasi diskurs var, başqa cürdür. İnsanlar fərqli şeylər deyirlər, fərqli baxışlarla danışırlar. Bu fikirlər siyasətçilər arasında da var, bəzən eyni şəxslərin ağzından tamamilə fərqli bəyanatlar eşidilir. Eyni adam, siyasətçi bir neçə gün ərzində fərqli şeylər deyir. Bütün bunlardan Azərbaycan təbliğat məqsədləri üçün istifadə edə bilər.

- Siz qeyd etdiniz ki, sülh müqaviləsi yaxın gələcəyin məsələsi deyil, bəs kommunikasiyaların bloklanması məsələsi necə olacaq? Sizcə, tərəflər artıq konsensusa yaxınlaşıblar, yoxsa razılığa gəlmək mümkün olmayan məqamlar var?

- Xeyr, tərəflər konsensusa gəlməyə yaxın deyillər, amma proses kifayət qədər irəliləyib. O qədər irəliləyib ki, tərəflər faktiki olaraq texniki məsələləri müzakirə edirlər. Bu problemlər ciddi ola bilər, lakin texniki xarakter daşıyır. Orada proses sürətlə getmir, amma prinsipcə mən bu istiqamətdə irəliləyişi və hansısa nəticənin görünməsini təsəvvür edə bilirəm. Bunun ehtimalı var.

Və sülh müqaviləsinin erkən bağlanması ehtimalı yoxdur. Sülh müqaviləsi nə deməkdir, nə olmalıdır, necə işləməlidir, hansı zəmanətlər var və s. kimi suallar çoxdur...

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »