Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nuri Paşanın Bakını azad etməsindən 104 il keçir
Nuri Paşanın Bakını azad etməsindən 104 il keçir

Bu gün Bakının bolşevik və daşnak qüvvələrindən azad edilməsindən 104 il keçir. Məhz 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri azad edildi. Cumhuriyyət xadimlərinin ifadəsi ilə desək, "başsız bədən olmaz və yaşamaz. Bakı da Azərbaycanın başıdır". Bakının azad edilməsində obrazlı şəkildə desək, baş bədənə qaytarıldı və beləliklə Azərbaycan tam oldu.

Bakı şəhərinin azad olunması Azərbayacn Cumhuriyyəti tarixində 28 maydan sonra sonra ən böyük tarixi əhəmiyyətə malik olan bir qələbə idi. Həmin dövrdə Bakı uğrunda dünya müharibəsində vuruşan bütün əsas dövlətlər mübarizə aparırdılar.

Vasif Qafarov Vasif Qafarov

Tarixçi-alim Vasif Qafarov Bizimyol.info xəbər portalına bu günün tarixindən söz açıb. O, deyir ki, Azərbaycan Cümhuriyyəti hökümətinin Osmanlı dövlətindən yardım alıb, öz paytaxtını azad etməsi uğrunda apardığı mübarizə beynəlxalq səciyyə daşımağa başlamışdı. Çünki dünya müharibəsində vuruşan əsas dövlətlər, yəni Osmanlı dövlətindən başqa Almaniya və İngiltərə də Bakı neftinə sahib olmaq uğrunda mübarizə aparırdı. Eyni zamanda sovet Rusiyası da Bakını öz əlində saxlamaq üçün bütün vasitəsilərlə çalışırdı. 1918-ci il iyun ayının 2-də Osmanlı hərbi komandanlığı Bakını azad etmək uğrunda fəal hərbi əməliyyatlar aparmaq üçün əmr imzaladı. İyun ayında 5-ci Osmanlı divizyası Azərbaycana daxil oldu. Bu zaman Bakı Xalq Komissarları soveti Azərbaycan Cümhuriyyəti hökümətini beşiyində boğmaq üçün Gəncə üzərinə yürüş haqqında əmr vermişdi. 1918-ci il iyun-iyul arasında baş vermiş 4 günlük Göyçay döyüşündə kommuna qoşunlarının Gəncə üzərində yürüşünün qarşısı alındı və beləliklə Qafqaz İslam ordusu Bakı istiqamətində irəliləməyə başladı. 1918-ci ilin iyul ayının 10-da Kürdəmir, 20-si Şamaxı bolşevik daşnak qüvvələrindən azad olundu. Beləliklə, iyul ayının sonlarında Qafqaz İslam ordusu gəlib Bakının astanasına çatdı. Bu zaman Qafqaz İslam Ordusunun uğurlu fəal hərbi əməliyyatları Bakı Xalq Komissarlar Sovetində böhrana səbəb oldu. Nəticədə 1918-ci il iyul ayının 31-də Bakı Xalq Komissarlar soveti istefa verməli oldu.

“Bakı Xalq Komissarlar soveti istefa verdikdən sonra Bakıda “Mürtəci Sentrokaspi Diktaturası” deyilən bir hökümət quruldu. Menşevik və daşnaklardan ibarət “Sentrokaspi Diktaturası” Lionel Denstervilin qoşunlarını Bakıya dəvət etdi. Avqustun 4-17 arası ingilis qüvvələri Bakıya daxil oldu. İngilis qüvvələrinin Bakıya gəlməsi Qafqaz İslam Ordusunun şəhər istiqamətində hücumlarının qarşısını almağa kifayət etmədi. Qafqaz İslam Ordusu son hazırlıqlarını tamamladıqdan sonra artıq sentyabr ayında Bakı üzərinə həlledici hücuma başladı. 1918-ci il sentyabr ayının əvvələrində 15-ci diviziya da əlavə yardım kimi Nuri Paşanın sərəncamına göndərildi. 1918-ci sentyabr ayının 13-dən 14-ə keçən gecə Qafqaz İslam Ordusu Bakı üzərində son həll edici hücuma başladı. 36 saatlıq şiddətli döyüşlərdən sonra 1918-ci il sentyabr ayının 15-də Qurban bayramı günü Bakı azad olundu. Bu zaman şəhərin Türk-müsəlman əhalisi Qafqaz İslam Ordusunu xilaskar bir mələk kimi qarşıladılar” - deyə tarixçi bildirir. O, qeyd edir ki, sentyabr ayının 17-də Azərbaycan höküməti də Gəncəyə köçdü. Bakının azad edilməsi bütün Azərbaycanda olduğu kimi Türkiyədə də böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Bakının azad olunması Azərbaycan siyasi xadimləri ilə yanaşı Osmanlı siyasi dairələrin də, xüsusilə Ənvər Paşanın da sevincinə səbəb oldu. Bu münasibətlə Ənvər Paşa, Xəlil Paşaya bir sürətini də Nuri Paşaya göndərdiyi teleqramında yazırdı: “Böyük Turan İmperatorluğuna, Xəzər sahilindəki zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və xoşbəxtlik hissi ilə qarşılayıram. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edərim”.

“Həqiqətən də Azərbaycan və Türkiyə dövlətləri və eyni zamanda xalqı sonrakı illərdə də Qafqaz islam Ordusunun qazandığı bu tarixi qələbəni unutmadı. Doğrudur, Birinci Dünya Müharibəsi Osmanlı Dövləti üçün uğursuzluqla nəticələndi. Osmanlı dövləti Birinci Dünya Müharibəsində məğlub oldu. Türk qoşunları Qafqazdan çıxmalı oldular. Eyni zamanda Azərbaycan höküməti də ingilislərin nəzarəti altına düşdü. Daha sonra 23 aylıq mövcudluqdan sonra Azərbaycan Cümhuriyyəti höküməti də 1920-ci il aprel ayının 27-də rus işğalına məruz qalaraq süqut etdi. Bütün bunlara baxmayaraq, 1918-ci il sentyabr ayının 15-də Bakının azad edilməsi ilə qazanılan qələbənin nəticələrini heç kim ala bilmədi. Nə Antanta, nə sovet Rusiyası bu qələbənin nəticələrinə kölgə sala bilmədilər”,- deyə alim əlavə edib.

Bəli, məhz 1918-ci il sentyabrın 15-dən etibarən bu günə qədər Bakı Azərbaycanın paytaxtıdır. Bakının bu gün Azərbaycanın tərkibində olmasına görə, bu gün Azərbaycanın paytaxtı olan Bakıda yaşadığımıza görə, Qafqaz İslam Ordusuna minnətdar olmalı, Qafqaz İslam Ordusunun Bakı uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərinə, eyni zamanda qazilərinə hər zaman öz minnətdarlığımızı bildirməliyik.

İradə Cəlil, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »