Son günlər Rusiya daxilində vəziyyət gərginləşməkdə davam edir. Müxtəlif bölgələrdən olan deputatlar prezidentin Vladimir Putinin istefasını tələb edirlər. Belə ki, artıq Rusiya Federasiyasının müxtəlif regionlarından yerli şuraların onlarla deputatı “Rusiyanın gələcəyinə zərər vurduğuna” görə prezident Putinin istefasını tələb edir. Bununla bağlı petisiyada hazırlanıb. Müvafiq petisiyaya Moskva, Sankt-Peterburq, Tomsk, Tula vilayəti, Velikiy Novqorod, Yakutsk, Puşkin, Kolpino, Vıritsa, Samaradan olan deputatlar qoşulub. Ötən həftə isə, Smolninskoye bələdiyyəsinin deputatları Dövlət Dumasını vətənə xəyanətə görə Vladimir Putini vəzifəsindən uzaqlaşdırmağa çağırıblar.
- Baş verənlər Putin hakimiyyətinə təsir edə bilərmi?
- Bu gün müşahidə edilən bu kiçik gərginliklərin yaxın zamanlarda kütləviləşmək ehtimalı mümkündürmü?
“Putin Rusiyası gələcəkdə parçalanmağa məhkumdur. Bugünkü Rusiya, Putinin "memarlığı" ilə yaradıldığı üçün hər hansı demokratik, yəni seçki, ictimai qınaq və ya kütləvi tədbirlərin təzyiqi ilə ilə kənarlaşması mümkün görünmür. Rusiya əhalisi Putinin davamlı olaraq həyata keçirdiyi proqramlar vasitəsilə demək olar ki, zombiləşdirilib və haqsızlığa qarşı müqaviməti məhv edilib”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Vasif Əfəndiyev danışıb. Onun sözlərinə görə, Rusiya ərazisi böyük olması ilə yanaşı dünyanı təmin edəcək qədər təbii ehtiyatları mövcuddur. Bu səbəbdən də tətbiq edilən sanksiyalara baxmayaraq ölkə əhalisi minimumla təmin edilir. Putinə qədər və Putindən sonra da bu məkanda yaşayan insanlar, məhz minimuma qane olmaq tərbiyyəsi ilə yetişdirildiyi üçün hazırki situasiyada diskomfortu normal həyat tərzi olaraq qəbul edirlər.

“Bu gün Rusiya əhalisinə xoşbəxtlik üçün çox az şey lazımdır ki, bunların başında “vodka” dayanır. Vodkanın təminatında isə qıtlıq yoxdur. Hazırda Putinin fəzifədən getməsi yalnız onun fiziki olaraq kənarlaşdırılması ilə mümkündür.Bu isə saraydaxili bunt və ya hərbi çevrilişlə mümkündür. 3-cü variantı isə səsləndirmək istəmirəm”,- deyə politoloq əlavə edib. O, hesab edir ki, bütün bunlara baxmayaraq Putin bir gün hakimiyyətdən gedəcək. Putin yaşayaraq hakimiyyətdən gedərsə, təbii ki, onu beynəlxalq məhkəmə gözləyir.
“Qafqazda, yaxın şərqdə, Ukraynada Rusiya adına törədilən cinayətlərin cavabını verməli olacaq. Deqradasiyaya uğramış Rusiya cəmiyyəti toparlana bilməyəcək və sonunda xalqlar çox sayda kiçik inzibati ərazilərə bölünərək müstəqiliiyə can atacaqlar. Bu isə bölgədə yeni situasiya yarada bilər. Çin, Rusiya ərazilərinə sahiblənmək üçün hərəkətə keçərsə dünya növbəti problemlərlə üzləşə bilər. Ona görə də Rusiya üçün tək çıxış yolu bacardıqca tez Putindən canını qurtamaqdır”,- deyə Vasif Əfəndiyev vurğulayıb.
İlahin, Bizimyol.info