Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran da bu məsələdə Ermənistanı təhrik edir"
"İran da bu məsələdə Ermənistanı təhrik edir"

““Ermənistan sülh danışıqlarına, sülh prosesinə hazır deyil”. Məhz, bu söz yerinə düşdü. Hazır olmaq ilə bağlı, müxtəlif əlamətlər var. Onlardan biri də toplumun və siyasi hakimiyyətin psixoloji cəhətdən məğlubiyyəti həzm etməsi və ona hazır olmasıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Xaləddin İbrahimli hesab edir ki, indiki mərhələdə Ermənistanla Azərbaycan arasında iki ciddi fikir ayrılığı qalır.

Xaləddin İbrahimli Xaləddin İbrahimli

“Birincisi, Ermənistan Azərbaycandan Naxçıvana koridor vermək istəmir. İran da bu məsələdə Ermənistanı təhrik edir. Zəngəzur dəhlizi təkcə Naxçıvana deyil, eyni zamanda Naxçıvan üzərindən Türkiyə üçün də koridordur. İran da qəti şəkildə bunun əleyhinədir. Və dəfələrlə qəti şəkildə bəyan edir ki, biz sərhəd dəyişikliyinə qarşıyıq. Bunu nəzərdə tutur. İran sərhədin dəyişdirilməsi deyərkən, Azərbaycan və Naxçıvan arasında o dəhlizin açılmasını qəti şəkildə istəmir. Naxçıvanın daim İrana möhtac olmasını, Azərbaycanın Türkiyə ilə birbaşa quru ərazisinin olmasını istəmir. Bu, İranın dərdidir. Ermənistan da heç şübhəsiz milli çıxarlarına uyğun olaraq eyni təfəkkürü daşıyır” - deyən politoloq qeyd edir ki, Ermənistan ictimaiyyəti, cəmiyyəti, toplum da qəti şəkildə bu dəhlizin açılmasına qarşıdır. Çünki bu, Ermənistanın çox taleyüklü məsələsidir. Gələcəkdə hətta Ermənistanın əhalisinin azalmasına gətirib çıxara bilər. Ermənistan blokadaya düşə bilər və s.

Xaləddin İbrahimli bildirir ki, ikinci fikir ayrılığı da Laçın koridorunun statusu ilə bağlıdır.

“Orada da Azərbaycan və Ermənistan arasında razılaşma hələki əldə olunur. Paşinyan da bunu hərdən üstüörtülü şəkildə deyir ki, Qarabağ Azərbaycanın daxili məsələsidir. Ermənistanda da bununla razılaşmaq istəmirlər. Daxili məsələdirsə, o zaman Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası fərqli olacaq. Əgər daxili məsələ deyilsə, fərqli olacaq. Laçın koridorunun statusu da fərqli olacaq. Ermənistan Azərbaycanla Qarabağ məsələsində gələcək statusu məsələsinə qapı açılmasına Laçın koridorunun statusuna fərqli yanaşır, sərhədlərin delimitasiyasına fərqli baxır” - deyə politoloq qeyd edir.

Xaləddin İbrahimli əlavə edir ki, ola bilsin Paşinyan Ermənistan cəmiyyətini yenidən inandırmaq üçün, cəmiyyəti yeni prosesə, sülhə hazırlamaq üçün çətin yolu seçməyə məcbur olur. Demək istəyir ki, ya bu məsələ danışıqlarla həll olunmalıdır, Azərbaycanın istədiyi kimi, ya da gücümüz çatırsa mübarizə aparmalıyıq.

Xaləddin İbrahimli, bu məsələdə Rusiyanın indiki ağır durmunda Putinin gerçəkdən "başını itirdiyi" ağır bir durumda əlavə bir gərginlik yaradacağına inanmır.

“Deyirlər ki, Rusiyanın barmağı var. İndiki şəraitdə Rusiyanın Qafqazda yeni bir gərginlik ocağının yaradılmasına maraqlı olduğuna inanmram. Həm də Rusiya bilir ki, Azərbaycanda bir şey olsa, Türkiyə buna müdaxilə edəcək. Bu, Türkiyə ilə də Rusiya arasında yeni bir gərginliyin yaranması deməkdir. Rusiya indiki durumda dünyada təklənmiş vəziyyətdədir. Müəyyən qədər Türkiyə Cümhuriyyəti onu dəstək göstərir. Hansı iqtidar özünü bundan məhrum edə bilər ki, bunu anlaya bilmirəm. Vəziyyət belədir” - deyən politoloq hesab edir ki, bu gərginlik uzun sürən bir gərginlik olmayacaq. Çünki Ermənistan bir cəhd etdi, Azərbaycan da öz mövqeyindən geri çəkilməyəcəyi ilə bağlı mesaj verdi. Əgər bu hadisə təkrarlansa, Ermənistan daha ağır itkilər verəcək. Çünki həmin ərazidə Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında nəsə baş versə, Rusiya hərbi birləşmələri vəziyyətə müdaxilə edə bilməz.

“Baş verənlər bir daha sübut etdi ki, Ermənistan hərb yolunu seçməsi daha ağır itkilər verməsinə səbəb olacaq. O halda, Azərbaycan məcbur qalar ki, Naxçıvanla Azərbaycan arasındakı dəhlizi hərbi üsulla açsın” - deyə Xaləddin İbrahimli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »