Fransa Ermənistanla Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağıracaq.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Yelisey sarayında məlumat verilib.
"Fransa Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məsələni hazırda sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq", - Yelisey sarayının nümayəndəsi Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından sonra bildirib.
Fransa prezident administrasiyası qeyd edib ki, Makron tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə və ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırmaqda davam edir: "Tərəflər öz təşəbbüsləri ilə, bu münaqişə ilə bağlı bütün məsələləri müstəsna olaraq danışıqlar yolu ilə həll etməlidirlər", - deyə Yelisey sarayı Fransa liderinin fikirlərini çatdırıb.
Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, sentyabrın 13-də gecə yarısından dərhal sonra Azərbaycan ordusunun bölmələri artilleriya, iriçaplı və yüngül atıcı silahlardan yaşayış məntəqələri istiqamətində intensiv atəşə tutulub. Ermənistan Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib, iclasda Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və BMT-nin müddəalarının həyata keçirilməsi üçün Rusiya Federasiyasından kömək istəməyə qərar verilib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yalançı yarayını etdiyi təxtibatı qarşı tərəfin üzərinə atmaq cəhdi olduğunu bildirib.
Nazirlik qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir. Regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır.
Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Qadir, Bizimyol.info