ABŞ-ın Demokrat Partiyasından olan senator və Xarici Əlaqələr Komitəsinin üzvü Kris van Hollen son vaxtlar artan Afina-Ankara gərginliyi və hələ də müzakirə mövzusu olan F-16 prosesindən danışıb. Yunanıstanda çıxan Kathimerini qəzetinə müsahibə verən Hollen Türkiyənin NATO daxilində qeyri-sabit müttəfiq olduğunu və Yunanıstanı dəstəklədiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Hollenə F-16-ların Türkiyəyə mümkün satışı ilə bağlı sual verilib və ABŞ prezidenti Co Baydenin Madriddə keçiriləcək NATO sammitində Ərdoğana bu mövzuda dəstək verəcəyini dediyi də xatırladılıb.
Hollen,“Bu suala cavab vermək üçün bir az keçmişdən danışmaq lazımdır. Xatırlayırsınızsa, Konqres Rusiyadan S-400 sistemi aldıqdan sonra Türkiyəyə F-35-lərin satışını haqlı olaraq rədd etmişdi. Bu satışın qarşısını alanlardan və bu prosesdə fəal iştirak edənlərdən biri də mən olmuşam. Bu satınalma, digər məsələlərlə yanaşı, Türkiyənin qeyri-sabit NATO müttəfiqi olduğunu sübut etdi və onun F-35 proqramından çıxarılması haqlı idi”,-deyə bildirib.
F-16-larla bağlı Hollen, “F-16-ların təkmilləşdirilməsinə və yeni partiyaların satışına gəlincə, Türkiyəyə bəzi şərtlər təklif etməliyik. Məsələn, Türkiyə F-16-lardan Yunanıstan kimi digər NATO ölkələrinin hava məkanını işğal etmək üçün istifadə etməməlidir. Ancaq şərt qoyulmalıdır ki, bu silahlar Suriyada İŞİD-lə mübarizədə dəstəklədiyimiz YPG/SDG kimi qruplara qarşı istifadə edilmir. Bir sözlə, F-16-ların hər hansı satışı və ya təkmilləşdirilməsi üçün aydın şərtlər tələb olunur. Konqres F-35-ə nəzarəti ələ keçirdi və sizi əmin edə bilərəm ki, onlar da F-16-da fəal iştirak edəcəklər”,- deyə o, əlavə edib.
Müsahibədə amerikalı senatora prezident Ərdoğanla bağlı sual da verilib. Hollen, "Senat Ərdoğanın Yunanıstana qarşı ritorikasını və Kiprlə bağlı addımlarını necə görür?" sualına belə cavab verib: “Çox aydındır ki, Kiprin müstəsna iqtisadi zonasının pozulması sabitliyi pozur. Bu baxımdan ABŞ və NATO tərəfdaşlarımız Türkiyəni məsuliyyətə cəlb etmək üçün birlikdə çalışmalıdırlar. Biz demokratiya ilə bağlı məsələlərin, xüsusən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasının şahidi oluruq. Xüsusilə kürdlərə qarşı təzyiqlər davam edir”.
ABŞ və Yunanıstan münasibətlərinin tarixin ən güclü səviyyəsinə çatdığını vurğulayan Hollen, "Yunanıstanın NATO-nun mühüm strateji tərəfdaşı olduğunu sübut etdiyini və Putinin Ukraynaya hücumundan sonra bu mühüm rolunu daha da gücləndirdiyini" vurğulayıb.
“Biz bunu Aleksandrupoli limanındakı fəaliyyətlərdə aydın şəkildə görürük ki, bu da təkcə hərbi baxımdan deyil, həm də NATO-nun müdafiəsi, cəbhədəki dövlətlərin və Ukrayna xalqının özünümüdafiəsi üçün lazımi avadanlıqla təmin olunması üçün vacibdir”,-deyə sonda amerikalı senator bildirib.
Leyla, Bizimyol.info