Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Rusiyaya qarşı öz ordusunu gücləndirir
Almaniya Rusiyaya qarşı öz ordusunu gücləndirir

Rusiyanın Ukraynaya hücumunu mühüm dönüş nöqtəsi kimi xarakterizə edən Almaniyanın müdafiə naziri Kristina Lambrext Berlinin hədəfini dünyaya bəyan edib. O bildirib ki, bu gün Almaniya güclü demokratiyadır və Almaniya Silahlı Qüvvələri təhlükəsizliyi təmin edən mərkəzi aktor kimi qəbul edilməlidir.

Bizimyol.info xəbər verir ki, Almaniyanın müdafiə naziri Almaniyanın Avropanın aparıcı hərbi gücü olmaq məqsədini açıqlayıb.

Almaniya Xarici Əlaqələr Şurasındakı çıxışında o, Almaniyanın hazırlanmaqda olan ilk Milli Təhlükəsizlik Strategiyasının konturlarını izah edərkən diqqətəlayiq mesajlar verib.

Nasist dövrünün yaratdığı şübhələrin aradan qaldırılması lazım olduğunu deyən nazir Almaniyanın bu gün güclü bir demokratiya olduğunu və Almaniya Silahlı Qüvvələrinin təhlükəsizliyi təmin edən mərkəzi aktor kimi görülməli olduğunu söyləyib.

Rusiyanın Ukraynaya hücumunu mühüm bir dönüş nöqtəsi olaraq xarakterizə edən nazirAlmaniyanın təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirməli olduğunu, Almaniya ordusunun ölkəni və müttəfiqlərini müdafiə etmək üçün güclənəcəyini və siyasi mədəniyyət, ordu və hərbi mövzularda dəyişikliyə ehtiyac olduğunu vurğulayıb.

Lambrextin Almaniyanın təhlükəsizlik siyasətləri üçün yeni yol xəritəsi ilə bağlı çıxışında verdiyi mühüm mesajlar bunlardır:

Sosial Demokrat Partiyasından olan Lambrext bildirib ki, Almaniya təcili olaraq kursu dəyişməlidir və gələcək nəsillərin azad mühitdə, sülh və təhlükəsizlik şəraitində yaşaya bilməsi üçün Almaniya ordusu bu prosesdə daha güclü və fəal olmalıdır: “Ən əsası, biz Almaniya olaraq dəyişməliyik... Bunu açıq şəkildə deyim: Əgər bu dəyişikliyi etməsək, gələcəkdə təhlükəsizlik şəraitində yaşaya bilməyəcəyik".

Almaniya Silahlı Qüvvələrinin əhəmiyyətinin və çəkisinin artacağını qeyd edən Lambrext Bundesverin ölkənin varlığını qoruyan “mərkəzi təhlükəsizlik orqanı” kimi qəbul edilməsinin vacibliyini də vurğulayıb.

Almaniyanın müdafiə naziri çıxışında ölkənin nasist keçmişinə görə ordu və hərbi məsələlərə hələ də şübhə ilə baxıldığını bildirib və bunun dəyişdirilməsinin lazım olduğunu deyib.

Lambrext əlavə edib ki, “biz almanların Nasional Sosializm dövründə törətdiyimiz cinayətlərdən, Avropada alman ordularının məhvetmə müharibəsindən sonra orduya şübhə ilə yanaşmağı bir fəzilət halına gətirməyimiz təəccüblü deyil. Bundesver bu gün o dövrlə heç bir əlaqəsi olmayan bir ordudur. Almaniya dinc məqsədləri olan və demokratiyaya sadiq bir ölkədir. Silahlı qüvvələr cəmiyyətin bir hissəsidir. Onlar liberal demokratik konstitusiya quruluşuna and içirlər. Bu da çox vacibdir və hər dəfə vurğulanmalıdır: Silahlı Qüvvələrimizdə qeyd-şərtsiz itaət deyil, vicdanlı öhdəlik etibarlıdır”.

Almaniyanın indi 73 illik demokratiyası, 67 illik demokratik silahlı qüvvələri ilə başqa bir ölkə olduğunu və özünə inamını yenidən bərpa etdiyini qeyd edən müdafiə naziri bu gün güclü orduya sahib olmağın hər zamankindən daha vacib olduğunu bildirib.

Lambrext çıxışında Rusiyanın Ukraynaya hücumunun böyük bir geosiyasi dönüş nöqtəsi təşkil etdiyini vurğulayaraq, hadisələrdən mühüm dərslər çıxarmaq lazım olduğunu bildirib: “Təhlükə anlarında özümüzü və ittifaqımızı müdafiə etmək üçün bizə güclü, döyüşə hazır silahlı qüvvələr lazımdır. 2022-ci ildə bu, artıq sadəcə, nəzəri fikir oyunu deyil, reallıqdır”.

Alman ordusunu yeni təhdidlərə qarşı gücləndirmək üçün çoxlu yeni silahlar alınacağını və yeni birliklərin yaradılacağını bildirən nazir yeni dövrün müxtəlif çətinlikləri ehtiva edəcəyinə diqqət çəkib.

Nazir çıxışında Almaniyanın Avropanın aparıcı hərbi gücü olmaq məqsədini də açıqlayıb. Bundesverin təkcə Almaniyanın təhlükəsizliyinin təminatında rol oynamadığını, həm də NATO müttəfiqlərinin təhlükəsizliyinə töhfə verdiyini izah edən Lambrext Almaniyanın Soyuq Müharibə dövründə qurulan təhlükəsizlik arxitekturasından ən çox faydalanan ölkə olduğunu xatırladıb, “indi də biz ən çox hərbi gücə sahibik. Biz töhfə verən ölkə olmalıyıq”,- deyə bildirib.

"Almaniyanın böyüklüyü, coğrafi mövqeyi, iqtisadi gücü, bir sözlə, çəkisi bizə liderlik rolu verir. İstəsək də, istəməsək də... Bu, hərbi baxımdan da belədir",- deyən Lambrext Almaniya demokratiyasının sabit olduğunu, institutlarının güclü olduğunu bildirib.

"Almaniyanın bu rolu oynamaqdan qorxması üçün heç bir səbəb yoxdur, Almaniya buna nail ola bilər",- deyə müdafiə naziri bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »