Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki zirvə, iki çanta
İki zirvə, iki çanta

Türkiyə Prezidenti Ərdoğanın önümüzdəki günlərdə qatılacağı iki kritik zirvə toplantısında çantasında mühüm sənədlər olacaq. Belə ki, Ərdoğan, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Putinlə taxıl dəhlizi və Ukrayna böhranını dəyərləndirəcək və BMT Baş Assambleyasında PKK-ya verilən dəstəyə son verməklə yanaşı, F-16 məsələsini də gündəmə gətirəcək.

Bizimyol.info xəbər verir ki, Bosniya və Herseqovina, Serbiya və Xorvatiyanı əhatə edən 3 günlük Balkan turunu başa vuran Türkiyə Prezidenti Tayyib Ərdoğan ardıcıl iki zirvə toplantısına qatılacaq. Onun bu həftəki ilk dayanacağı sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçılarının Sammiti olacaq.

15 dövlət başçısı, o cümlədən Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan və Özbəkistan, təşkilata müşahidəçi üzv olan Belarus, Monqolustan və İran prezidentləri, həmçinin Türkmənistan, Azərbaycan və Ermənistan liderləri, sammitə rusiyalı həmkarı Putinin dəvəti ilə qatılacaq. Liderlərlə ikitərəfli görüşlər keçirəcək Ərdoğan, sammit çərçivəsində ən mühüm təması Rusiya lideri Putinlə edəcək.

Bu üzbəüz görüşdə əsas gündəm məsələsi taxıl dəhlizinin fəaliyyəti olacaq. Putinin “taxıl təəssüf ki, zəngin ölkələrə gedir” açıqlamasından sonra Ərdoğan yenə də Türkiyənin koordinasiyası ilə Rusiya məhsullarının gəmilərlə dəhlizdən göndərilməsini istəyəcək.

Məlumata görə, Ərdoğan-Putin görüşünün ən kritik mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq. Ərdoğan rusiyalı həmkarına Türkiyənin vasitəçilik cəhdləri çərçivəsində müharibəni bitirmək və daimi atəşkəsə nail olmaq üçün əlindən gələni etməyə davam edəcəyini çatdıracaq. Türkiyədə liderləri bir araya gətirmək təklifini Putinə təkrarlayacaq olan Türkiyə Prezidenti Ərdoğan, diplomatik həll yolunu vurğulayacaq. İki liderin görüşündə Suriyaya qarşı mümkün hərbi əməliyyatın da gündəmdə olması gözlənilir.

Türk mediasının məlumatına görə, Prezident Ərdoğanın Səmərqənddən sonra növbəti dayanacağı ABŞ olacaq. Ərdoğanın Nyu Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasına qatılacaq. ABŞ proqramı 17-22 sentyabr tarixlərini əhatə edəcək. Sentyabrın 20-də Baş Assambleyada çıxış edəcəyi gözlənilən Ərdoğan, Rusiya-Ukrayna müharibəsindən taxıl daşınmasına, terrorla mübarizədən Yunanıstanla gərginliyə qədər kritik mövzularda dünyaya mesajlar verəcək.

Görüş çərçivəsində Ərdoğanın bir çox dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Görüşlərdə Ərdoğanın Rusiya-Ukrayna müharibəsi, taxıl dəhlizi, Şərqi Aralıq dənizi və Suriyada baş verənlər, BMT -nin islahat təklifi ilə bağlı mesajlar verməsi də gözlənilir.

Bundan əlavə, Ərdoğanın BMT-dəki təmasları çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşü də gündəmdədir.

ABŞ-ın təmaslarında masanın ən mühüm mövzuları F-16 məsələsi, Vaşinqtonun Suriyadakı terror təşkilatlarına dəstəyi, QSD ilə birgə təlim və Yunanıstanın Egeydə təqibləri olacaq. Ərdoğan Türkiyənin F-16 məsələsi ilə bağlı tələblərinin yerinə yetirilməsini və Suriya da daxil olmaqla terror təşkilatlarına verilən dəstəyin dayandırılmasını tələb edəcək.

Qeyd edək ki, sentyabrın 19-da Kraliça II Elizabetin dəfn mərasimində Ərdoğanın da iştirakı planlaşdırılır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »