Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pambığı səhv yazanlar və "pambıqla baş kəsənlər": Hansı daha təhlükəlidir...
Pambığı səhv yazanlar və "pambıqla baş kəsənlər": Hansı daha təhlükəlidir...

“469 müəllim“pambıq”, “anbar” və “şənbə” sözlərinin düzgün yazılışını tapa bilməyib, bu da sertifikasiyada iştirak edənlərin 18%-ni təşkil edir”.

Bu açıqlamanı bir neçə gün öncə təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanında iştirak etmiş və qeyd olunan sözlərin düzgün yazılışını bilməyən müəllimlər haqqında edib. Nəzəri cəhətdən yersiz irad deyil və təbii ki, müəllim adını daşıyan kimsə belə sadə suallara yanlış cavab verməməli idi, amma oldu, ancaq bunu təkcə bilgisizliklə, savadsızlıqla əlaqələndirmək də düşünürəm ki, doğru deyil. Ən azından, demək olar ki, hər kəs ömründə bir dəfə də olsun hər hansısa imtahana girir və təkcə o imtahan stresi insana olduqca çətin anlar yaşada bilir. Həmin otağa daxil olanda, sanki öz soyuqqanlılığını, təmkinini, nizamını bayırda buraxıb gəlirsən. Kimliyindən və daşıdığı ünvandan asılı olmayaraq, psixologiyasında həyəcan olan insanlar sahələrində nə qədər peşəkar olurlar olsunlar, səhv etmək ehtimalı hər zaman 50%-in üzərində olur. Çünki həyəcanlanan insanlar özlərinə nəzarəti qismən itirirlər, doğru qərar vermə qabiliyyəti iflicləşir və nəticə məyusluqla bitir. Yəni bir şəxs imtahana daxil olursa, o imtahandan kəsilməsinin yekun səbəbi savadlızlıq ola bilməz, burda bir çox psixoloji amillər də rol oynayır. Təbii ki, nazirin açıqlamasında olduğu kimi, sözləri səhv bilən müəllimlərin 18% təşkil etməsi xoşagələn hal deyil, ancaq gəlin etiraf edək ki, “pambıq” sözünü səhv yazan müəllim, pambıqla baş kəsən “müəllim”dən dəfələrlə zərərsizdir və yeri gələndə O, öz nöqsanını düzəldə də bilər.

Övladlarımızı əmanət etdiyimiz müəllimlərin hər zaman bilikli , dünyagörüşlü olmasını tələb etməyi bir valideyn kimi həmişə özümüzdə haq bilmişik. Təhsilə, elmə hər zaman bilik, savad prizmasından yanaşmışıq. Baxmayaraq ki, özümüz də nə zamansa parta arxasında olmuşuq, ən savadlı riyaziyyat, yaxud tarix, ya da başqa bir fənn müəlliminin necə dərin savada malik olduğunu müşahidə etmişik, ancaq digəl ki, elə məhz əksəriyyəti həmin qəbildən olan müəllimlər uşağa savad, bilik aşılasa da, tərbiyə, əxlaq, mənəviyyat aşılaya bilməyib. Çünki onlar təkcə bilik imtahanından keçiblər, tərbiyə, əxlaq və insanlıq imtahanından yox. Orta məktəbdə oxuyan bir şagird ən bilikli müəllim kimi tanıdığı insanın hər ay nəyəsə pul yığdığını, ən elit məktəbin hər il iki portret üçün yüzlərlə manat pul topladığını görürsə, böyüdükdən sonra nə qədər savadlı olursa olsun, “pambıq” sözünü nə qədər doğru yazırsa yazsın, vicdandan uzaq, pambıqla baş kəsməyə meyilli biri olaraq inkişaf edəcək. Çünki o, ən “sevimli” müəllimindən belə görüb.

Müstəqilliyimizə qovuşduğumuz gündən bəri imtahanları test üsulu ilə veririk, ancaq “imtahan” şüurunu hələ də dəyişə bilməmişik. Bir müəllim, ya da şagirdin imtahanı hansısa kağız üzərində həkk olunmuş sözlərlə, rəqəmlərlə, xronoloji təqvimlərlə aparılır, mənəviyyat dərəcəsini ölçüb qiymətləndirən, əxlaqi yönlərini aşkara çıxaran test üsulları isə hələlik bizə yaddır. Ona görə də, “pambıq”ı düz yazıb, pambıqla baş kəsənlərə hər zaman yaşıl işıq yanacaq.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »