Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahalaşmanın həqiqi səbəbləri nədir: Hökumətin izahı əsassızdır
Bahalaşmanın həqiqi səbəbləri nədir: Hökumətin izahı əsassızdır

Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin anidən bahalaşması bir çox zaman həmin məhsulun məhdudiyyəti, idxalının zəifliyi, ya da ümumdünya böhranına, bahalaşmaya bağlanılsa da, işi araşdıranda görürsən ki, həqiqət heç də elə deyil.

Məsələn, bu ilin yaz aylarında pomidorun qiyməti üç manatın üzərinə çıxmışdı, Afrikadan gələn banan Azərbaycanda yetişən pomidordan iki qat ucuza satılırdı. Daha sonra məlum oldu ki, pomidorun qiymətinin artmasının səbəbi tonlarla məhsulun Rusiyaya göndərilməsi və bu sektorun yalnız bir nəfərə bağlı olması imiş. Həmin vaxt Rusiyaya göndərilən tonlarla pomidor ölkəyə buraxılmadığı üçün xarab olmağa üz tutduğundan, yenidən Azərbaycana qaytarılmışdı. Məsul qurumların bir çoxu bahalaşmanı yuxarıda qeyd etdiyim səbəblərə bağlasa da, bu açıqlamalar sadəcə, şablon xarakter daşıyır. Azərbaycanda istehsal olunan, hətta xarici ölkələrə ixrac olunan qida məhsullarının öz ölkəmizdə əlyandıran qiymətlərə qaldırılmasını məhsulun illik istehsalının zəifliyi ilə, fəsillərlə, hava şəraiti ilə, bir sözlə, ağla gələn-gəlməyən bütün bəhanələri səbəb gətirib üzərini örtürlər.

Məsələn, ərzaq mağazalarında satılan süd və süd məhsullarının qiyməti bir ay ərzində 45-50, bəzi yerlərdə də 60 qəpik artıb. Kilosu 5 manat 30 qəpik olan İsmayıllı kəsmiyinin qiyməti bir həftə içində 5 manat 70 qəpiyə qalxıb. Bəzi “ekspertlər” bunu bahalaşan heyvan yemləri, azalan maldarlıq təsərrüfatı, hətta hərdən bu şablonların arasına “ümumdünya ərzaq böhranı”nı da əlavə edərək, bəh-bəhlə izah edirlər. Ancaq gəlin görək, həqiqət nədir? Azərbaycanda süd məhsulları niyə hər ay bahalaşır? Ümumiyyətlə, bu məhsulun Azərbaycanda idxalı, ixracı nə vəziyyətdədir?

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov  ölkə mətbuatına verdiyi açıqlamasında Azərbaycanın Qətər və Ərəb Əmirliklərinə süd məhsulları ixrac edəcəyini bildirmişdi. Onun sözlərinə görə, yerli süd bazarındakı vəziyyət, məhsulların satışı ilə bağlı problemlər emal müəssisələrini ixrac barədə düşünməyə vadar edib: "Söhbət əsasən pendir ixracından gedir. İxrac üçün hazırlıq görülür və yaxın zamanlarda həyata keçirilməsi planlaşdırılır”.

Ölkə daxilində məhsulların satışı ilə bağlı problem niyə yaranır? Ona görə ki, qiymətlər kəlləçarxa qaldırılır və insanlar ciblərindəki pula baxıb, məhsulu almaqdan imtina edirlər. Məhsuldan daha yüksək qazanc əldə etmək üçün ölkədaxilində qiymətlər qaldırılır, daha sonra isə bu, səbəb gətirilərək, ölkəxaricinə ixrac edilir. Qiymətlər normal, münasib olsa, məhsulun satışında niyə problemlər yaransın?..

Daha bir fakt – Dövlət Gömrük Komitəsi iyul ayında açıqlama verərək, bildirib ki, Azərbaycan bu ilin birinci yarısında 8,1 milyon dollar dəyərində 5,2 min ton süd idxal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,1% və ya 2,3 mln. dollar çoxdur. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,13%-ni təşkil edib.

Ölkənin gəldiyi vəziyyət belədir: bir tərəfdən öz boğazımızdan kəsib, ərəblərə süd içizdiririk, digər tərəfdən südün idxalını 41% qaldırıb, iki qat qiymətlə vətəndaşlarımıza sırıyırıq.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »