Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlər arasında nə baş verir...
Jurnalistlər arasında nə baş verir...

Gündəmdə olan əsas müzakirə mövzularından biri jurnalistlər – “Haqqin” xəbər portalının rəhbəri Eynulla Fətullayevlə “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı arasındakı qalmaqaldır. Söhbət “Baku Steel Company” MMC – poladəritmə zavodunun Müşahidə Şurasının sədri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədova görə yaranmış qalmaqaldan gedir.

Bizimyol.info xəbər verir ki, Eynulla Fətullayev Əvəz Zeynallını şantaj yoluyla 20 min manat pul almaqda ittiham edir. İddia edir ki, “Xural TV” rəhbəri Rasim Məmmədov haqqında böhtan və tənqidi materiallara son qoymaq üçün onun ailəsindən bu pulu alıb.

Eynulla Fətullayevin sözlərinə görə, Əvəz Zeynallı sonradan razılaşmaya əməl etməyib. O, Rasim Məmmədovu təhqir edib, onu “Azərbaycanda metallurgiya sənayesinin qatili” adlandırıb. Buna cavab olaraq, biznesmenin ailəsi verdiyi pulu geri tələb edib.

Onun iddiasına görə, 20 min manat Rasim Məmmədovun vəkili Elçin Sadıqov vasitəsilə Əvəz Zeynallıya çatdırılıb.

Eynulla Fətullayev vəkillə Əvəz Zeynallı arasındakı danışığın səs yazısını da yayımlayıb. O danışıqdan belə anlaşılır ki, Əvəz Zeynallıya Rasim Məmmədov haqqında səsləndirdiyi fikirlərlə bağlı irad bildirilir. O isə cavabında belə deyir:

“Niyə biabır olursan ki, qardaş? Mən onun haqqındakı xəbəri (efirdə) oxumuşam, demişəm ki, çıxışında kimləri işarə edir, onu qorumaq lazımdır. Əksinə, mən onu piar eləmişəm. Özü də artıq mediada getmiş xəbəri oxumuşam. Mən onu müdafiə eləyəsi deyildim ki. Biabır oldunsa, biz görüşək, o məsələni mən iadə edim, qaytarım...”

Səs yazısının yayılmasından təxminən 3-4 saat sonra Eynulla Fətullayev 20 min manatın Rasim Məmmədovun ailəsinə qaytarılması haqda məlumat yayıb.

Vəkil Elçin Sadıqov isə istər Rasim Məmmədovun ailəsindən bu məsələ ilə əlaqədar pul alınması, istərsə də həmin vəsaiti Əvəz Zeynallıya özünün çatdırması haqda deyilənləri təkzib edib. Vəkil bildirib ki, mediada bu barədə məlumatları oxuyandan sonra Rasim Məmmədovun ailəsilə əlaqə saxlayıb. Lakin ailə bu iddianı təkzib edib.

Səs yazısındakı “mən də iadə edim, qaytarım” məsələsinə gəlincə, Elçin Sadıqov bildirib ki, söhbət heç də puldan getmir: “Orada söhbət Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən gedir. Əvəz bəy həmin sənədləri qaytarmağı nəzərdə tutub”.

Eynulla Fətullayev isə deyir ki, vəkil yalan danışır. Onun sözlərinə görə, məsələ ictimailəşəndən sonra 20 min manat ailəyə də vəkilin vasitəsilə qaytarılıb.

Əvəz Zeynallı da Eynulla Fətullayevin dediklərini şər-böhtan adlandırıb. Hesab edir ki, fəaliyyətinə görə sifarişlə ona qarşı qarayaxma kampaniyası başlayıb.

O bildirib ki, əgər Eynulla Fətullayevdə az da olsa, peşəkarlıq varsa, bu halda, günün sonuna qədər ondan üzr istəməlidir. Çünki onun dedikləri açıq şəkildə təkzib olunub: “Elçin Sadıqov da, ailə də təkzib elədi. Əslində, haqqında fikir bildirilməsinə ehtiyac olmayan qədər önəmsiz məsələdir. Eynulla öz ampluasındadır”.

Əvəz Zeynallı 2011-ci ildə də bənzər şər-böhtana məruz qaldığını yada salıb. Həmin vaxt deputat olan Gülər Əhmədova ondan şikayətçi olaraq həbs etdirmişdi.

“O vaxtkı səs yazısında da onun kablukunun taqqıltısından başqa heç nə yox idi...”, - Əvəz Zeynallı bildirib.

“Xural TV” rəhbəri əlavə edib ki, Rasim Məmmədovu daim tənqid edib: “Bundan sonra da onu tənqid edəcəm. O, Azərbaycanda metallurgiya sənayesinin belini qırıb”.

Qeyd edək ki, Əvəz Zeynallının səs yazısı naməlum şəxs tərəfindən Youtube şəbəkəsində reklama qoyulub. Yəni kimsə pul yatıraraq bu səs yazısını daşıyan videonun daha çox adama göstərilməsinə çalışır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »