Bir müddət öncə “MehNur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə göstərilməsi ölkədə böyük rezonans doğurdu. Bəs əslində əqli məhdudiyyətli uşaqlarla necə davranmaq lazımdır?
Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, çoxumuz zehni qüsurlu insanlarla qarşılıqlı əlaqələrdə istəmədən səhvlərə yol veririk. Bəzən isə əksinə, onları yenidən cəmiyyətə yanlış inteqrasiya etmək cəhdlərimizə görə onları cəmiyyətdən uzaqlaşdıra bilərik. Peşəsindən, statusundan asılı olmayaraq bu həssas mövzuda düzgün biliyə sahib olmaq və bu bilikləri tətbiq etmək cəmiyyətdəki hər bir fərdin borcudur.

“Əqli məhdudiyyətli uşaqlar xüsusi təhsil tələb edən və həmyaşıdları ilə müqayisədə fiziki və ya əqli cəhətdən qeyri-kafi olan və bəzi fənlər üzrə öz ehtiyaclarını ödəyə bilməyən fərdlərdir. Ancaq bu, onların hamı kimi yaşamaq və sosiallaşmaq hüququna malik olması faktını dəyişmir. İnkişafın müəyyən mərhələsində bir çox zəhmətlər və səbr hesabına bir çoxları normal duruma yetişə bilirlər.
İlk öncə adi fərdlərin zehni məhdudiyyətli uşaqlarla necə davranmalı olğunu qeyd etmək istəyirəm. Əqli qüsurlu fərdlərlə ünsiyyət qurarkən sadə, asan başa düşülən və aydın cümlələrdən istifadə etməyə üstünlük verin. Səbirli olun və sizinlə əlaqə qurmaq üçün vaxt verin. Nitq çətinlikləri olan insanlarla ünsiyyət qurarkən və onlarla söhbət edərkən onlara lazım olan qədər vaxt verin. Hörmətli olun və onlar üçün sözləri tamamlamaqdan çəkinin. Sözləri özləri tamamlasınlar”,- deyə psixoloq əalvə edib. Onun sözlərinə görə, bu qədər həssas bir durumda olan fərdlərin inkişaf mərhələsində olduğunu və həyatı hələ yeni öyrəndiklərini, öyrəndiklərini isə ömür boyu özüləri ilə daşımalı olduqlarını unutmamalıyıq.
Psixoloq Nura Cəfərzadə bildirir ki, onların həyatı kifayət qədər çətindir, buna görə də onlara empatiya ilə yanaşmalıyıq.
“Hərdən bəzi insanlar empatiyanın dozasını qaçırdaraq yazıq, qurban kimi davranır məhdudiyyətli insanlarla. Bütün bunlara diqqət yetirməli və daha həssas olmalıyıq bu mövzuda. Bəzi insanlar isə yuxarıda sadaladıqlarımın tam əksinə məhdudiyyətli qayğıya ehtiyac olan uşaqlarla kobud davranır. Bu hərəkətlər onlarda özgüvən, insanlara qarşı inamsızlıq yaradır və onsuz da mövcud olan insanlarla ünsiyyətdə adaptasiya çətinliklərini yaradır”,- deyə psixoloq qeyd edib.
İlahin, Bizimyol.info