Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna müharibəsində ikinci cəbhə: Belarus sərhədində həyəcan
Ukrayna müharibəsində ikinci cəbhə: Belarus sərhədində həyəcan

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. Müharibə 7-ci aydır ki, davam edir və Belarusda hərbi fəallıq müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə fevralın 24-də saat 06:00-da başlayan müharibə son vaxtlar Ukraynanın şərq bölgələrində cəmləşib. Ukrayna ordusunun Xerson istiqamətində hücumu davam edir. Rusiya Ukrayna qüvvələrinin böyük itki verdiyini, Kiyev isə bir çox əraziləri geri aldığını iddia edir.

Müharibə can almaqda davam edərkən, Belarus sərhədində dünyanı narahat edən hadisələr baş verir. Belə ki, Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, Belarus Polşa və Ukrayna ilə sərhədə yaxın bölgədə hərbi təlimlər keçirməyə başlayıb.

Sentyabrın 14-dək davam etməsi planlaşdırılan təlimlər çərçivəsində “düşmən tərəfindən müvəqqəti zəbt edilən torpaqların geri alınması” ssenarisinin həyata keçiriləcəyi açıqlanıb.

Əlavə edək ki, təlimdən əvvəl Belarusun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) məlumat verməməsi regionda gərginliyi artırıb. Nazirlik isə iddia edib ki, təlimdə iştirak edən qoşunların və hərbi texnikanın səviyyəsi ATƏT-i xəbərdar etmək öhdəliyi səviyyəsindən aşağıdır.

Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko son bəyanatlarında NATO və qərb ölkələrini açıq şəkildə hədələyib. “Qərb anlamalıdır ki, gərginliyi artırmağı seçsə, heç bir helikopter və ya təyyarə onları xilas edə bilməz”, - deyə Lukaşenko bildirib.

Əvvəllər Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə döyüş təyyarələrini nüvə silahı daşıya biləcək şəkildə modernləşdirməyə razılaşdıqlarını ifadə edən Lukaşenko sözlərini belə davam etdirib:

“Putin və mən Sankt-Peterburqdakı görüşümüzdə qərara gəldik ki, Su-24 döyüş təyyarələrimizi nüvə silahı daşıma qabiliyyətinə görə inkişaf etdirək. Hər şey hazırdır”.

Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya lideri ilə uzun illər tərəfdaşlığı var. Qərb mediası Lukaşenkonun Putinin köməyinin əvəzini illər əvvəl ödədiyini iddia edir.

Belə ki, Rusiya 2014-cü ildə Ukraynanı ilk dəfə işğal edəndə Lukaşenko olduqca neytral qaldı. Daha sonra 2019-cu ildə Zelenski Prezident seçiləndə Lukaşenko dost əlini uzadıb və iki ölkə arasında əlaqələri gücləndirmək istədiyini iddia etdi.

Lakin iki ölkə arasında dostluq əlaqələri 2020-ci ilin avqustunda Belarusda başlayan kütləvi etirazlara qədər davam etdi. Belarusda mübahisəli seçkilərdən sonra minlərlə insan küçələrə axışsa da, Lukaşenkoya gözlənilən dəstək Kremldən gəldi.

Putinin sayəsində ölkəsindəki nümayişlərini yatıran Lukaşenko o vaxtdan bəri Rusiya liderinin ən yaxın müttəfiqlərindən biri olub.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »