Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan dünyaya yalvarır: "Türkiyə Yunanıstanı Ukraynaya çevirəcək"
Yunanıstan dünyaya yalvarır: "Türkiyə Yunanıstanı Ukraynaya çevirəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana qarşı açıqlamalarına görə hərəkət edən Afina müharibə təhlükəsi iddiası ilə Türkiyədən dünyaya şikayət edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftəsonu qatıldığı tədbirdə “Ey yunanlar, tarixə baxın, tarixə qayıdın, daha da irəli getsəniz, nəticəsi ağır olacaq. Yunanıstan üçün bircə cümləmiz var, İzmiri unutma. Adaların işğalı bizi maraqlandırmır. Zamanı gələndə nə lazımdırsa, edəcəyik. Necə deyərlər, bir gecə qəfildən gələ bilərik” deməsi Yunanıstanda gündəmin əsas mövzularından birinə çevrilib.

Bu arada Avropa Birliyi öz narahatlığını dilə gətirərkən, ABŞ Dövlət Departamenti Afinanın iddialarını dəstəkləyib və “Yunanıstanın adalar üzərində suverenliyi şübhə altına alına bilməz” deyə bildirib.

Aldığı beynəlxalq dəstəkdən xoşbəxt olan Yunanıstan son şikayət məktublarında qalmaqallı açıqlamalar verib. Politico internet saytının xəbərinə görə, Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın imzaladığı son məktubda Türkiyənin Yunanıstana qarşı aqressiv ritorikasına son qoyulmadığı təqdirdə Avropanın “yeni Ukrayna” riski ilə üzləşəcəyini iddia edib.

O, Ərdoğanın sözlərini “Yunan xalqı üçün qəbuledilməz bir təhlükə” olaraq xarakterizə edərək beynəlxalq qurumlardan Türkiyəni dərhal qınamalarını tələb edib.

“Bunu vaxtında etməmək və vəziyyətin ağırlığını lazımınca qiymətləndirməmək bizi qitəmizdə baş vermiş oxşar hadisəni yenidən yaşamaq təhlükəsi ilə üz-üzə qoyur. Bu, heç birimizin görmək istəmədiyi bir şeydir”,- deyə məktubda bildirilib və Türkiyənin ritorikası Rusiyanın Ukraynaya təcavüzü ilə müqayisə edilib.

Yunanıstan naziri Dendias məktubda Türkiyədəki seçkilərə də toxunub və Ərdoğanın seçki öncəsi sözlərinin daxili siyasətə yönəldiyi iddiasının doğru olmadığını düşündüklərini bildirib. Dendias NATO-nun baş katibi Yens Stoltenberqə ünvanladığı məktubda “Türkiyənin rəftarı NATO-nun birliyini pozan, böhran dövründə İttifaqın cənub cinahını zəiflədən bir faktordur” deyə bildirib.

Xatırladaq ki, Türkiyə ilə Yunanıstan arasında hava məkanından tutmuş Egey dənizindəki adalara, dəniz yurisdiksiyaları və kontinental şelflərə, Aralıq dənizi və Kiprdəki karbohidrogen ehtiyatlarına qədər bir çox mövzuda gərginlik son vaxtlar sürətlə artmaqdadır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »