Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanlılarda yaponlara qarşı çox böyük sevgi hissi var" - Vada Cuniçi
"Azərbaycanlılarda yaponlara qarşı çox böyük sevgi hissi var" - Vada Cuniçi

Dünən - 7 sentyabr tarixində Beynəlxalq Muğam Mərkəzində Yaponiya və Azərbaycan diplomatik əlaqələrinin 30-cu illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Tədbirin açılışı ölkələr arası 30 illik dostluğa həsr edilmiş videoçarxla baş tutub. Daha sonra yaponiyalı nümayəndə tərəfindən hər iki ölkənin dövlət himnləri səsləndirilib. İlk çıxış nitqi ilə tədbiri başladan Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi qeyd edib ki, Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin əsası 1992-ci il 7 sentyabr tarixində qoyulub.

“Ümummilli lider Heydər Əliyevin və zati aliləri cənab İlham Əliyevin rəsmi səfərlərindən başlayaraq, ölkələrimiz arasında çox sayda səfərlər baş tutmuşdu. İqtisadi sahədə, Azərbaycanın neft resurslarının inkişafında Yapon şirkətləri də iştirak edirdi. Həmçinin Yaponiya dövlətinin və yapon şirkətlərinin dəstəyi ilə ən qabaqcıl texnologiyalarla iki elektrik stansiyası inşa edilmiş və bununla Azərbaycanın enerji bazasının qoyulmasında dəstək olunub. Bütün bunların nəticəsidir ki, ölkələrimiz arasında gözəl əlaqələr var.

Yaponiya ilə dostluq əlaqələri Azərbaycanın müxtəlif regionlarında öz bəhrəsini vermişdir. Belə ki, Yaponiya höküməti regionlarda 280 ədəd “ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı həyata keçirmiş, tibb məntəqələri, bağçalar, içməli su sistemləri, tullantılarının emalı və s. digər sahələrə yardım etmişdir. Bunların hər biri yapon xalqının dostluq simvollarıdır” - deyə səfir qeyd edib.

Səfir Vada Cuniçi bildirib ki, Azərbaycan uzun illər torpaqlarının işğal altında olması kimi ciddi problemlı qarşı-qarşıya qalmışdı. Həmin dövrlərdə yapon şirkətləri Azərbaycanın bu çətinliklərin üstəsindən gəlməsi üçün dəstək göstərmişdir. Onlardan biri də qaçqın və məcburi köçkünlərin görmə qabiliyyətlərinin bərpası məqsədilə eynəklərin paylanması fəaliyyəti olmuşdur. Bu fəaliyyəti Yaponiyanın Fuji Optikal şirkəti həyata keçirib.

Vada Cuniçi Vada Cuniçi

“Azərbaycanlılarda yaponlara qarşı çox böyük sevgi hissi var. Yaponiyada təhsil almış 200-dən çox tələbə, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi proqramı ilə Yaponiyada təcrübə keçmiş 750 nəfər şəxs, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində yapon dilinə çox böyük həvəs olduğunu düşünürəm” - deyən səfir vurğulayıb ki, indiki dövr təkcə keçən 30 ili deyil, qarşıdan gələn 30 ildə ölkələrarası münasibətlərin düşünülməsinə ehtiyac olan bir dövrdür. Onun sözlərinə görə, ölkələrarası dostluq əlaqələrinin genişləndirilməsi üçün indi çox böyük potensial var. İlk olaraq Bakı ilə Tokio arasında birbaşa uçuş reyslərini açılması hədəflənir. Bununla yanaşı, rəqəmsal, ətraf mühit və qida kimi sahələr də əməkdaşlıq üçün çox arzuolunan sahələrdir.

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üçün Yaponiya müxtəlif formalarda dəstək göstərməyə maraqlıdır. Bizim parlaq gələcəyə addımladığımız zaman ən vacib məqamlardan biri insanların Yaponiya və Azərbaycan insanlarının bir-birinə qarşı sevgi yaranması üçün addımların atılmasıdır” - deyə səfir vurğulayıb.

Tədbirə dəvət olunan Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edərək, ölkələrarası əməkdaşlıqdan söz açıb. O, qeyd edib ki, yapon şirkətləri Qarabağdakı quruculuq işlərinə dəstək göstərirlər. Nazir, eyni zamanda Qarabağı yaşıl enerji zonasına çevirmək üçün Yaponiya şirkətlərini əməkdaşlığa dəvət edib.

Nazir Muxtar Babayev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya Azərbaycanın əsas tərəfdaşlarından olub.

“2022-ci il həm diplomatik münasibətlərin qurulmasının 30 illiyi, eyni zamanda Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının XI iclasının keçirilməsi baxımından çox əlamətdar oldu. Ölkələrarası iqtisadi əməkdaşlığın inkişafı üçün hər iki ölkənin səfirlikləri və şəxsən səfirlərin töhfəsini xüsusi qeyd etmək istərdim. Ölkələr arası iqtisadi əməkdaşlığın böyük potensialını nəzərə alaraq, ticarət dövriyyəsinin artırılması əsas istiqamətlərdən birini təşkil edir. İki gün öncə keçirilən Azərbaycan Yaponiya arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasında Yaponiya tərəfindən iş adamları iştirak edirdi” - deyə nazir əlavə edib.

Daha sonra Şimal-1 elektrik stansiyasının inşası zamanı fəaliyyət göstərmiş layihə meneceri Sato Mitsuyuki çıxış edərək qeyd etdi ki, onu Azərbaycana səfəri 30 il bundan əvvələ təsadüf edib.

“Mən 1997-ci ildə ilk dəfə Azərbaycana səfər etmişəm. Həmin dövrdən bu günə kimi Azərbaycanın çox sürətlə inkişaf etmiş iqtisadiyyatını görürəm və mən bunun canlı şahidiyəm” - deyə Mitsuyuki qeyd edib.

Layihə rəhbəri bildirib ki, Azərbaycanın enerji sisteminə kiçik də olsa töfhə verildiyinə inanır:

“Mən bunu yapon olaraq çox gözəl görürəm. Azərbaycan xalqı, yapon xalqına hər zaman çox dəyər verib. 2011-ci ildə Yapon zəlzələsi zamanı buradaki dostlarımın mənəvi dəstəyini görmüşəm.

Azərbaycan və Yaponiya arasında dövlətlərarası münasibətlərin daha da güclənməsi cənab səfir və səfirlik əməkdaşlarının sayəsində olub. Biz də buna kiçik töfhə verdiyimiz üçün özümüzü xoşbəxt hiss edirik. Yaponiya və Azərbaycan əbədi dost olacaq” - deyə Sato Mitsuyuki əlavə edib.

Tədbirdə çıxış edən Fuji Optikal şirkətinin rəhbəri Akio Kanai qeyd edib ki, o ABŞ-ın Kaliforniya şirkətində fəaliyyət göstərən həkim-oftometrist və görmə üzrə mütəxəssisdir.

“2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edərək, BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının dəstəyi ilə Qarabağ müharibəsi zamanı köçkün düşmüş, ölkə ərazisində 1 milyondan çox qaçqın və köçkünün, eyni zamanda ətraf ölkələrdən olan çeçen və əfqan qaçqınlarının hər birinin görmə qabiliyyətini yoxlayaraq optik eynək tədarükünü həyata keçirdim. İndiyə qədər Beyləqan, Füzuli, Ağdam, Tərtər, Şəkini gəzərək 33 min nəfəri müayinə etmiş, 65 min nəfərə yaxın şəxsi isə optik eynəklə təmin etmişəm. Hər bir regionda xoş təcrübə qazanmışam” - deyə Kanai vurğulayıb.

“Bu həvəskarlardan biri olaraq Yapon dili və məədniyyətini öyrənərək, bunu öz ixtisasım kimi seçməyim və bu gün burada öz təcrübəmi sizinlə bölüşə bilmək mənim üçün böyük sevincdir. Azərbaycanda yapon dili və ixtisasi ilk Bakı Dövlət Universitetində daha sonra isə Xarici Dillər Universitetində başlamışdır. Hazırda isə, Telman Abbasov adına 215 saylı orta məktəbdə də tədris olunmaqdadır. 2000-ci ildən bəri təkcə BDU-da 18 buraxılış olmuş, 168 tələbədən 78-i Yaponiyanın müxtəlif universitetlərində öz təhsillərini davam etdirməyi bacarmışlar. Tələbələr hər il keçirilən “Yapon dili üzrə natiqlik” müsabiqəsində iştirak edir, Azərbaycan üzrə birincliyi qazanaraq Moskva Yapon dili müsabiqəsində iştirak edərək, 6,5 və 3-cü yerlərə layiq görülmüşlər. Ötən il bu müsabiqəyə mən də qoşuldum və qalib olaraq Azərbaycanı təmsil etmə fürsəti qazandım” - deyə tələbə Nuray Rəsulzadə qeyd edib. Onun sözlərinə görə, uzaq şərq dilləri kafedrasının nailiyyətləri Yaponiya tərəfindən xüsusi qiymətləndirilmiş və Azərbaycanda Yapon dili məktəbinin yaradılması xüsusi xidmətlərinə görə, 2022-ci Yapon dili müəlli Cəlilbəyli Oqtay Babaəli oğlu orden ilə mükafatlandırılmışdır.

“Dil müsabiqələrindən başqa Azərbaycanda Yaponiya səfirliyinin təşkilatçılığı ilə Yaponiyanı tanıdan tədbirlər, konfranslar, festivallar və Yaponiya mədəniyyət günləri keçirilməkdədir. Azərbaycanda yaponsevərlərin sayı ildən ilə artır. Biz inanırıq ki, Azərbaycanda yaponşünaslığın tədrisi iki dövlətin, iki xalqın bir-birini yaxından tanımasına köməklik edəcək. Bizə gələcəkdə bu əlaqələri genişləndirmək arzusundayıq” - deyə Nuray Rəsulzadə əlavə edib.

Daha sonra Kumon tədris metodundan bəhs edən video yayımlanıb. Tədbir aparıcısı tərəfindən qeyd edilib ki, İsmayıllı və Bakıda Yapon bağı salınıb. Bununla bağlı qonaqlara kiçik videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda yaponiyalı caz ifaçısı, Azərbaycan milli musiqi alətlərinin sədaları altında Yaponiya və Azərbaycan musiqiləri səsləndirib.

Xatırladaq ki, sabah 8 sentyabr tarixində Yamamoto Kyokonun ifasında caz konserti təşkil ediləcək. Konsertdə Yaponiya ilə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı xüsusi musiqi parçaları da ifa olunacaq.

Qeyd edək ki, Yaponiyanın Bakıdakı Səfirliyi 21 yanvar 2000-ci ildə açılıb. Azərbaycan Respublikasının Tokiodakı Səfirliyi 12 oktyabr 2005-ci ildə açılıb.

Bizimyol.info xəbər portalı tədbirdə səslənən musiqi parçalarına aid videoları təqdim edir:

@bizimyolinfo ???? Yaponiyalı caz ifaçısı Yamamoto Kyokonun ifasında "Sarı gəlin" mahnısı #sarıgəlin #bizimyolinfo #bizimyol ♬ orijinal ses - Bizimyol.info

@bizimyolinfo ?? Yaponiyalı caz ifaçısı Yamamoto Kyokonun ifasında yapon mahnısı #yaponiyalı #bizimyolinfo #bizimyol ♬ orijinal ses - Bizimyol.info

@bizimyolinfo ???? Yaponiyalı caz ifaçısı Yamamoto Kyokonun ifasında "Sakura" mahnısı #sakura #yaponiya #bizimyolinfo #bizimyol ♬ orijinal ses - Bizimyol.info

@bizimyolinfo ???? Yaponiyalı caz ifaçısı Yamamoto Kyokonun ifasında yapon mahnısı #yaponiya #bizimyolinfo #bizimyol ♬ orijinal ses - Bizimyol.info

İradə Cəlil - Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »