Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ya o çılpaq görüntülərə müstəntiqlə birlikdə baxıb, ya da polislər telefona girib...”
“Ya o çılpaq görüntülərə müstəntiqlə birlikdə baxıb, ya da polislər telefona girib...”

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovu cinayətkar sayanların əsas arqumentlərindən biri də bu idi ki, onun telefonundan cizgi filmlərinə, animasiyalara baxıldığı aşkarlanıb. İddia olunurdu ki, həmin “Maşa və ayı”, “Tom və Cerri” və s. cizgi filmlərinə onun telefonundan Nərminə görə baxış olub.

Bizimyol.info xəbər verir ki, sentyabrın 7-də məhkəmədə İlkin Süleymanovun telefonunda nələrə baxılmasıyla bağlı ekspertiza rəyi açıqlanıb. Bu rəy “Nərmin işi”ndə növbəti biabırçılığı üzə çıxarıb.

Ekspertiza rəyində iddia olunur ki, İlkin Süleymanovun telefonundan internetdə cizgi filmləri, animasiyalar, eləcə də pornoqrafik materiallara baxılıb. Diqqətçəkən məsələ isə 8 yanvarda telefonda baxıldığı iddia olunan materiallarla bağlıdır.

Cinayət işinin materiallarında yazılıb ki, 8 yanvar 2020-ci ildə səhər saat 10.00-dan 14.00-a qədər İlkin Süleymanov müstəntiqə ifadə verib.

Ekspert rəyində isə göstərilib ki, 8 yanvar 2020-ci ildə saat 11.50-də İlkin Süleymanov telefonunda internetdə çılpaq qadın, transseksualların görüntülərinə baxıb.

“İlkin Süleymanov səhər saat 10.00-dan 14.00-ə qədər müstəntiqin yanında şahid kimi ifadə verib. İlkin Süleymanov necə olub ki, saat 11.50-də çılpaq qadına, transseksuallara baxıb telefonda? Deməli, belə çıxır ki, ya çılpaq şəkillərə müstəntiqlə birlikdə baxıblar, ya da İlkinin dediyi kimi, yanvarın 6-da saxlanılanda telefonu ondan alıb, bir daha qaytarmayanlar – polislərin özləri baxıb. İstər açıq-saçıq şəkillərə, istərsə də cizgi filmlərinə qəsdən daxil olublar ki, sonradan ekspertizadan belə bir rəy alıb İlkinin əxlaq problemi olması, guya Nərminə cizgi filmləri göstərməsi görüntüsü yaratsınlar”, - vəkil Əlibaba Rzayev bildirib.

İlkin Süleymanov özü də bildirib ki, o, telefonda nə cizgi filmləri, uşağa aid materiallara, nə də pornoqrafik görüntülərə baxıb. O vurğulayıb ki, yanvarın 6-da axşam saat 20.00 radələrində - yanmış meyit tapılandan dərhal sonra onu saxlayıb, telefonunu da həmin vaxtdan əlindən alıblar.

Məhkəmədə mobil operatordan alınmış arayış da elan olunub. Arayışdan aydın olur ki, İlkin Süleymanov yanvarın 6-da saxlanılandan sonra – yanvarın 7-8-də də onun telefonuna zəng gəlib-gedib. Onun həm özü, həm də vəkilləri deyir ki, telefon hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətində olub, onlar zəng ediblər.

Vəkil Zabil Qəhrəmanov vurğulayıb ki, şəxsin telefonu götürülürsə, bu barədə protokol olmalıdır. Amma belə bir protokol iş materiallarında yoxdur. Telefonda şəxsi həyata aid materiallar olduğuna görə ona baxış keçirilməsi üçün müvafiq məhkəmə qərarı olmalıdır. Bu da yoxdur.

Sənədlərin elanından o da məlum olub ki, İlkin Süleymanov haqqında həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılarkən o, məhkəmədə üzərindəki işgəncə izlərini göstərib. Həmçinin vəkilləri də bununla əlaqədar prokurorluğa şikayət edib. Eyni zamanda, istintaqda vəsatət qaldırıblar ki, İlkin Süleymanov üzərindəki xəsarət izlərilə əlaqədar tibbi ekspertizadan keçirilsin. Lakin müstəntiq vəkillərin bu vəsatətini təmin etməyib.

Maraqlı məqamlardan biri də budur ki, necə olub, yanvarın 8-də İlkin Süleymanov şahid qismində verdiyi ifadəsində bu cinayətə aidiyyəti olmadığını deyib, yanvarın 10-da isə Nərmini oğurlayıb öldürdüyünü bildirib.

Yanvarın 8-də şahid qismində verdiyi ifadədə bildirib ki, axşamtərəfi saat 19.30 radələrində siqaret çəkmək üçün darvazanın qarşısına çıxanda evləri ilə üzbəüzdə dərəyə bənzər ərazidə yanğın görüb. Adətən zibil atılan həmin ərazidə bir müddət əvvəl zibil yanğını nəticəsində ağaclar yanıb. Ona görə bu dəfə yanğını görən kimi dərhal o tərəfə gedib ki, yanğının ağaclara keçməsinin qarşısını alsın. Yaxınlaşanda orada meyit görüb və bundan sonra evinin hasarı həmin ərazidə olan Nazim Vəliyevi çağırıb. Daha sonra onlar əmisi oğlu, Tovuz rayonunda Post-Patrul Alayında çalışan Murad Süleymanovu çağırıblar. Murad Süleymanov isə zəng edərək, öz rəisi – Post-Patrul Alayının komandirinə bu barədə məlumat verib. Bundan sonra əraziyə polis rəisi Şirzad Əsgərov və onun müavini Şahlar Cəfərov gəlib.

İlkin Süleymanovun işi üzrə məhkəmə araşdırmaları il yarıma yaxındır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »