Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
13 yaşlı ana - kişilikdən xəbəri olmayanların qurbanı...
13 yaşlı ana - kişilikdən xəbəri olmayanların qurbanı...

Bakıda 13 yaşlı qız ana olub... 13 yaş... Yadıma gəlir, mənim 13 yaşım olanda dərs kitablarından başımı ayıra bilmirdim ki, oxumalıyam, təhsil almalıyam. Təhsil almalıyam ki, cəmiyyətdə özümə yer edə bilim. Bu gün bu xəbəri oxuyanda yadıma kəndimiz düşdü. Hə, 13 yaşlı qıza təcavüz edərdilərmi? Edərdilər. Bir gün məktəbə gələndə eşitdik ki, kəndin köhnə hamamında ədəbiyyat müəlimimizin oğlu sevdiyi qıza təcavüz edib... Hamımız qızın məktəbə gəlib-gəlməyəcəyi barədə düşünürdük. O qız bir daha məktəbə gəlmədi. Aradan 5-6 ay keçdi, dedilər Sərvi ailə qurub. Hətta “əxlaqsız ol, bəxtin olsun” deyənlər də tapıldı.

Bizim kənddə də hər şeydə qız günahkar idi. Döyüldünsə, söyüldünsə, təcavüzə uğradınsa günahkar elə sən özün idin. Deyirdilər ki, “düyə göz vurmasa, kələ böyürməz”. Bəli, axmaq misaldır. İllər keçdi, eşitdim ki, Sərvi kafelərin birində qabyuyan işləyir. Gedib görə bilərdim, getmədim ki, keçmişi yadına salmayım. Deyilənə görə, yüngül həyat tərzi keçirirmiş. Ədəbiyyat müəlimimizin oğlu isə başı bağlı, qapalı bir qızla ailə qurdu...

Aradan uzun illər keçib. Amma bizim cəmiyyətdə dəyişən heç nə yoxdur. Azyaşlı qızlar özünü kişi hesab edən əslində isə, kişilikdən xəbəri olmayan insancıqların ehtiraslarının qurbanına çevrilir. 13 yaşlı qızın ana olması bu gün sözün əsl mənasında fəlakətdir. Bu, cəmiyyətin bir fəlakətidir. Amma təəssüflər olsun ki, bu gün uzağı təcavüzçü bir müddət azadlıqdan məhrum ediləcək və yaxud məcbur edilib həmin qızla evləndiriləcək. Azadlıqdan məhrum etmə o təcavüzçünün həyatında böyük dəyişiklik etməyəcək. Uzağı 7-8 ildən sonra yenidən əməllərini davam etdirəcək. Amma 7-8 ildən sonra 7 yaşlı uşağı ilə 20 yaşlı ana özünü cəmiyyətin hansı pilləsində yerləşdirə bilsin deyə düşünəcək. Bəlkə 13 yaşlı ana övladından imtina edəcək, bəlkə də övladı da yaşamayacaq. Amma bu gün 13 yaşlı qızın aldığı o mənəvi zərbə onu ömrü boyu izləyəcək. Tanıdığım bir psixoloq danışırdı ki, təcavüzə uğrayan qızlar sonradan ailə həyatı qursalar belə, normal həyat yaşaya bilmirlər. Çünki cinsi münasibətlər zamanı yaaşdıqları təcavüzün vurduğu zərbələr onları rahat buraxmır. Qısası, bir kişiciyin 5 saniyəlik bir istəyi bir qızın bütün həyatını alt-üst edə bilir.

Bəs cəmiyyət olaraq biz nə edə bilirik? Sadəcə sosial şəbəkələrdə status yazıb tənqid etməklə, qızı sosial reabilitasiya mərkəzinə yerləşdirib, təcavüzçünü həbs etməklə heç nə dəyişmir. Bəlkə azyaşlılara təcavüz edənlər üçün xüsusi bir cəza növü təyin edilsin.  Eşitdiyimə görə, belə cinayətkarları həbsxanada da rahat buraxmırlar. Yaşatdığını ona yaşadanlar çox olur. Amma yenə psixoloqların sözlərinə görə, təcavüzçülərin psixikası normal olmur. Düşüncə tərzi, həyata baxışı fərqli olur. Yəni həbsdə yaşadıqları onların həyat tərzinə çevrilsə belə, onlar üçün dəyişən heç nə olmur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »