Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Azərbaycan təhsilini müqayisə etdikdə nə görürük?
Türkiyə və Azərbaycan təhsilini müqayisə etdikdə nə görürük?

Təhsil hər bir insanın həyatında böyük bir yer tutur. Gələcəyə baxışı, gələcəkdə seçəcəyi peşə, həyatı məhz şəxsin uşaq vaxtı aldığı təhsildən asılı olur çox zaman. Bunun üçün valideynlər çalışır ki, uşaqları yaxşı təhsil alsın, biliklərə yiyələnsin, fərqli düşünsün və özünə cəmiyyətdə yer tuta bilsin. Bunun üçün isə, çox zaman xaricdə təhsilə üstünlük verməyə çalışırlar. “Mənim övladım Türkiyədə təhsil alır”, “Mənim övladım xarici təhsili seçir” və s. ifadələri ilə sanki Azərbaycanda təhsil yoxmuş kimi davranmağa çalışan valideynlər az deyil. Amma reallığı da qəbul etmək lazımdır. Çünki Azərbaycanda təhsil iddia edildiyi qədər zəif deyil.

  • Türkiyə təhsili ilə Azərbaycan təhsilini müqayisə etdikdə biz nə görürük?

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xüsusilə də fundamental elmlərdə riyaziyyat, fizika, kimya, biologiya bu sahələrdə bilik bizdə yaxşı öyrədilir. Yəni, fənnlərin məzmunu Azərbaycan orta təhsil sistemində problemli deyil. Azərbaycan təhsilində məzmun yükü, bilik yükü çoxdur.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

“Bizim şagirdlərimiz beynəlxalq qiymətləndirmə olan PİSA-da iştirak edəndə, 15 yaşlı uşaqlarda bizim gördüyümüz problemlər var. Ortaya çıxan problem odur ki, bizim şagirdlərimiz biliyi istifadə edə bilmirlər, biliyi müxtəlif situasiyalara tətbiq edə bilmirlər. Biliklə problemi həll edə bilmirlər, biliyi emal edə, sintez edə bilmirlər. Bunun da nəticəsində bilik bir yaddaş kimi qalır şagirdlərimizdə, amma, o praktikaya çevrilə bilmir. Dünya isə, biliyi yox, biliyi necə istifadə edə biləcəyimizi istəyir bizdən. Ona görə də, PISA beynəlxalq qiymətləndirmə uşaqlara bilik soruşmur, biliyi necə istifadə edə biləcəyini soruşur. İndi Azərbaycanın təsadüfi deyil ki, nəticələri aşağıdır. Türkiyədə də aşağıdır. Çünki, eyni yanaşma, eyni yaddaş məktəbi, yaddaş təfəkkürü orada da hakimdir. Bunun yerinə biz idrak məktəbinə keçməliyik. Yəni, dərk etmə, analiz, sintez, qiymətləndirməyə doğru getməliyik. Və əsasən bizim zəif qaldığımız məsələ budur. Belə olduqda ölkədə inovasiya olur, ölkədə startup olur, kəşf olur, patent olur. Yeni məhsul və xidmətlər ortaya çıxır. Əks halda, sadəcə əzbərləmək və əzbərlənən məzmunun soruşulması nəticəsində yeni nəsə ortaya çıxmır. Sadəcə, keçmişdə yazılmış ədəbiyyat öyrənilmiş olur”,- deyə ekspert Azərbaycan təhsili ilə bağlı fikirlərini izah edir. O, qeyd edir ki, Azərbaycanda həm də bir sovet ənənəsi var. Riyaziyyat fənnində xüsusilə də, Azərbaycanda görkəmli alimlər olub. Riyaziyyatın bir ənənəsi formalaşıb Azərbaycanda.

“Bu səbəbdən də, riyaziyyatda Azərbaycanlı şagirdlər beynəlxalq qiymətləndirmələrdə dünya ölkələri ilə müqayisə olunduqda yenə yaxşı yerdə olduqları görünür. Amma, təbiət fənnləri fizika, kimya, biologiyanın inteqratif təlimi olan təbiət fənni Türkiyədə "Fen Bilgisi" deyilir. Eyni zamanda, oxuduğunu anlama bacarığı bunlar isə ölkəmizdə zəifdir. Türkiyə də eyni bir mənada problemdən əziyyət çəkir. Orada da şagirdlər biliyi istifadə edə bilmir, biliyi müxtəlif situasiyalarda tətbiq edə bilmir. Biliyi həyata tətbiq edə bilmirlər. Ona görə də bu cəmiyyətlərdə hələ ki, yüksək texnologiya (HighTech) istehlak olunur amma istehsal oluna bilmir” - deyə ekspert bildirib. Onun sözlərinə görə, Azərbaycan təhsilinin daha da güclü olması üçün STEAM, fəaliyyət, layihə tədqiqat əsaslı tədris tövsiyyə edilir.

Düzdür, Azərbaycanda uşaqların dərs yükü ağırdır. Hətta bəzən 8 və 11-ci siniflərin tədris proqramına baxanda bizə də ağır gəlir. Hətta “bizim dövrümüzdə belə deyildi, biz bu qədər kitab oxumur, biz bu qədər test etmirdik, adam olmadıqmı” da deyirik. Amma reallıq ondan ibarətdir ki, Azərbaycanda təhsil güclüdür. Sadəcə olaraq, bu təhsili tətbiq etmək üçün yeni kadrlara, yeni bir təhsil sisteminə ehtiyac var. Bu sistemin dəyişməsi, təhsilin daha arzuolunan səviyyədə olması üçün isə, bir az daha zamana ehtiyac var.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »