Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“12-ci İmam Mehdi” danışdı: “Qarəti ört-basdır eləmək üçün belə deyirlər”
“12-ci İmam Mehdi” danışdı: “Qarəti ört-basdır eləmək üçün belə deyirlər”

Özünü “zühur etmiş 12-ci İmam Mehdi” kimi təqdim edərək, insanları aldadıb, onların milyonlarla pulunu zəkat adıyla, “cənnətdə yer” vədi ilə alıb mənimsəməkdə ittiham olunan Aqil Babayev onun ünvanına səslənən ittihamlara cavab verib. O, sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində öz işi üzrə məhkəmə iclasında bu barədə danışıb.

Bizimyol.info xəbər verir ki, ötən məhkəmə iclasında “Shaurma N1” restoranlar şəbəkəsinin sahiblərindən biri Natiq Sadıqov ifadə verib, Aqil Babayevə 2004-cü ildən 2021-ci ilə qədər 500 min manatdan çox pul verdiyini iddia edirdi. Onun sözlərinə görə, bunun 173 min manatı zəkat kimi verilib, 370 min manat isə şəhid ailələri və Qarabağ qazilərinə bina tikintisi üçün verilib.

Aqil Babayev isə bildirib ki, o, yalan danışır: “O, qərəzlidir, qeyri-səmimidir. Savadlı, xaricdə oxuyan biri deyir ki, guya mən özümü filankəs (İmam Mehdi) kimi təqdim eləmişəm, o da inanıb. Onu nəyəsə məcbur eləmək olardı? Bircə sübut-dəlil göstərsin ki, mənə bu adla nəsə verib. Mənə qarşı qarət əməllərini ört-basdır eləmək üçün bu absurdu düzüb-qoşublar. Bu adam nə qədər özünə hörmət eləmir ki, nikahlı həyat yoldaşına da böhtan atır”.

Aqil Babayev bildirib ki, onun pulunu və əmlakını ələ keçiriblər. Şikayətçi olduğuna görə özünü cəzalandırıblar:

“Buzovnadakı bağ evimə gəldilər, mənə hücum elədilər, mühasirəyə alıb hərəkət etməyimə imkan vermədilər. Şəhərdəki evimin açarını götürdülər. Anar Aslanov və Fariz Rzayev şəhərdəki evimə gedib, külli miqdarda pulumu və qızılları götürdü. Oradan bağ evində olanlara zəng elədilər ki, “iş tamamdı”. Bundan sonra məni buraxdılar. Təhdid elədilər ki, bu barədə heç yerə şikayət etməyim. Şikayət eləsəm, mənim üçün yaxşı olmaayacaq. Dedilər ki, hər yerdə adamlarımız var. Pulumun, əmlakımın qarət olunması prosesinə də Natiq Sadıqov təşkilatçılıq edib. O, mənim həbsimdən sonra xalam oğlu ilə görüşüb. Ona deyib ki, “neyləmişəm, əcəb eləmişəm, həbsdə də nəfəs alırsa, buna şükr eləsin”.

Təqsirləndirilən bildirib ki, Natiq Sadıqovla “Shaurma N1” restoranlar şəbəkəsində şərik olublar. Onun sözlərinə görə, şəhid ailələri üçün bina tikintisi mövzusunda ümumiyyətlə, heç vaxt danışıqları olmayıb. Ona heç kim bu məqsədlə pul verməyib.

O, təsdiqləyib ki, öz aralarında zəkat yığırdılar, maddi durumu ağır olan ailələrə yardım edirdilər. Belə ehtiyaclı ailələrin onlarda konkret siyahısı vardı: “Aylıq toplanan ümumi məbləğ 1500-2000, bəzən 5000 olurdu. Pulları mən yığmamışam. Əvvəl Polad Mustafayev yığırdı, sonra Samir Cəfərov yığırdı. Bunların hamısı bir-birini tanıyıb. Kimin nə problemi vardı, bilirdilər, yardım edirdilər”.

Aqil Babayev fəaliyyəti, biznecə necə başlaması barədə də danışıb. O bildirib ki, Xətai rayonunda orta məktəbi və musiqi məktəbini bitirib. 1994-1997-ci illərdə daxili işlər orqanlarında çalışıb. Onun sözlərinə görə, biznes fəaliyyətinə mərhum dayısı Oqtay Həsənovun maddi dəstəyilə 2001-ci ildə başlayıb: “Onun 5 qızı vardı, oğlu yox idi. Məni oğulluğa götürmüşdü. Mənə xırda evlər tikib satmaq üçün 100-150 min pul vermişdi. Bu pullarla da Keşlə qəsəbəsində evlər tikib satırdım. Zaur Abdullayev iş icraçısı idi, mən də pul qoyurdum. Satılırdı, gəlirimi götürürdüm. Dəqiq nə qədər ev tikdiyim yadımda qalmayıb. Sonradan Bakının müxtəlif yerlərində də tikinti biznesilə məşğul olmuşam”.

Təqsirləndirilən şəxs əlavə edib ki, “Shaurma N1”dən aylıq gəlir götürürdü. Mövsümdən asılı olaraq, məbləğ fərqli olurdu: “Gəlirləri administrator Ceyhun hesablayırdı. Mənə çatan hissəni bəzən Ceyhun, bəzən də Natiq mənə çatdırırdı...”

Məhkəmə prosesi sentyabrın 13-də davam edəcək.

Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Özü isə bu ittihamı qəbul etmir, “Shaurma N1”dəki payını və pullarını ələ keçirmək üçün absurd ittihamla həbs olunduğunu bildirir.

Aqil Babayevi 20 ilə yaxın müddətdə “zühur etmiş 12-ci İmam Mehdi” kimi qəbul edib, ona yarım milyondan artıq pul verdiyini iddia edənlər arasında ixtisasca hüquqşünas olanlar, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirənlər də var.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »