Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistandan Türkiyəyə lətifə kimi müraciət
Türkmənistandan Türkiyəyə lətifə kimi müraciət

Türkmənistanda iqtisadi vəziyyətlə bağlı hökimətin təqdim etdiyi mənzərə, rəqəmlər həqiqəti əks etdirmir. Dünyanın ən qapalı ölkələrindən birində yaşayış səviyyəsi aşağıdır. Türkmənistanı zamanla yüzminlərlə vətəndaş tərk edib. Rəqəm xeyli böyük ola bilər. Amma hökumət mümkün qədər axının qarşısını almağa çalışır.

Bizimyol.info xəbər verir ki, Türkmənistan vətəndaşları yeni həyat axtarışı ilə ən çox Türkiyəyə üz tutur. Rəsmi Aşqabad bu axının qarşısını almaq üçün qəribə metoda əl atıb. Türkmənistan Türkiyədən vətəndaşlarına viza tətbiq edilməsini istəyib. Ölkənin Xarici İşlər Nazirliyinin saytında bununla bağlı məlumat da yerləşdirilib. Aşqabad məqsədini Türkmənistan vətəndaşlarının Türkiyə Respublikasında qalma qaydalarını təkmilləşdirmək və sistematik əsasda tətbiq etmək istəyi ilə əlaqələndirib.

İndi vəziyyət belədir ki, Türkmənistan vətəndaşları onsuz da ölkəni min bir zülmlə tərk edir. Hökumət qapalı rejimin saxlanılmasında maraqlıdır. Gənclər daha çox təhsil adı ilə ölkədən getməyə çalışır. Xaricdə fəaliyyət göstərən Türkmənistanın alternativ mediası yazır ki, bunun üçün 5-10 min dollar rüşvət vermək lazım gəlir. Yerli vətəndaşlar müxtəlif vasitələrlə Türkiyəyə getməyə çalışır. Ölkə sürətlə boşalır. Türkmənistan hökuməti çıxış yolunu Ankara ilə razılıq əldə etməkdə görür.

Alternativ medianın yazdığına görə, Türkiyə məsələyə isti yanaşmır. Düzdür, aylardır Aşqabadda yeni konsulluğun yaradılacağı, burada viza məsələlərinin həllinin tapacağı bildirilir. Amma media yazır ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədovla görüşdə ideyanı bəyənmədiyini açıq deyib. Onun fikrincə, türkdilli xalqların nümayəndələri Türkiyəyə əngəlsiz ayaq basmalıdır.

Sosial mediada ölkəni tərk etmiş Türkmənistan vətəndaşlarının yazdıqlarından Aşqabadın istəyini anlamaq olmur. Ölkədən gedənlər hökuməti çox tənqid edir. Türkmənistanın feodal qaydalarla idarə olunduğunu yazırlar. Geənlərin sayı çoxaldıqca xaricdə tənqidi baza, narazılar ordusu yaranır. Aşqabad bu vəziyyətdən heç məmnun deyil. Üstəlik, ölkədə hər il doğuş göstəriciləri aşağı düşür.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »