Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Rusiyanın qərarına etirazını bildirib
Yaponiya Rusiyanın qərarına etirazını bildirib

Yaponiya Moskvanın Yaponiya vətəndaşlarının Kuril adalarının cənub hissəsinə bu adaların keçmiş sakinlərinin asanlaşdırılmış səfərləri ilə bağlı, habelə qarşılıqlı vizasız səyahət proseduru haqqında ikitərəfli sazişdən çıxmaq qərarı ilə əlaqədar Rusiyaya etiraz edib.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

"Biz bunu qanunsuz hesab edirik. Bizim nöqteyi-nəzərimizdən bu, qəbuledilməzdir. Hazırda Rusiya tərəfdən müqavilədən çıxmaq barədə rəsmi bildiriş almamışıq. Eyni zamanda bu qərarın gerçəkləşdirilməsinə biz kəskin etirazımızı bildirdik”, - deyə o qeyd edib. Matsuno həmçinin bildirib ki, Yaponiya-Rusiya münasibətlərinin pisləşməsinə görə məsuliyyət tamamilə Rusiyanın üzərinə düşür.

Bazar ertəsi Rusiya Yaponiya vətəndaşlarının Kuril adalarına asan səfərləri ilə bağlı Yaponiya ilə bu adaların keçmiş sakinləri, habelə qarşılıqlı səfərlərin proseduru haqqında razılaşmanı ləğv edib. Rusiya Federasiyası hökumətinin müvafiq sərəncamı hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Vizasız mübadilə proqramı iki dövlətin xalqları arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılması üçün hökumətlərarası saziş əsasında 1992-ci ildən tətbiq edilir. O vaxtdan bəri İturup, Kunaşir və Şikotan adalarının 10 minə yaxın sakini Yaponiyaya, 20 minə yaxın yapon isə Kuril adalarının cənub hissəsinə səfər edib. 2017-ci ilin sentyabrında Moskva və Tokio ən yüksək səviyyədə razılaşmaya uyğun olaraq, keçmiş sakinlərinin əcdadlarının məzarlarını ziyarət etməsi üçün Kuril arxipelaqının cənub adalarına ilk çarter reysini təşkil etdilər.

2019-cu ildə Yaponiya tərəfdən 500-ə yaxın insan proqramdan yararlanıb. Koronavirus səbəbindən Yaponiya və Rusiya son iki il ərzində belə mübadilə aparmayıblar.

Mart ayında Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı birtərəfli məhdudiyyətlər tətbiq etməsi səbəbindən Moskvanın Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırdığını bildirib. Moskva həmçinin Kuril adalarının cənubunda birgə iqtisadi fəaliyyətin qurulması ilə bağlı Tokio ilə dialoqdan çıxıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »