Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səlim Müslümov 7 milyonu ödəmək istəmir: "Nazir kimi səhlənkarlıq eləmişəm”
Səlim Müslümov 7 milyonu ödəmək istəmir: "Nazir kimi səhlənkarlıq eləmişəm”

Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun növbəti məhkəmə iclası keçirilib. O, məhkəmədə özünü qismən təqsirli bildiyini deyib.

Bizimyol.info xəbər verir ki, Səlim Müslümov mənimsəmə və israfetmə ilə dövlət büdcəsinə 27 milyon manat ziyan vurmaqda ittiham olunur. Keçmiş nazir ziyanın 20 milyon manatını ödəyib. Səlim Müslümov qalan məbləğlə bağlı məsuliyyəti üzərinə götürmür. O, 7 milyon manat məsələsində özünü təqsirli hesab etmir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir haqqında 107 səhifəlik ittiham aktı elan edilib. Müslümov israfetmə ittihamı ilə razılaşmadığını dilə gətirib. O, ittihamın mənimsəmə ilə hissəsinə etirazının olmadığını deyib.

“Tenderlərdə qalib olan şirkətlərə vəsait ayrılıb. Həmin vəsaitlərdən o şirkətlər təyinatı üzrə istifadə etməyibsə, bu, mənim günahım deyil. Yəni mən nazir kimi səhlənkarlıq eləmişəm. Amma onlar da üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər”.

İttihama görə, ümumi məblğin 7 milyon manatı israfetməyə aiddir. Səlim Müslümov bu hissə ilə razılaşmır, amma ifadə vermək də istəmir. Keçmiş nazir indiki mərhələdə ifadə verməyi düşünmədiyini bildirib.

Məhkəmə sentyabrın 12-də davam edəcək. Bu dəfə şahid ifadələri dinləniləcək.

Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, bundan sonra 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. O, 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin dövrdə Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. Müslümov 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

Səlim Müslümovu 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. O, 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrə görə, onu 14 ilə qədər həbs cəzası gözləyir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »