Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Musiqi məktəbində yaşanan qalmaqalın səbəbi nədir?
Musiqi məktəbində yaşanan qalmaqalın səbəbi nədir?

Bir müddət öncə Göyçay rayonunda musiqi məktəbinin müəllimləri yeni təyin edilən direktoru məktəbə buraxmadılar. Dedilər ki, "bizə heç kim lazım deyil!"

Qeyd edim ki, Göyçay Musiqi Məktəbinin direktoru uzun illər idi ki, tarzən Rövşən Zamanov idi. Rövşən müəllim bütün həyatını sənətinə həsr edən bir sənətkar olub. Öz yurd-yuvasında qalıb, xeyrini də elə Göyçaya vermək istəyib. Bəlkə də düşünüb ki, “daş yerində ağırdır”... Bilmirik. Bircə onu bilirik ki, Rövşən müəllimin ifaları o qədər təsirlidir ki, oturub saatlarla qulaq asıb yorulmazsan.

Həyatının 25 ildən çoxunu da Göyçay musiqi məktəbinə həsr edən tarzən özünün də gözləmədiyi vaxtda loru dilində desək “mudqarsız” bir şəkildə işdən azad edilir. Yerinə isə başqa yerdən gənc nümayəndələrdən biri gətirilir. Biz gənclərin irəli gətirilməsinə qarşı deyilik, amma sənətkara dəyər belə verilməməli idi. Həm də ki, Rövşən müəllim kimi birinə...

Görəsən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov Rövşən Zamanovu işdən azad edib yerinə Günay Hacıyevanı təyin edəndə nə fikriləşirdi? Olmazdımı ki, öncədən xəbərdarlıq ediləydi. İllərin sənətkarıdır, adına layiq işdən azad ediləydi?

Kollektiv barədə də bir kəlmə deyəcəm. Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov yerli mətbuata açıqlamasında deyib ki, səhər Günay Hacıyeva kollektivə təqdim ediləndə heç kim narazılıq etməyib. Narazılıq o zaman başlayıb ki, Günay Hacıyeva direktor müavinini işdən azad edib, yerinə öz adamını təyin etmək istəyib. Vallah, heç təəccüblənmədim. Niyə? Ona görə ki, buradakı nazrazılığın əsas səbəbi kimin direktor olacağı ilə bağlı deyil. Narazılıq o zaman yaranıb ki, yeni direktor öz kollektivini gətirəcəyini deyib. Qısası hər zaman, hər yerdə “mənə dəyməyən ilan çox yaşasın” prinsipi ilə işləyən kollektiv anlayıb ki, bu vəziyyət onların hamısını gözləyir. Yəni baş verən aksiya “iş itirmək qorxusu” ilə baş tutmuşdu. Bunu aksiyadan olan görüntülər də sübut edir.

O ki, qaldı Rövşən müəllimə... Bəli, Rövşən müəllimə qarşı haqsızlıq edilib, müəyyən mənada hörmətsizlik edilib. Amma “hər şərdə bir xeyir var” deyib atalarımız. İndi Rövşən müəllim azaddır, istər yaradıcılığında, istər həyatında. Yanında süni insanlar olmayacaq ən azından. İndi tarını ürəyinə sıxıb, gözlərini yumub, “Unuda bilmirəm” mahnısını ifa edərək, ötən illəri göz önündən keçirəcək. Deyirdi ki, hər sıxıntılı anında tarını bağrına basıb, onunla dərdləşir. Eh, Rövşən müəllim, insan qədri bilənlər çox azdır... Heç peşiman olmayın, üzülməyin, siz daha təcrübəlisiniz. İnsanları daha yaxşı tanıyırsınız. Və bilin ki, siz xalqın sənətkarısınız. Biz sizi və ifalarınızı sevirik. Və biz sizi tarzən kimi tanımışıq, musiqi məktəbinin direktoru kimi yox... Allah sizə uzun və sağlam ömür versin...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »