Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xəzər dənizinin çirklənməsi hələ də davam etməkdədir"
"Xəzər dənizinin çirklənməsi hələ də davam etməkdədir"

Xəzər dənizinin çirkləndirilməsi məsələsi artıq böyük bir problemə çevrilib. Bakının bəzi qəsəbələri var ki, burada kanlizasiya suları birbaşa dənizə axıdılır. Bakı kəndləri arasında ən acınacaqlı vəziyyət isə, Hövsandadır. Burada dənizə hər gün 100 min kubmetr kanalizasiya suları axıdılır. Səlahiyyətli orqanlar isə, bu məsələ qarşısında acizdir. Yəni hansı quruma müraciət etsən də, “bizlik deyil” deyib boyun qaçırırlar. Qısacası Hövsan kanalının sahibi yoxdur. Kim nə zaman ona sahib çıxacaq da, bu da bəlli deyil. Yeganə bildiyimiz odur ki, Hövsan qəsəbəini girəcəyində dənizin sahilinə üfunət iyidən yaxın getmək olmur. Hələ burada olan antisanitariya vəziyyətini demirəm.

Hövsan kanalı kimi olmasa da, digər ərazilərdə də Buzovnada, Pirşağıda, Kürdəxanıda bəzi istirahət mərkəzlərinin və ya yaşayış məntəqlərinin kanalizasiya suları dənizə axıdılır. Yəqin suyu axıdanlar belə düşünür ki, “dənizdir də, dili-ağızı yoxdur ki, danışa”…

Ekoloq Rövşən Abbasov Bizimyol.info xəbər portalına açıqlamasında təəsüflə bildirib ki, bu gün Bakı şəhəri və onun ətraf ərazilərində xüsusi ilə Sumqayıt, Masazır, Novxanı istiqamətlərində, Pirşağı yaşayış massivində və onun ətraf ərazilərində plansız inkişaf müşahidə edilir.

Rövşən Abbasov Rövşən Abbasov

“Yəni torpaq əraziləri bələdiyyələr tərəfindən necə gəldi satılıb və yaxud onların zəbt olunmasına göz yumulub. Bu ərazilrədə çoxsaylı evlər tikilib. Bu evlər yeni tikildiyi üçün mərkəzləşdirilmiş kanalizasiya sistemindən kənarda qalıblar. Ona görə də hal hazırda böyük ərazilər də biz çirkab sularının birbaşa Xəzər dənizinə axıdılmasının şahidi oluruq. Problemin yeganə həlli həmin ərazilərin mərkəzləşdirilmiş çirkab suları şəbəkəsinə birləşdirilməsindən keçir. Çox təəssüf ki bunu etmək çox çətindir. İşıq, qaz və ya su xətti deyil ki, bunu asanlıqla çəkə biləsən. Kanalizasiya şəbəkəsini çəkmək üçün düzgün planlaşdırılma aparılmalıdır. Düzgün sistemlər, yeraltı qurğular və keçidlər quraşdırılmalıdır. Ondan sonra elə bir sistem olmalıdır ki, bütün ərazidə olan evlərin çirkab suları öz axını ilə kanalizasiya sisteminə birləşdirilib, çirkab sularının təmizləmə məntəqəsinə gedə bilsin. Bu cür fəaliyyətləri həyata keçirmək isə çoxlu investisiyalar tələb etməklə yanaşı,həm də vaxt tələb edir. Hətta investisiya, pul olsa belə bu cürə şəbəkələri qurmaq çox çətindir. Ona görə də ayrı ayrı yerlərdə bu gün Xəzər dənizinin çirklənməsi hələ də davam etməkdədir” - deyə ekoloq bildirib. Onun sözlərinə görə, artıq Pirşağı yaşayış massivi bə onun ətrafında olan 12 yaşayış massivinin ətrafında çirkab sularının toplanma şəbəkəsi qurulur və bu şəbəkə qurulduqdan sonra çirkab sularının təmizlənmə stansiyasının tikilməsi nəzərdə tutulur. Bu da gələcəkdə Xəzərin bu istiqamətdə çirklənməsinin qarşısını ala bilər.

Ekspert hesab edir ki, nə qədər tənqid etsək də, yazsaq da belə bu problemin həlli qısa müddətdə mümkün olmayacaq və Xəzər dənizi hələ də çirklənməyə davam edəcək.

“Bu problemin kökünə getsək, bələdiyyə sistemindəki özbaşınalığıda görmüş olarıq. Bələdiyyələr torpağı necə gəldi satırdılar. Bu gün həmin ərazilərdə boş torpaqlar qalmayıb, hətta az qalan yerlərin də zəbt olunma prosesi bu gün də getməkdədir. Hər bir bələdiyyə, hər bir icra orqanı başa düşməlidir ki, ərazidə hansısa bir inkişaf gedirsə, hansısa bir yaşayış sahəsi salınırsa, biz ilk növbə də çirkab sularının hara axıdılacağını fikirləşməliyik. Biz bəli quyular qazıb, suyu axıda bilərik. Amma yenə də bu sular yeraltı su vasitəsi ilə son mənzilinə Xəzər dənizinə gedib çatacaq” - deyə ekoloq vurğulayıb. O, qeyd edir ki, ümumiyyətlə Abşeron yarımadasında diqqətdən yayınmış çirkab suları hökmən Xəzər dənizinə getməlidir. Çünki Xəzər dənizi daha aşağıdadır. Bu isə dənizin ekoturizm potensialına və dayanıqlı istifadəsinə çox ciddi zərbə vurur. Dəniz ekosisteminə ziyan edir.

Xatırladaq ki, Abşeron Yarımadasının 70 faizi kanalizasiya sistemi ilə təmin edilməyib. Bu barədə “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli jurnalistlərə açıqlamasında bildirib ki,

Sumqayıt və Xırdalan şəhəri, Mərdəkan, Şüvəlan və Buzovnada nisbətən tullantı su sistemi ilə təmin edilib.

...Belə, görünən odur ki, hələ ki, işimiz Allaha qalıb.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »