Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Egey dənizi getdikcə "isinir": Türkiyə "S-400"ləri işə salacaqmı...
Egey dənizi getdikcə "isinir": Türkiyə "S-400"ləri işə salacaqmı...

Yunanıstan uzun müddətdir ki, regionda əhəmiyyətini itirməkdən, diqqətdən kənarda qalmaqdan və hörmətli dövlət kimi qəbul edilməməkdən çox narahatdır. Türkiyənin son vaxtlar qlobal bir aktyor kimi tanınması Yunan siyasətçilərinin mənəviyyatını və gələcək planlarını pis şəkildə zədələyib. İndi həmin siyasətçilər Türkiyəni gözdən salmaq üçün planlar qurmağa başlayıblar. Onların Türkiyə ilə problem yaratmaq və silahlı münaqişəyə girmək, ABŞ və Aİ-ni də yanlarına alıb Türkiyəni Adalar dənizindən (Egey dənizinə həm də “Adalar dənizi” deyilir – M.Ş.) çıxarmaq üçün ilk cəhdləri Sürix razılaşmasına məhəl qoymadan Türkiyə sahillərinə yaxın adaları silahlandırmaq olub. Ardınca gələn digər təşəbbüslər isə Yunan - Kipr Administrasiyasının Qlafkos Klerides dövründə Rusiya Federasiyasından aldığı və Türkiyənin təzyiqi ilə Yunanıstana təhvil verməli olduğu S-300 müdafiə sistemini Türkiyə təyyarələrinə qarşı istifadə etmək üçün işə salmasıdır.

Yunanların bu işdə məqsədi bəllidir: Türkiyə ilə gərginlik yaratmaq. Bunun nəticəsində müharibəyə başlamaq və ya Türkiyəni S-400-ləri işə salmağa məcbur edərək Türkiyə-Qərb qarşıdurması yaratmaq. Ancaq Yunanıstanın burada unutduğu S-400-lərdən daha təkmil olan və 2023-cü ildə Türkiyə Ordusunun inventarına daxil ediləcək “SİPER Blok-1” hava hücumundan müdafiə raketidir ki, bu silahın mənzili 100 km-dir. Eyni zamanda Türkiyənin Hava Hücumundan Müdafiə sistemi Yunanıstandan havaya qalxan hərbi reaktiv təyyarəni dərhal aşkar edib, Egey dənizinin ortasında məhv edəcək gücə və texnikaya malikdir. Hazırda Türkiyənin iki seysmik tədqiqat gəmisi və dörd dərin dəniz qazma gəmisi var. Bu gəmiləri qoruyan türk donanması ən son texnoloji cihazlarla təchiz edilmiş yeni gəmilərdən ibarətdir. Sözsüz ki, Türkiyə regionun ən güclü donanmasına da sahibdir. Məlum olduğu kimi, Yunanıstanın strategiyası və son məqsədi Şərqi Aralıq dənizindəki təbii qaz yataqlarını ələ keçirmək və onun hakimiyyəti altında Avropaya nəql olunacaq qaz imperiyası qurmaqdır. Bu planda yeganə maneə kimi Türkiyəni görən Yunanıstan qaz imperiyası xəyalını reallaşdırmaq üçün Türkiyəni ortadan qaldırmağa çalışır.

Yunanıstan siyasi rəhbərliyinin Türkiyə əleyhinə apardığı siyasət və strategiya bunlardan ibarətdir:

1. Egey və Şərqi Aralıq dənizində haqsız yerə problemlər yaratmaq;

2. Türkiyəni “Qərb” adlandırılan Aİ və ABŞ-a qarşı qoymaq;

3. Bu böhrandan istifadə edərək Yunanıstanın düşünülmüş təxribatlarına müqavimət göstərmək üçün Türkiyə Hərbi Dəniz Qüvvələrinin bir hissəsini Adalar dənizində, digər hissəsini isə Şərqi Aralıq dənizində yerləşdirməyə məcbur etmək;

4. Türk Hərbi Dəniz Qüvvələrini iki yerə bölərək “Mavi Vətən”in müdafiəsini zəiflətmək;

5. Türkiyəyə qarşı düşmənçilik əsasında Türkiyə ilə düşmənçilik və ya fikir ayrılığı olan region dövlətləri ilə ittifaqlar qurmaq;

6. Egey və Aralıq dənizi sahilləri boyunca Türkiyəni mühasirəyə almaq və hərəkətsizləşdirmək, eyni zamanda Şərqi Aralıq dənizindəki təbii qaz ehtiyatlarının böyük hissəsini ələ keçirmək.

Lakin Yunanıstanın Şərqi Aralıq dənizi strategiyası kifayət qədər uğursuz oldu. Çox güvəndikləri və Türkiyəyə qarşı güclü cəbhə qurmağa çalışdıqları BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail və Misir arasındakı münasibətlər birdən-birə istiqamətini dəyişdi. Fransa və ABŞ-ın dəstəyi ilə Yunanıstanın Şərqi Aralıq dənizində oynamağa çalışdığı rol Türkiyənin ardıcıl addımları ilə qısa zamanda boşa çıxıb. Dünya indi başa düşür ki, Yunanıstanın səyləri boşdur və Şərqi Aralıq dənizində Türkiyə və Kipr türklərinin razılığını əldə etməmiş, bölgədə uğur əldə edə bilməyəcək. Yunanıstanın bunu anlaması isə görünür, bir qədər uzun çəkəcək.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »