Zaqatala rayonunda meşədə yanğın törədən şəxs müəyyən edilərək saxlanılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib.
Bildirilir ki, sentyabrın 3-ü günorta saatlarında Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib. Əraziyə cəlb edilən FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yanğını törədən şəxsin rayon sakini Abdulla Qurbanov olduğu müəyyən edilib. Araşdırmalar zamanı onun çay qaynatmaq məqsədilə orada ocaq qaladığı, ocağın közlərinin isə ətrafa yayılaraq yanğın törətdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.