Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefonla Moskva, Bakı və İrəvan arasında Qarabağ üzrə üçtərəfli sazişlərin icrasının gedişatı və perspektivlərini müzakirə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.
“Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının gedişatı və perspektivlərini ətraflı müzakirə ediblər”, - deyə nazirlikdən bildirilib.
Diplomatik departament əlavə edib ki, nazirlər həmçinin yaxın gələcəkdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüssel formatı çərçivəsində növbəti 4-cü görüş keçirildi. Brüssel çərçivəsində sonuncu görüş may ayının 22-də keçirilmişdi.
Dağlıq Qarabağ ətrafında vəziyyət 2020-ci il sentyabrın 27-də, orada aktiv hərbi əməliyyatlar başlayanda gərginləşmişdi. Həmin il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasına nail olmağa imkan verən üçtərəfli bəyanat imzalanıb.
Azərbaycan və Ermənistan tərəfləri olduqları mövqelərdə dayanıb. Azərbaycan bir sıra rayonları Ermənistanın işğalından azd edib və həmin vaxt təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib.
Qadir, Bizimyol.info