Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər hansı təxribat olarsa, yeni “Qisas” əməliyyatı keçirilə bilər"
"Hər hansı təxribat olarsa, yeni “Qisas” əməliyyatı keçirilə bilər"

"Brüssel görüşü, Azərbaycanın növbəti diplomatik uğurudur. Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş zamanı Azərbaycan növbəti dəfə sübut etdi ki, proses məhz rəsmi Bakının irəli sürdüyü prinsiplər əsasında gedir"

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova danışıb. O, qeyd edib ki, tərəflər arasında baş tutan dördüncü görüşün nəticələrinə əsasən qeyd edə bilərik ki, ölkə başçısı İlham Əliyevin qəti və prinsipial mövqeyi, diplomatik məharəti nəticəsində bu görüş də çox uğurlu və səmərəli keçib. Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat da bunu təsdiq edir.

“Xüsusi ilə vurğulamaq lazımdır ki, Brüsseldə keçirilən üçüncü görüşdən sonra, Ermənistanın guya “münaqişənin həll olunmadığı” kimi reallığı əks etdirməyən iddiaları, hərbi təxribatları, dağıdıcı davranışları, eyni zamanda, sülh prosesinə maneə yaratmağa çalışan regional və digər aktorların çoxsaylı pozucu cəhdləri, ümumiyyətlə, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə qarşı çıxan qüvvələrin fəaliyyətlərini nəzərə alsaq, bu görüşün daha məhsuldar və effektiv olduğunu söyləmək olar” - deyə professor əlavə edib.

Hicran Hüseynovanın sözlərinə görə, Brüssel görüşündə diqqət çəkən ən əsas məqamlardan biri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin elan etdiyi sənəddə nə Qarabağ mövzusuna, nə də ATƏT-in Minsk qrupu ilə bağlı heç bir fikrin yer almamasıdır. Bu da o deməkdir ki, Azərbaycan Minsk qrupu formatının artıq ləğv edildiyini, tarixin arxivinə çevrildiyini həm Ermənistana, həm də Qərbə nümayiş etdirir. Həmçinin, artıq Avropa Qarabağın Azərbaycanın daxili işi olduğunu da qəbul edir.

“Digər mühüm məsələ isə avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli formatda keçirilən Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və sentyabrda hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək ilkin mətn üzərində müzakirələrin təşkili barədə razılığın əldə edilməsidir. Doğrudur, üçüncü görüşdə də münaqişənin sülh yolu ilə həll edilməsinə dair proqram irəli sürülmüşdü. Amma 22 may tarixində keçirilən görüşlə bu görüşü fərqləndirən xüsusi amil var. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək, yeni yolu çəkmişdir və artıq Azərbaycan Ordusu artıq Laçın şəhəri, Zabux və Sus kəndlərini tam nəzarətinə götürüb. Bu fakt isə keçirilən üçtərəfli görüş danışıqlar prosesinə yeni təkan verdi. Belə ki, Azərbaycan bir daha sübut etdi ki, o məsələni sülh yolu ilə həllə etmək istəyir və real tədbirlər görür. Lakin Azərbaycana qarşı hər hansı təxribat olarsa, yeni “Qisas” əməliyyatı keçirilə bilər” - deyə Hicran Hüseynova qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də qeyd edib ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyişlərə nail olmaq üçün əsaslı fəaliyyəti gücləndirmək barədə də razılıq mövcuddur. Şübhəsiz, Azərbaycan dövlətinin gücü, onun rezidentinin, Ali Baş Komandanının qətiyyəti və iradəsi bu görüşdə də öz təsirini göstərib.

Əlbəttə ki, hazırda dünyada gedən geopolitik, geostrateji və geoiqtisadi proseslərin fonunda ölkəmizin mövqeyi daha da güclənir. Eyni zamanda, nəhayət 30 il davam edən erməni işğalına son qoyan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, dağıdılmış, xarabaya çevrilən kənd və şəhərləri tez bir zamanda yenidən tikib- qurmağa, keçmiş məcburi köçkünləri öz daoğma yurd-yuvalarına qaytarmağa çalışır. Bu və digər səbəblərə görə Azərbaycan Cənubi Qafqazda sülhün yaranması, təhlükəsizliyin təmin olunması üçün Ermənistanla sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır.

“Görüş zamanı sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və bununla bağlı Ermənistanın öhdəliyi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşları ilə əlaqədar və digər humanitar məsələlərlə bağlı irəliləyişin əldə olunması istiqamətində aparılan mühüm müzakirələr bütövlükdə prosesin müsbət dinamika ilə inkişaf etdirildiyini deməyə əsas verir” - deyə professor əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »