Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yayılan rotavirus infeksiyasından necə qorunmaq olar?
Bakıda yayılan rotavirus infeksiyasından necə qorunmaq olar?

Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb. Bizimyol.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib. O, qeyd edib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır.

  • Rotavirus nədir?

Rotavirus, bağırsaq infeksiyası və ishala səbəb olan çox yoluxucu bir virusdur. Dünyada rast gəlinən bu virus körpələrdə və uşaqlarda ishalın yaranmasının ilk səbəbidir. Rotavirus hər yerdə yayılır və 3-5 yaşa qədər demək olar ki, hər bir uşağa yoluxur.

2003-cü ildə dünyada 5 yaşdan kiçik uşaqlarda 114 milyon rotavirus infeksiyası halı qeydə alınıb. Bu halların 24 milyonu ambulator müalicə olunarkən, 2,3 milyonu xəstəxanaya yerləşdirilib. Başqa bir araşdırmaya görə, rotavirus dünyada 5 yaşa qədər uşaqlarda hər il 214 000-dən çox ölümə səbəb olur. Diareya ilə bağlı xəstəxanaya yerləşdirilən uşaqlar arasında rotavirus infeksiyasının yayılması bütün dünyada oxşar olsa da, rotavirus infeksiyası ilə ölümlə nəticələnən halların 90 faizindən çoxu aşağı gəlirli ölkələrdə baş verir.

  • Rota virusundan necə qorunmaq olar?

Demək olar ki, bütün viral xəstəliklərdə olduğu kimi, müntəzəm olaraq əllərin yuyulması və gigiyena vərdişləri rotavirusa qarşı çıxış yoludur.

Həkim-terapevt Məlahət Abbasova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, rotavirus infeksiyası adətən virusa məruz qaldıqdan sonra iki gün ərzində ilk əlamətlərini göstərməyə başlayır. İlk simptomlar qızdırma və qusmadır. Bunun ardınca üç-səkkiz gün davam edən sulu ishal gəlir. Bu müddət ərzində bədən çox miqdarda su itirir. Diaqnozu təsdiqləmək üçün nəcis nümunəsinin laboratoriyada təhlili tələb oluna bilər.

Məlahət Abbasova Məlahət Abbasova

“Rotavirus infeksiyası uşaqlarda və böyüklərdə fərqli şəkildə inkişaf edə bilər. Uşaqlarda rotavirusun əlamətlərinə 24 saatdan çox ishal, tez-tez qusma, nəcisdə qatran, qan və ya irin, 40°C-dən yuxarı hərarət, narahatlıq, ağız quruluğu ilə müşahidə edilə bilər. Uşaqlarda qara nəcis, rotavirusun əlamətlərindən biridir və bu hallarda təcili olaraq pediatra müraciət edilməlidir” - deyə həkim-terapevt əlavə eidb.

Böyüklərdə rotavirus özünü iki gündən çox davam edən ishal, qusma, bağırsaqlarda qan və ya 39°C-dən yüksək hərarət, həddindən artıq susuzluq, ağız quruluğu, az sidiyə çıxma, zəiflik, ayaq üstə durmada çətinlik və ya başgicəllənmə ilə göstərir. Bu hallar müşahidə edilən zaman dərhal həkimə müraciət etmək lazımdır.

Rotavirusa yoluxmuş böyüklər, qida rasionuna diqqət etməlidir.

“Tam taxıllı çörək, yağsız ət, qatıq, meyvə və tərəvəz yemək lazımdır. Rotavirus infeksiyası zamanı qazlı içkilər, alma şirəsi, qatıqdan başqa süd məhsullarından uzaq olmaq lazımdır. Mədəni qıcıqlandıra biləcək hər hansı bir maddədən, o cümlədən kofein, spirt və nikotin istehlak edilməməlidir. İshal bir neçə gündən çox davam edərsə, itirilən mayeləri və mineralları bərpa etmək üçün həkim məsləhəti sistem qoşula bilər” - deyə o qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »