Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"31 avqust Brüssel görüşü Azərbaycan üçün uğurlu bir proses oldu"
"31 avqust Brüssel görüşü Azərbaycan üçün uğurlu bir proses oldu"

Ötən gün Brüsseldə Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüssel formatı çərçivəsində növbəti 4-cü görüş keçirildi. Brüssel çərçivəsində sonuncu görüş may ayının 22-də keçirilmişdi. Avqustun əvvəlləri üçün növbəti görüşün keçirilməsi planlaşdırılırdı.

“May ayının 22-də keçirilən görüş zamanı Ermənistan, Nikol Paşinyan kifayət qədər ciddi öhdəliklər götürmüş və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı prosesə ilkin olaraq start da verilmişdi. Məsələn Xarici İşlər Nazirləri Tbilisidə görüşün keçirilməsi Baş nazirlərin müavinləri səviyyəsində delimitasiya kommisiyasının görüşünün keçirilməsi, eyni zamanda iyun ayına qədər erməni silahlı birləşmələrinin qalıqlarının çıxarılması kimi məsələlər gündəliyə gətirilmişdi və ciddi ümidverici nəticələr gözlənilirdi. Təəssüf ki, Ermənistan tərəfindən götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımların atılmaması, əksinə bölgədə təxribat xarakterli həm Ermənistan-Azərbaycan sərhəddində həm də Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə separatçılar tərəfindən təxribatların törədilməsi 22 may görüşünün nəticələrini ciddi sual altında qoymuşdu. Hətta avqustun 3-də Azərbaycan ordusuna qarşı törədilən təxribatlar nəticəsində bir əsgərimiz şəhid edilmiş, buna cavab olaraq Azərbaycan düşməni sülhə məcbur etmə öhdəliklərini yerinə yetirmə prosesinə başlamış, qısa müddətli “Qisas” əməliyyatı keçirmişdi. Məhz bu əməliyyatdan sonra Ermənistan tərəfinin yenidən hadisələrə reallıqlar prizmasından baxma imkanları yaranmışdı”.

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb. Ekspert hesab edir ki, 4-cü Brüssel formatının aktuallaşmasını həm də “Qisas” əməliyyatından sonra formalaşan geosiyasi, hərbi mühit zəruri edirdi. Beləliklə, məhz Laçın şəhərindən yeni alternativ yola keçirilməsi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması ilə bağlı qısa müddət ərzində ciddi addımlarən atılması və Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, görüş xatirinə görüş deyil ,predmetli görüşün keçirilməsi, nəticəyönümlü görüşün keçirilməsi istiqamətində, Ermənistan tərəfindən də addımların atılması, işartıların görünməsi növbəti görüşü zəruri etdi.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Ötən gün Brüsseldə lidelərin arasında Şarl Mişelin iştorakı ilə çox ciddi bir görüş keçirildi. Bu görüş zamanı çox ciddi nəticələr əldə olundu. Xüsusi ilə də Azərbaycan dövlətinin irəli sürdüyü bir çox istiqamətlər də tələblər, həm beynəlxalq ictimaiyyət həm də Avropa ittifaqı şurası tərəfindən, eyni zamanda qarşı tərəf olan Ermənistan tərəfindən qəbul edilmək məcburiyyətində qaldı. Ermənistan Azərbaycan arasında sülh prosesinin başlanması istiaqmətində xarici işlər nazirləri səviyyəsində görüşlərin, təmasların mütəmadi xarakter alması və bu görüşlərin artıq predmetli müzakirəyə çevrilməsi ilə bağlı razılığın əldə olunması, baş nazirlərin müavinləri səviyyəsində delimitasiya və iqtisadi nəqliyyat kommuniaksiya əlaqələrinin açılmasına xidmət edəcək görüşlərin keçirilməsi və bu istiqamətdə də irəliləyişlərin əldə olunması, Azərbaycanın qərb rayonlarını Naxçıvan bölgəmizlə birləşdirəcək Zəngəzur dəhlizi istiqamətində xüsusi ilə Ermənistan ərazisindən keçəcək hissəsi ilə bağlı real işlərin görülməsi ilə bağlı məsələlərin gündəliyə gəlməsi və müzakirəyə çevrilməsi və bu istiqamətdə addımların atılması, daha çox humanitar xarakterli proseslərin müzakirə edilməsi və Azərbaycan tərəfinin irəli sürdüyü tələblərin qəbul edilməsi məsələləri müzakirə edildi.

Mina xəritələrinin təqdim edilməsi və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, kütləvi məzarlıqların yerinin verilməsi, təqdim edilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi məsələləri də öz həllini tapacaq.

Nəhayət, mən hesab edirəm ki, burada vacib məqamlardan biri baş nazirlərin müavinləri səviyyəsində işçi qrupunun növbəti görüşünün Rusiyanın iştirakı olmadan Brüsseldə iki tərəfli şəkildə keçirilməsinin razılığının əldə olunmasıdır. Bu da artıq onu deməyə imkan verir ki, Ermənistan birbaşa Azərbaycanla ünsiyyətin qurulması və heç bir tərəfin iştirakı olmadan münaqişə edən tərəflərin masa arxasına əyləşərək məsələləri müzakirə etməyin,mövcud vəziyyətdən çıxışın yeganə yol olduğunu dərk edir. Bu da eyni zamanda Azərbaycanın diqtə etdiyi tələblərin tərəflər arasında artıq müzakirə mövzusu olmadığını, qarşı tərəfin də bunu qəbul etmək məcburiyyətində qaldığını göstərir” - deyə politoloq əlavə edib.

Politoloq qeyd edir ki, bu görüş çox ciddi nəticələrlə yadda qalıb. Onun fikrincə, görüş zamanı əldə olunan nəticələrin real sahədə əməli addımlarını, əməli gedişlərini müşahidə edə biləcəyik. Bu, daha çox Ermənistan və Azərbaycan arasındakı müxtəlif istiqamətli münasibətlərin qurulması ilə bağlı sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupun fəaliyyətinin gücləndirilməsi və səmərəliyinin artırılması istiqamətində xüsusi ilə də Azərbaycan tərəfindən əsas işləri demək olar ki, yekunlaşmaq üzrə olan Zəngəzur dəhlizinin Ermənistan hissəsindən keçəcəyi ilə bağlı real addımların, praktiki işlərin başlanması istiqamətində olacaq.

“Ümumiyyətlə götürdükdə, 31 avqust Brüssel görüşü Azərbaycanın maraqları, region xalqlarının maraqları, sülhün təmin edilməsi istiqamətində çox uğurlu bir görüş və nəticəyönümlü bir proses oldu. Mən hesab edirəm ki bu görüşün nəticələrini yaxın aylar da görə biləcəyik” - deyə politoloq vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »