Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna müharibəsinin yeni mərkəzi: “Krımın açarı” uğrunda çarpışma
Ukrayna müharibəsinin yeni mərkəzi: “Krımın açarı” uğrunda çarpışma

6 aydan sonra müharibə yeni dövrə qədəm qoyub. Ukrayna cənubda əks hücuma keçib. Krımın açarı uğrunda toqquşmalar tam sürətlə davam edərkən, hər iki tərəfin itkiləri ilə bağlı diqqətçəkən açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, fevralın 24-ü səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə can almaqda davam edir. Müharibənin ilk günündən ölkənin paytaxtı Kiyevi əsas hədəf seçən Rusiya ordusu həftələrlə mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib.

Bu çərçivədə Rusiya bu bölgənin bir çox şəhərini hədəfə alaraq “Donbasdakı son qala” olaraq da bilinən Lisiçanskın nəzarətini təmin edib. Bundan sonra Donetsk bölgəsində qarşıdurmaların şiddətlənməsi ilə bazar ertəsi günündən etibarən müharibə yeni mərhələyə qədəm qoyub.

Belə ki, Ukrayna qoşunları Xerson istiqamətində əks hücuma keçib. Hər iki tərəfdən ziddiyyətli açıqlamalar gəlsə də, CNN İnternational regiondakı son vəziyyəti dünyaya açıqlayıb. Adı açıqlanmayan hərbi mənbə CNN International-a bildirib ki, Ukrayna qüvvələri Xerson şəhərindən təxminən 23 kilometr cənub-qərbdə Pravdyne, Nova Dmitrivka və Tomina Balkanı ələ keçirib. Eyni mənbə Ukrayna qüvvələrinin Xerson şəhərinin cənubunda irəliləyişini davam etdirdiyini iddia edib.

"Mən eşitmişəm ki, 1000 ukraynalı və 1500 Rusiya hərbçisi öldürülüb",- deyə Yunanıstanın Xersondakı fəxri konsulu Pantelis Boubouras bölgədəki münaqişə haqqında Əl-Cəzirə telekanalına deyib.

Rusiya Müdafiə Nazirliyi Xerson vilayətində Kryvyi Rohun geri alınması cəhdi zamanı 1200 Ukrayna əsgərinin öldüyünü açıqlayıb və ərazi itkisinin olmadığını iddia edib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz verib.

Bildirilir ki, Xersonun geri alınması digər işğal olunmuş şəhərlərə də ümidi artıracaq. Bundan başqa, şəhəri alaraq Zelenskinin göstərdiyi Krım yolunu da açacaq. Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma yol açmaq üçün mübarizə aparır. Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini şərh edirlər.

Bundan əlavə, Zelenski Ukrayna əsgərlərinin Rusiya ordusunu sərhədə qədər izləyəcəyini bildirib. Rusiya əsgərlərinə müraciət edən Zelenski “Əgər sağ qalmaq istəyirlərsə, qaçmağın vaxtıdır” deyib və təslim olmaq çağırışını təkrarlayıb.

Məlumat üçün bildirək ki, Rusiya aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar heç vaxt yenilənməyib.

Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə on minlərlə hərbçinin öldüyünü göstərir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »