Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Moldovanı da hədələyir: “Əlimizdən gələni edəcəyik”
Rusiya Moldovanı da hədələyir: “Əlimizdən gələni edəcəyik”

Rusiya xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada keçirilən forumda Moldova sərhədləri daxilində yerləşən və müstəqilliyini birtərəfli elan edən Dnestryanı bölgə ilə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Dnestryanı bölgənin Moldovanın bir hissəsi olduğunu qeyd edən Lavrov, burada əsasən rus və rusdilli insanların, o cümlədən 200 minə yaxın Rusiya vətəndaşının olduğunu bildirib.

Rusiya sülhməramlılarının bu bölgədə olmasına diqqət çəkən Lavrov deyib: “İndi biz və Dnestryanı administrasiyası birbaşa dialoqun bərpasının tərəfdarıyıq. Dnestryanı hökuməti buna hazırdır. Kişinyov administrasiyasını buna çağırırıq. Amma Sandu (Moldova prezidenti – red.) və komandasının bəyanatlarına əsasən, onlar ABŞ və Avropa İttifaqının göstərişi ilə bu dialoqun olmasını istəmirlər. Görünür, onlar bu məsələnin qeyri-diplomatik yolla həll olunacağına ümid edirlər”.

Moldovadakı vəziyyəti diqqətlə izlədiklərini qeyd edən Lavrov "Moldovadakı rus və rusdilli əhalinin maraqlarına heç bir şəkildə zərər vurulmaması üçün əlimizdən gələni edəcəyik",- deyə bildirib.

Moldovada Dnestryanı bölgəsindən başqa Qaqauz Muxtar Vilayətinin də olduğuna diqqət çəkən Lavrov “Bu bölgə də xüsusi statusa sahib olmaq istəyir. Əslində sözügedən bölgənin bəzi xüsusi status elementləri var. Düşünürəm ki, Moldova administrasiyası Qərbin yeritdiyi geosiyasi oyunlardan əl çəkərək çiyin-çiyinə yaşayan insanların maraqlarını nəzərə alaraq düzgün addım atacaq”,- deyə vurğulayıb.

Xatırladaq ki, Moldova 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan etdikdən sonra Dnestr çayının şərq sahilində yerləşən Dnestryanı Rusiyanın dəstəyi ilə birtərəfli qaydada müstəqilliyini elan edib.

Moldova ilə Dnestryanı arasında müstəqillik elan edildikdən sonra başlayan silahlı münaqişələr 22 iyul 1992-ci ildə atəşkəslə başa çatıb.

1993-cü ildə Moldova və Dnestryanı arasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində həll danışıqları başladı. ATƏT çərçivəsində 5+2 formatında aparılan danışıqlarda Dnestryanı, Moldova, Rusiya, Ukrayna, ABŞ və ATƏT və Avropa İttifaqının (Aİ) nümayəndələri iştirak edir.

Qeyd edək ki, Moldova tərkibində birtərəfli qaydada müstəqilliyini elan edən və Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan heç bir ölkə tərəfindən tanınmayan Dnestryanı bölgənin öz siyasi quruluşu, parlamenti, ordusu, polisi və poçt sistemi var.

Bildirilir ki, “sülhməramlı qüvvələr” adlandırdığı hərbi hissələrini Dnestryanı bölgəyə yerləşdirən Rusiya regiona dəstək üçün hər il milyonlarla dollar köçürür.

Rusiyanın Sovet İttifaqı dövründə İkinci Dünya Müharibəsindən qalan ən böyük arsenalı Dnestryanıdakı Kobasna kəndində yerləşir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »