Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən ABŞ-a acı sürpriz: "Kızılelma" "F-16"-ları tarixə göndərir
Türkiyədən ABŞ-a acı sürpriz: "Kızılelma" "F-16"-ları tarixə göndərir

Türkiyədə 30 avqust Zəfər bayramının 100-cü ildönümü qeyd edildi. Samsun şəhərində bayramın 100-cü ildönümü ilə bağlı keçirilən “Texnofest” sərgisində Türkiyənin son illər hərbi sahədə əldə etdiyi yeniliklərin və uğurların göstəricisi olan bir çox pilotsuz uçuş aparatları, o cümlədən, 44 günlük Qarabağ müharibəsində öz adını qızıl hərflərlə yazdırmış “Bayraktar TB-2”, həmçinin yeni istifadəyə verilmiş “Akıncı” və başqa silahlı pilotsuz uçuş aparatları sərgini ziyarətə gələn bir çox vətəndaşlara, xarici qonaqlara nümayiş etdirilib.

Bayramla əlaqədar keçirilən bu sərgidə Türkiyənin məşhur “Baykar Teknoloji” şirkətinin yeni layihəsi olan “Baykar Kızılelma” pilotsuz döyüş təyyarəsinin nümayişi keçirilib. Şirkətin texniki müdiri, mühəndis Selçuk Bayraktar sərgi vasitəsilə ilk dəfə nümayiş etdirilən Türkiyənin və dünyanın ilk pilotsuz döyüş təyyarəsi barədə yerli mətbuata açıqlama verərək, bildirib ki, bu, həm Türkiyədə, həm də dünyada bir ilkdir və növbəti ilin ilk altı ayı ərzində “Kızılelma”nın uçuş testlərinin keçirilməsi nəzərdə tutulur. Bayraktarın bildirdiyinə görə, “Kızılelma”nın kütləvi istehsalına hələ başlanılmayıb və bu təyyarənin ilk prototip sınaq uçuşlarından sonra əgər ciddi problemlərlə üzləşilməsə, digər uçuş aparatları kimi kütləvi istehsalına başlanılacaq. Bununla belə, bir çox xarici ölkədən hələ kütləvi istehsalı başlamamış və ilk sınaq uçuşu keçirilməmiş “Baykar Kızılelma” pilotsuz döyüş təyyarəsi üçün sifarişlər var.

“Bayraktar TB-2” və “Akıncı” silahlı pilotsuz uçuş aparatlarından fərqli olaraq, “Kızılelma” pilotsuz döyüş təyyarəsi reaktiv mühərrikə sahibdir və havada beş saat qala bilir. 4-cü nəsil döyüş təyyarələrinə bərabər, hətta onlardan daha üstün keyfiyyətə malik olan “Kızılelma” həm də düşmən radarında görünməzliyi, o cümlədən yüksək manevr qabiliyyəti və 1500 kq faydalı yük götürmə qabiliyyəti ilə tarixdə bir ilkə imza atır. Pilotsuz döyüş təyyarəsinin başqa xüsusi keyfiyyətlərindən biri də 12 min metr yüksəklikdən və saatda 800 km sürətlə uçmasıdır ki, bu da ABŞ-ın “F-16 Falcon” qırıcı təyyarələri ilə eyni göstəricidir. Həmçinin, “Kızılelma” üzərində götürdüyü döyüş sursatlarını gövdə daxilində saxlaya bilir, bu da təyyarənin düşmən radarlarından maksimum “itməsini” asanlaşdırır. Bu keyfiyyət isə ABŞ-ın 5-ci nəsil “F-35 Falcon” və “F-22 Raptor” döyüş təyyarələrində mövcuddur.

Selçuk Bayraktar ABŞ və müttəfiqlərinin Türkiyəyə tətbiq etdiyi sanskiyaların əslində Türkiyəyə zərərdən çox xeyir verdiyini və bu sanksiyalar nəticəsində Türkiyənin özünün yeni nəsil hərbi texnologiyalar üzərində çalışdığını, dünya müdafiə sənayesi sahəsində böyük uğurlara imza atdığını bildirir.

Məlumat üçün bildirək ki, ABŞ “F-16” və “F-35” proqramları çərçivəsində bir neçə il öncə Türkiyəyə bu qırıcı təyyarələrin verilməsi barədə danışıqlar aparmış olsa da, Türkiyənin Rusiyadan “S-400” almasından və Ukrayna müharibəsinin başlamasından sonra təyyarələrin təhvil verilməsi barədə razılıqdan imtina edib. Onu da qeyd edək ki, 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycana ixrac edilən “Bayraktar TB-2”-lərə görə Kanada Türkiyəyə bu uçuş aparatlarının kamera sistemini satmaqdan imtina etmiş və bu sahədə sanksiya siyasətinə əl atmışdı. Ancaq bu gün həmin Kanada Türkiyədən “Bayraktar TB-2” alıb, Ukraynaya göndərə bilmək üçün vətəndaşlarından ianə toplayır. Vaxtilə Kanadanın “Bayraktar TB-2”-lər üçün satmaqdan imtina etdiyi həmin kamera sistemləri bu gün Türkiyənin başqa bir hərbi texnologiya şirkəti olan “Aselsan” tərəfindən hazırlanır və təkmilləşdirilir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »