Rusiya vətəndaşlarını öz ərazisinə buraxmaq istəməyən ölkələrin sayı getdikcə artır. Xüsusən Rusiyanın Avropa İttifaqına üzv olan qonşuları bu məsələdə daha çox israrlıdır. Əgər Avropa Komissiyası bu barədə qəti qərar verməsə, o halda, dövlətlər özləri ayrı-ayrılıqda öz ölkələrinə səfərlər zamanı ruslara məhdudiyyət tətbiq etməyi planlaşdırırlar.
Bizimyol.info xəbər verir ki, Çexiyanın paytaxtı Praqada Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir. Görüşdə əsas müzakirə mövzularından biri Rusiya vətəndaşlarına viza verilməsində məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Finlandiya, Estoniya, Latviya, Litva və Polşa tələb edir ki, Avropa Komissiyası qətiyyətli olub, Rusiya vətəndaşlarının Avropa İttifaqı ərazisinə səfərlərini məhdudlaşdırsın. Bu haqda “Financial Times” məlumat yayıb.
Ukrayna müharibəsinə görə ruslara qarşı viza məhdudiyyətilə bağlı müzakirələr bir neçə həftədir davam edir. Fransa, Almaniya, Portuqaliya, Yunanıstan və Kipr bunun əleyhinədir. Almaniya və Fransa əksinə, rusların Avropaya girişini asanlaşdırmağı, Rusiyada media savadlılığı kurslarının açılmasını və Ukraynada gedən döyüşlərə etiraz edən ruslara dəstək verilməsini təklif edir.
Avropa Birliyi ərazisinə Rusiya vətəndaşlarının səfərlərini məhdudlaşdırmağı təklif edən dövlətlərin rəsmiləri ictimai təhlükəsizlik baxımından da bunu vacib sayır: “Rusiya vətəndaşlarının sərhədlərimizə daha çox axını ilə bağlı ictimai təhlükəsizlik problemləri yaranır. Bu problemlərin həlli üçün milli səviyyədə də olsa, müvəqqəti tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirəcəyik”.
“Financial Times”ın məlumatına görə, Rusiya və Ukrayna arasındakı müharibə başlayandan sonra 700 minə yaxın rusiyalı ölkəni tərk edərək, Avropaya gedib.
Bir sıra avropalı siyasətçilər, o cümlədən Almaniya kansleri Olaf Şolz viza məhdudiyyəti məsələsində fərqli fikirdə olsa da, qadağa təklifini dəstəklərənlər də az deyil. Avqustun 31-də müzakirələr zamanı Danimarkanın Xarici İşlər naziri Yeppe Kofod rusiyalı turistlərə Şengen vizası verilməsinə qadağa qoyulmasını dəstəklədiyini açıqlayıb.
Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının üzvü Dmitri Medvedev Avropa ölkələrinin ruslara qarşı viza qadağasını müzakirə etməsini “rusofob gülünclük” kimi qiymətləndirib: “Viza verilməsinə tam qadağa qoysunlar və hamı Avropanın Rusiya vətəndaşlarına qarşı necə davrandığını görsün, onların münasibətinə əmin olsun. Avropalılar bununla bir daha əsl üzlərini göstərəcək. Bununla həm də Rusiya və vətəndaşlarını yalan və aldadıcı vədlərlə hərbi əməliyyatlardan daha az yayındırarlar”.
Aytən, Bizimyol.info