Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da su böhranı: Bayden fövqəladə vəziyyət elan etdi
ABŞ-da su böhranı: Bayden fövqəladə vəziyyət elan etdi

ABŞ-ın Cənub Missisipi ştatı yayın ortasında böyük su böhranı ilə mübarizə aparır.

Bizimyol.info xəbər verir ki, ötən həftə bölgədə yağan güclü yağış və daşqınlar əyaləti içməli su ilə təmin edən sutəmizləyici qurğunu yararsız hala salıb. Cekson şəhərində minlərlə insan nəinki içməyə, hətta qab-qacaq yumağa, məişətdə istifadə etməyə su tapa bilmir.

Böhranın nə vaxt həll olunacağı bilinməsə də, ABŞ prezidenti Co Bayden böhranla bağlı fövqəladə vəziyyət elan edib. Ağ Evdən verilən açıqlamada böhranın həlli üçün lazım olan maliyyənin 75 faizinin federal hökumət büdcəsindən xərclənəcəyi qeyd edilib. Milli Təhlükəsizlik Departamentinə və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə də təbii fəlakətlə mübarizə aparmaq tapşırılıb.

Missisipi ştatında Milli Qvardiya səfərbər olub, elan edilmiş fövqəladə vəziyyət çərçivəsində məktəblər, müəssisələr və restoranlar bağlanıb.

Bundan əlavə, qubernator Tate Reeves əhaliyə kran suyu içməmək barədə xəbərdarlıq edib. Ceksonda minlərlə insana təmiz su şüşələri paylanmağa başlanıb.

Qeyd edək ki, Missisipidə suyun təmizlənməsi ilə bağlı problemlər əvvəllər də mübahisələrə səbəb olmuşdu.

Digər tərəfdən, son böhran həm də Demokratlar və Respublikaçı rəsmilər arasında irqçiliklə bağlı müzakirələrə səbəb olub. Əhalisi 80 faizdən çox qaradərili olan Ceksonun Demokratik Bələdiyyə Başçısı Çokve Antar Lumumba Missisipi ştatının respublikaçı qubernatoru Teyt Rivsi şəhərə kifayət qədər vəsait ayırmamaqda ittiham edib.

"Biz son iki ildə bu problemlərlə təkbaşına mübarizə aparırıq",- deyə Lumumba bildirib.

Məlumat üçün bildirək ki, iqlim mütəxəssisləri qlobal istiləşmənin etibarlı su təchizatını təhdid etdiyini və Missisipidəki kimi böhranın bir çox yerdə baş verə biləcəyini qeyd edirlər.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »