Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Çini "düyü pəhrizi"nə salacaq: "Rusiya qədər dözümlü ola bilməyəcəklər"
ABŞ Çini "düyü pəhrizi"nə salacaq: "Rusiya qədər dözümlü ola bilməyəcəklər"

ABŞ və Çin arasındakı böyük güc rəqabətinin müharibəyə gətirib çıxaracağı ilə bağlı suallar bir müddətdir ki, gündəmdədir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu ayın əvvəlində Tayvana səfəri zamanı gərginlik artıb. Problemli bölgə kimi tanınan Tayvan, siyasi və hərbi sahədə Çinin ən zəif yeri hesab olunur və ABŞ Tayvan vasitəsilə Çini ritmik şəkildə idarə etməyə davam edir.

Hərbi analitiklər bildirirlər ki, dünyanın iki ən böyük iqtisadiyyatı ilə iki böyük hərbi gücü arasında baş verəcək müharibə bütün regionu əhatə edəcək və bu, qısamüddətli yox, uzun zaman alacaq. ABŞ və Çin də iki böyük nüvə dövlətidir. Analitiklər qeyd edirlər ki, müharibə baş verəcəyi təqdirdə hər iki güc də nüvə silahı seçimini itirmək istəməyəcək və bundan maksimum faydalanmağa çalışacaq. Uzun illər “Qarşılıqlı və Zəmanətli müharibə” nəzəriyyəsinin nüvə müharibəsinin qarşısını alacağı iddia edilirdi. Ancaq indi bəzi analitiklərin fikrincə,bu nəzəriyyə ABŞ və Çin arasındakı müharibədə o qədər də etibarlı olmaya bilər.

XXI əsrdə həm dünya müharibəsinin, həm də nüvə müharibəsinin mümkün olmadığını iddia edənlərin səsi indi əvvəlkindən qat-qat zəifdir. ABŞ Çinə “ekzistensial” təhlükə kimi baxdığından və Çin özünü bu keyfiyyətə uyğun hazırladığından və ya hazırlaması gözlənildiyindən, müharibə həmişə “ehtimal” olaraq qalır. Bu kontekstdə analitiklər daha çox Birinci Dünya Müharibəsinə istinad edirlər. 1914-cü ilə qədər Almaniya və İngiltərə arasında imperialist rəqabətinin dünya müharibəsinə gətirib çıxaracağını çətin ki, kimsə düşünərdi. Başlananda isə bu müharibənin qısamüddətli və yerli-regional xarakter daşıyacağı gözlənilirdi.

Təbii ki, Amerikada Çinin ABŞ-la müharibə riskinə girməyəcəyini müdafiə edən strateqlər var. Bu fikri dəstəkləyənlərdən biri də  məşhur amerikalı hərbi strateq Edvard Luttvakdır. Luttvak fikirlərini iyul-avqust aylarında yayımladığı “twitter” mesajlarında ifadə edib. Luttvakın müddəası ondan ibarətdir ki, dünyanın ən böyük əhalisi olan Çin qida üçün xarici mənbələrdən asılıdır. Strateqin fikrincə, sanksiyalar Rusiyanı yox, Çini ac qoyacaq. Bu, Çini döyüşməkdən saxlayır. Buna görə də Luttvak deyir: “Çin Xalq Respublikasının dediyi heç nə bizi çəkindirə bilməz”.

Çinin bu günə qədər dünyanın 1 nömrəli qida idxalçı ölkəsi olduğunu ifadə edən Luttvak, Çinin ABŞ, Kanada, Avstraliya və Avropa Birliyi ölkələrindən heyvan yemi idxal edən ölkələr arasında birinci yerdə olduğuna da diqqət çəkir. Müvafiq olaraq, “G-7” sanksiyaları Rusiyaya ziyan vurur, lakin sanksiyalar Rusiyanı dayandıra bilmir, çünki onun öz qidası və digər enerji mənbələri var. Luttvak bu üstünlüklərə sahib olmayan Çinin müharibə ssenarilərini “fantaziya” və “blef” kimi dəyərləndirir.

Çinin anbarlarında çoxlu miqdarda düyü olduğunu qeyd edən Luttvak, bu məhsulların zülal tərkibli olmadığını qeyd edir. Çinin hər il 150 milyon ton zülal idxal etdiyini deyən strateqin sözlərinə görə, yalnız G-7 sanksiyaları Çinin zülal tədarükünü blokadaya ehtiyac olmadan kəsə bilər: “Çin Rusiya deyil, çünki zülalını ABŞ və müttəfiqlərindən idxal edir, döyüşə bilməz. “G-7” sanksiyalarını tətikləyən hər hansı bir hərəkət Çini “Mao pəhrizinə” salacaq” – deyə, amerikalı strateq bildirib.

Luttvak həmçinin Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) boş təhdidlər etdiyini və ABŞ ilə Yaponiyaya qarşı müharibə variantının olmadığı fikrini müdafiə edir. Streteq Çinin ABŞ-a qarşı güc tətbiq etməsi ehtimalını istisna etmir, lakin bunun intihar cəhdi olacağını bildirir.

Mövcud şəraitdə Çinin müharibə edə bilməyəcəyinə inam ABŞ-ı Çinə qarşı daha rahat hərəkət etməyə sövq edə bilər. “ABŞ-a bərabər böyüklük” iddiasında olan Çin üçün geri çəkilmək psixoloji cəhətdən çətin hesab olunur. Çünki Çin 19-cu əsrdə Qərb dövlətləri tərəfindən təhqirlərə məruz qalıb. Beləliklə,indi bu dövlət təkcə keçmişdən gələn incidilmə hissinin yaratdığı güclü psixoloji reallıqla müharibəyə başlaya bilər.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »