Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə şirkəti Rusiyaya “Bayraktar” satmadığına görə təhdid olunur
Türkiyə şirkəti Rusiyaya “Bayraktar” satmadığına görə təhdid olunur

İndi “Bayraktar” adı Kremli çox qıcıqlandırır. Türkiyə şirkəti “Baykar”ın istehsal etdiyi pilotsuz uçuş aparatları Ukrayna müharibəsində nəyə qadir olduğunu ortaya qoyur. Rusiya ordusunun mövqelərinə bir-birinin ardınca ağır zərbələr endirilir. Kreml “Bayraktar”ın qarşısını almaqda açıq-aşkar acizdir. Buna görə də rusiyalıların Türkiyə şirkətinə aqressiyası müşahidə edilir.

Bizimyol.info xəbər verir ki, “Baykar” və “Bayraktar” ailəsi Rusiyaya dron satmamaq qərarına görə təhdid olunur. Rusiyanın Kremlə yaxınlığı ilə seçilən “Killnet” haker qrupu hədə mətni yayıb. Mətndə Türkiyə də Ukrayna və bir sıra başqa ölkələr kimi düşmən adlandırılıb.

“Baykar”ın baş direktoru Haluk Bayraktarın jurnalistlərin Rusiyanın böyük pul təklif edəcəyi halda dron satmaq ehtimalı ilə bağlı sualına cavabı rusiyalıları özündən çıxarıb. Şirkətin rəsmisi Moskvaya heç bir halda pilotsuz uçuş aparatı satmayacaqlarını bildirməsi təhdidlə nəticələnib.

Haluk Bayraktar Haluk Bayraktar

Ukraynada “Bayraktar” fabriki açılması xəbəri də Rusiyada isti qarşılanmamışdı. Kreml dərhal müəssisəyə zərbə endiriləcəyini bildirmişdi. Buna baxmayaraq, rəsmi Kiyev geri çəkilmək fikrində deyil.

“Bayraktar”ın müharibələrdəki əhəmiyyətini indi dünyanın az qala hər yerində anlayırlar. Türkiyənin pilotsuz uçuş aparatları Liviya, Suriya, Qarabağ müharibələrində özünü müsbət tərəfdən göstərib. Buna görə də Ukrayna ordusuna kömək etmək istəyənlər daha çox dron almağa üstünlük verir. Litva və Polşada sadə insanlar “Bayraktar” əldə etmək üçün milyonlarla avro toplayıb. Amma “Baykar” son nəticədə həmin dronları hədiyyə etdiyini bildirib. Elə bu özü də Kremli qıcıqlandıran məqamdır.

Ukraynada “Bayraktar”a böyük rəğbətlə yanaşırlar. Pilotsuz uçuş aparatının şərəfinə hətta mahnı da bəstələnib. “Bayraktar”a görə ölkənin müxtəlif yerlərində “Baykar”ın rəhbəri Selçuk Bayraktarın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərini görmək mümkündür. Şirkət rəhbərliyi müharibədə Ukraynanı dəstəklədiyini gizlətmir. Ərdoğan isə açıq mətnlə Krımın işğal edildiyini dilə gətirir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »