Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səlim Müslümovun işi üzrə məhkəmə keçirilib - Foto
Səlim Müslümovun işi üzrə məhkəmə keçirilib - Foto

27 milyon manatlıq mənimsəmə, rüşvət alma və başqa əməllərdə ittiham olunan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ev dustaqlığında olsa da, Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxılır.

Bizimyol.info xəbər verir ki, avqustun 29-da hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə iclasında Səlim Müslümov haqqında ittiham aktında yazılanlar elan edilib. Prokuror sabiq nazirə qarşı 27 milyon manatlıq ittihamların nədən ibarət olduğunu açıqlayır.

İttiham aktının elanı ötən məhkəmə iclasından başlayıb, avqustun 29-da davam edib. Lakin budəfəki məhkəmə iclasında da yekunlaşmayıb. Məlum olub ki, ittiham aktının nəticə hissəsi 107 səhifədən ibarətdir.

İttihama əsasən, Səlim Müslümov şəhid ailələri və Qarabağ əlilləri üçün fərdi yaşayış evlərinin tikintisilə bağlı müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət almaqda təqsirləndirilir. Hətta bəzi hallarda büdcədən vəsait ayrılsa da, evlər tikilməyib. Amma rəsmi sənədlərdə tikintinin başa çatdırıldığı göstərilib.

Səlim Müslümov həmçinin Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müxtəlif rayonlardakı şöbələrinə rəhbər təyin olunmuş şəxslərdən rüşvət almaqda ittiham olunur. Eləcə də nazirliyin tabeliyindəki müəssisələrdə (sanatoriyalar və s) təmir-tikinti zamanı yeyintiyə yol verməkdə ittiham olunur.

Səlim Müslümov məhkəmədə Səlim Müslümov məhkəmədən çıxarkən

Səlim Müslümov 27 milyonluq ziyandan istintaq zamanı 20 milyonunu ödəyib. İstintaqın hesabladığı ziyandan təxminən 7 milyon manat qalıb.

Sabiq nazirin məhkəməsi sentyabrın 5-də davam edəcək.

Səlim Müslümov məhkəmənin binasından gizli şəkildə arxa qapıdan çıxıb ki, jurnalistlər onu görüb çəkə bilməsin. Tanınmamaq üçün başına da papaq qoyub. 10-XC-013 nömrəli avtomobil məhkəmənin arxa qapısına gəlib və Səlim Müslümov vəkilləri və məhkəmədə iştirak edən tanışlarının əhatəsində gizlənərək avtomobilə əyləşib.

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib. 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb,

Sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Sabiq nazir CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »