Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kürəkənimi şərləyiblər, işgəncə veriblər, tutduğumuz vəkili ona görə yanına buraxmırlar”
“Kürəkənimi şərləyiblər, işgəncə veriblər, tutduğumuz vəkili ona görə yanına buraxmırlar”

Mingəçevir sakini Həmdiyə Məmişov kürəkəninin polis əməkdaşları tərəfindən qanunsuzluqla üzləşdiyini deyir. Onun sözlərinə görə, kürəkəni Orxan Şəfiyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının sifarişilə Mingəçevirdə saxlanılıb, daha sonra Bakıya gətirilib və ona aidiyyəti olmayan narkotik maddə ilə ağır ittiham verilib.

Bizimyol.info xəbər verir ki, Orxan Şəfiyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Həmdiyə Məmişovun dediyinə görə, kürəkəninin Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlandığını, iki saat sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçilərinə təhvil verildiyini təsdiqləyən faktlar var: “

“Bu da açıq-aşkar göstərir ki, onun saxlanması barədə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən sifariş olub. Sifariş əsasında onu Mingəçevirdə polis şöbəsinə gətiriblər. Orada ona işgəncə veriblər. Sonra o biri idarənin işçiləri gəlib, onu Bakıya gətiriblər. Orada da işgəncələrə məruz qalıb. Ağlasığmaz işgəncələr veriblər, ləyaqətini, kişilik qürurunu alçaltmağa cəhd göstərəndə məcbur olub, ona heç bir aidiyyəti olmayan narkotiki boynuna götürüb. Kürəkənimin Mingəçevir polisləri tərəfindən tutulduğunu təsdiqləyən videogörüntü də var. Kürəkənim saxlanılanda üç nəfər olublar. Əvvəl üçünə də külli miqdarda narkotik ittihamı veriblər. Sonradan o birilərdən maddəsini yüngülləşdiriblər. Bizdə olan məlumata görə, pul müqabilində ediblər”.

Həmdiyə Məmişov deyir ki, kürəkəninin müdafiə hüququ da kobud şəkildə pozulur. Ailənin müqavilə bağladığı vəkili onun müdafiəsində iştirak etməyə qoymurlar: “Vəkil tutmuşuq, Ramin Qocayev, onu da yanına buraxmırlar. Niyə? Deməli, gizlədəcək nəsə var ki, vəkili buraxmırlar”.

Vəkil bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə də şikayət edib. Amma nəticəsi olmayıb: “Bu da göstərir ki, heç vəkili də saymırlar. Həm sıravi vətəndaşın hüquqlarını pozurlar, həm də vəkilin...”

Həmdiyə Məmişov Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək bu məsələnin araşdırılmasını, qanunu pozan polis əməkdaşlarının cəzalandırılmasını və kürəkəninin azadlığa buraxılmasını xahiş edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, Həmdiyə Məmişovun dedikləri əsassızdır, onun şəxsi mülahizələridir: “Onun iddiaları cinayət əməlində təqsirləndirilən şəxsi müdafiə etmək məqsədi daşıyır. Bu mülahizələr gözləniləndir, ancaq həqiqəti əks etdirmir. Şəxsin əməli mötəbər sübutlarla istintaq materiallarına əlavə edilib”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »