Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə Suriya müxalifətindən ölkəni tərk etməyi tələb edib" - İran mediası
"Türkiyə Suriya müxalifətindən ölkəni tərk etməyi tələb edib" - İran mediası

Türkiyə hökumətinin Suriyada Bəşər Əsəd administrasiyası ilə dialoqa açıq qaldığına dair açıqlamalar gündəmdə qalmaqdadır.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Ukraynadan qayıdarkən jurnalistlərə verdiyi açıqlamada “Əsədi məğlub edib-etməmək problemimiz yoxdur. Dövlətlər arasında siyasi dialoq və ya diplomatiya kəsilə bilməz”,- deyə bildirib.

Bundan əlavə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da Suriya ilə Türkiyə kəşfiyyat təşkilatları arasında təmasların olduğunu, Türkiyənin Suriya ilə dialoq üçün ilkin şərtlərinin olmadığını bildirib.

2011-ci ildə Suriyada başlayan müharibədə Əsədə qarşı müxalifətə dəstək verən Türkiyənin bu açıqlamaları "Əsədlə yeni səhifə açmaq" üçün hazırlıq kimi qiymətləndirilib. Hətta İran mətbuatından diqqət çəkən bir iddia ortaya atılıb.

İranın “Tasnim” xəbər agentliyi öz xüsusi xəbərində Ankaranın Suriya Müxalif və İnqilabçı Qüvvələri Milli Koalisiyasını (SMDK) Türkiyəni tərk etməyə çağırdığını iddia edib. Bir neçə mənbəyə istinadən xəbərdə bildirilir ki, Dəməşqlə əlaqələrini nəzərdən keçirən Türkiyədən bir rəsmi ötən həftə SMDK prezidenti Səlim əl Muslat ilə görüşüb. Bildirilib ki, Türkiyə rəsmisi görüş zamanı “Ankara Dəməşqlə münasibətləri bərpa etməkdə qərarlıdır və Suriya müxalifəti bu reallığı qəbul etməlidir” deyib.

Tasnim bəyan edib ki, Ankara Suriya müxalifət təşkilatının Türkiyədəki bütün siyasi və media fəaliyyətlərinə son qoyaraq başqa ölkəyə getməsini istəyir. Mənbələr bildirib ki, SMDK lideri Əl Muslat da onun Türkiyəni tərk etmək istəyini qəbul edib və Səudiyyə Ərəbistanına getməyi təklif edib.

Qeyd olunur ki, Suriya Türkmən Məclisinin sədri Əbdülrəhman Mustafa İordaniyaya getməyi təklif edib.

Xəbərə görə, son zamanlar Suriya müxalifətinə yaxın media qurumları Türkiyəni sərt tənqid edən xəbərlər hazırlamağa başlayıb.

Bundan əlavə, Türkiyə xarici işlər naziri Çavuşoğlunun Əsədi Suriyadakı müxalif qruplarla barışdırmaq istədikləri barədə açıqlamasından sonra Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətində olan Azez və Cerablus kimi bölgələrdə Türkiyə əleyhinə aksiyalar təşkil edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »