Yay aylarında ən çox rast gəlinən allergiya növlərindən biri olan günəş allergiyası daha çox 20-40 yaş arası qadınlara təsir edir. Günəş allergiyası dəri səthində qızartı, şişlik, qaşınma, səpgi, sancma və ya yanma hissi kimi əlamətlərlə bir neçə dəqiqə ərzində özünü göstərir.
“Dəri üzərində olan qabarcıqlar adətən, günəşdən qorunduqdan sonra 1-2 saat ərzində yox olur. Lakin bu müddət bəzən 24 saata qədər çəkə bilər. Xroniki və davamlı günəşə məruz qalan yerlərdə həssaslıq yarana bilər. Qadınlar daha çox diqqət etməlidir".
Bu barədə Bizimyol.info xəbər portalına allerqoloq Nərgiz Sultanova danışıb. Mütəxəssis bildirib ki, 11.00-16.00 arasında günəşdən qorunmaq lazımdır.
“Dərmanlar, ətirlər, sabunlar, kremlər və ya bəzi bitki yarpaqları və otlar kimi bəzi kimyəvi maddələr, istehlak edildikdən və ya dəriyə tətbiq edildikdən sonra günəş şüaları ilə təmasda olması günəş allergiyasına səbəb ola bilər. Şüursuz şəkildə istifadə edilən məhsullar xəstəliyi müalicə etmir və kəskinləşməsinə səbəb olur” - deyə allerqoloq Nərgiz Sultanova vurğulayıb.
"Hər səpgi günəşə qarşı allergiya deyil"
Allerqoloq əlavə edib ki, günəş allergiyasının səbəbi bəlli deyil: “Müalicə zamanı yüksək qoruyucu faktorlu günəş kremlərindən istifadə edilməlidir. Günəşdən qoruyucu vasitələr günəşə çıxmadan yarım saat əvvəl çəkilməli və hər 2 saatdan bir, yuyulub qurudulduqdan sonra təkrarlanmalıdır. Unutmaq olmaz ki, yayda baş verən hər səpgi günəşə qarşı allergiya olmaya bilər. Bu səbəbdən dəridə səpgi əmələ gələndə mütəxəssis rəyi alınmalı və həkimin tövsiyyəsi ilə müalicə planlanmalıdır”.
Dəri xərçəngi, ekzema, dermatoz, fotohəssaslıq kimi dəri xəstəlikləri olanlar günəşdən uzaq durmalıdır.
“Günəşə məruz qalmaq bu xəstəliklərdə dəri həssaslığını artıra və xəstəliyə səbəb ola bilər. Xroniki xəstəliklərin günəş allergiyası ilə əlaqəli olduğu sübut edilməyib. Ancaq günəşə davamlı məruz qalmaq dəri xərçəngi kimi bəzi xəstəliklərə qarşı həssaslıq yaradır. Günəşə qarşı allergiya müxtəlif allergiyalarla müşayiət oluna bilər. Sadəcə olaraq həkimə müraciət etmək və dərinizin üzərində olan səpgilərin mənşəyini müəyyən etmək və müalicə lazımdır”,- deyə allerqoloq qeyd edib.
İlahin, Bizimyol.info